İlham Əliyevin yaratdığı reallıq: “Makron başa düşdü ki...”

İlham Əliyevin yaratdığı reallıq: “Makron başa düşdü ki...”

Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı bir sıra siyasi mesajlarla yadda qalıb. 

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq onunla səmimi şəkildə söhbət etməsi ilk baxışda sadə diplomatik jest kimi görünə bilər.

Ancaq bu səhnə əslində illərdir regionda birtərəfli siyasət aparan Fransanın artıq reallıqlarla barışmağa məcbur qaldığının əlaməti idi.Azərbaycanın geosiyasi çəkisi, Türkiyə ilə güclü strateji ittifaqı, regionda nəqliyyat dəhlizləri üzərində artan təsiri Parisin istəsə də, istəməsə də, yeni mövqe formalaşdırmasına səbəb olur. 

Makronun bu jesti, təkcə diplomatik ehtiram deyil, həm də siyasi zərurətdən doğan bir addımdır. Bu, Fransa üçün “diktə edən tərəf” mövqeyindən “anlayan tərəf” mövqeyinə keçidin başlanğıcı ola bilər.

Parisin mövqeyi həqiqətənmi dəyişir?  Ümumiyyətlə, Makronun bu addımı Azərbaycan diplomatiyasının yeni uğur səhifəsi sayıla bilərmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Tural Gəncəliyev bildirib ki, “Avropa Siyasi Birliyi” məhz Avropa İttifaqı ilə onun qonşuluğunda yerləşən, mühüm siyasi, iqtisadi və geosiyasi çəkiyə malik olan, lakin Aİ-yə üzv olmayan ölkələr üçün yaradılmış bir platformadır. 

Onun sözlərinə görə, bu platforma dialoq məqsədi daşıyır, yəni Avropa İttifaqına üzv və qeyri-üzv ölkələr arasında fikir mübadiləsinin aparılması üçün bir məkan rolunu oynayır:

"Bunu eyni zamanda Avropa İttifaqının daha hegemon və yönəldici bir mövqedən çıxış etmək niyyətinin müəyyən mənada neytrallaşdırılması kontekstində də dəyərləndirmək olar. Çünki artıq Avropa İttifaqı Azərbaycan, Türkiyə və ittifaqı tərk etmiş Böyük Britaniya kimi ölkələrlə əməkdaşlıq etməyə can atır. Onlarla ünsiyyət qurmaq, dialoqa girmək, ortaq anlayış formalaşdırmaq üçün bu cür bir platformanın təşəbbüsünü irəli sürüb.

Bu mənada “Avropa Siyasi Birliyi” həm də Avropa İttifaqının öz qonşuluğundakı əsas oyunçularla münasibətləri yeni formatda qurmaq cəhdidir. Tədbirdə xüsusilə diqqətçəkən məqamlardan biri isə Azərbaycan Prezidentinin oradakı rolu oldu. Açıq şəkildə görünürdü ki, Avropa İttifaqının üzv ölkələri, xüsusilə də özünü lider kimi təqdim etməyə çalışan Fransa Prezidenti Emmanuel Makron şəxsən Azərbaycan Prezidentinə yaxınlaşaraq onunla dialoq qurmağa çalışdı.

Bu, həm iki ölkə arasındakı gərgin münasibətlərin fonunda baş verirdi, həm də Emmanuel Makronun münasibətləri daha da kəskinləşdirməmək üçün addım atdığını nümayiş etdirirdi. Bunun əsas səbəbi, şübhəsiz ki, Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi reallıqdır. Fransa və onun təzyiqlərinə baxmayaraq, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı postmünaqişə mərhələsində Azərbaycanın ortaya qoyduğu müstəqil, qətiyyətli və prinsipial xarici siyasət Fransada da ciddi şəkildə qəbul edildi. 

Fransa, nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi düşünürdü ki, Azərbaycana təzyiq göstərmək, müxtəlif alətlər, o cümlədən Ermənistan, beynəlxalq institutlar və qeyri-hökumət platformaları vasitəsilə təsir etmək mümkündür. Lakin Azərbaycan Prezidentinin prinsipial mövqeyi və siyasi çəkisi bu təsir imkanlarını neytrallaşdırdı.

Elə bu səbəbdən də “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Emmanuel Makronun Azərbaycan Prezidentinə yaxınlaşması, dialoqa cəhd göstərməsi, təşəbbüs nümayiş etdirməsi bizə göstərdi ki, artıq geosiyasi reallıq dəyişib. Bu, Azərbaycanın güclənməsinin, bölgədə nüfuz sahibi bir ölkəyə çevrilməsinin açıq göstəricisidir".

Millət vəkili qeyd edib  ki, Emmanuel Makronun bu jestində nə qədər səmimi olub-olmaması, əlbəttə, zamanla bəlli olacaq.

Tural Gəncəliyev vurğulayıb ki, əgər gələcəkdə biz Avropa institutlarında, xüsusilə də Cənubi Qafqazda Ermənistan vasitəsilə Azərbaycana qarşı yönələn yanaşmalarda bir dəyişiklik müşahidə etsək, bunu həmin tədbirdəki diplomatik davranışın davamı kimi dəyərləndirə bilərik. 

"Əks halda, bu, sadəcə Azərbaycan Prezidentinin beynəlxalq platformadakı çəkisinin və siyasi nüfuzunun göstəricisi kimi tarixə düşəcək. Toplantıda iştirak edən liderlərin davranışlarına baxdıqda aydın görünürdü ki, kim hansı çəkidədir, kim hansı reallığı yaradıb. 

Azərbaycanın oradakı yeri, çəkisi və önəmi heç bir şübhə doğurmurdu. Mən, hətta Azərbaycanı Ermənistanla müqayisə etməyə belə ehtiyac görmürəm. Çünki burada məsələ təkcə Ermənistanla bağlı deyil, söhbət Avropa liderlərinin cənab Prezidentə olan münasibətindən, bu münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində atılan addımlardan gedir. Xüsusilə də ev sahibi ölkə olan Albaniyanın Azərbaycan Prezidentinə bəslədiyi hörmət və xüsusi dəvət onu göstərdi ki, Azərbaycan bu platformada mühüm və güclü bir aktor kimi qəbul edilir. 

Halbuki bir neçə il əvvəl “Avropa Siyasi Birliyi”nin keçmiş tədbirlərindən birində Azərbaycana qarşı təxribat xarakterli cəhdlər olmuşdu. Amma bu dəfə, xüsusilə də Fransa və onun Prezidenti Emmanuel Makron başa düşdü ki, indi söhbət başqa reallıqdan gedir.

Fransanın Ermənistan vasitəsilə Azərbaycana qarşı müxtəlif investisiyalar etməsinə, bu istiqamətdə təbliğat yürütməsinə baxmayaraq, Yelisey Sarayında da artıq anlayırlar ki, Azərbaycanla münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında qurmaq lazımdır. Çünki diktə ilə deyil, qarşılıqlı hörmət və bərabər mövqe əsasında qurulacaq əməkdaşlıq gələcək üçün daha dayanıqlı ola bilər".

Səbinə Uğur 
"Cebheinfo.az"