Paşinyan 10 maydan sonra mövqeyini dəyişəcək

Paşinyan 10 maydan sonra mövqeyini dəyişəcək

“Qərb Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasında maraqlı deyil”.

Bu sözləri Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Cebhe.info”-ya açıqlamasında ABŞ-nin mayın 10-da Qazaxıstanın Alma-Ata şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək ikitərəfli görüş barədə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşiyan Qərbin təlimatları əsasında siyasət yürüdür: 

“Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsi de-fakto öz həllini tapıb. Məsələnin de-jure həlli üçün sülh sazişinin imzalanması lazımdır. Bu günə qədər sülh sazişi ilə bağlı müxtəlif platformalarda danışıqlar aparılıb. Təəssüflər olsun ki, istər Moskva, istərsə Brüssel, istərsə də Vaşinqton formatında aparılan danışıqlar fiaskoya uğrayıb. 

Məhz buna görə də Azərbaycan sülh danışıqlarının heç bir vasitəçi olmadan ikitərəfli qaydada aparılmasının tərəfdarıdır”. 

O ki qaldı Alma-Atada iki ölkənin XİN rəhbərləri arasında keçiriləcək danışıqların əhəmiyyətinə, ekspert hesab edir ki, bu danışıqlar hər iki tərəf üçün məqbuldur:

“Birincisi, Ermənistan və Qazaxıstan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İkincisi, Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birilə əməkdaşlıq edir. Heç bir şəkildə inkar oluna bilməz ki, Azərbaycan ilə Qazaxıstan arasında diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər yüksək səviyyədədir. 

Qazaxıstan Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlara vasitəçilik yox, ev sahibliyi edəcək. Hesab edirəm ki, ABŞ və bəzi Avropa ölkələri Alma-Atada Azərbaycan və Ermənistan XİN rəhbələrinin növbəti görüşünün nəticələrindən narahatdırlar. Çünki nə ABŞ, nə də onun müttəfiqləri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasında maraqlıdır. ABŞ, ümumilikdə Qərb koalisiyasının Cənubi Qafqazda möhkəmlənməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi lazımdır. Onu da vurğulayım ki, Nikol Paşinyanı hakimiyyətə gətirən məhz ABŞ olub. Paşinyan öz qərarlarını və addımlarını məhz ABŞ və Fransanın göstərişləri əsasında müəyyən edir. 

Doğrusunu desək, Paşinyan Qərbin əlində siyasi oyuncaqdır. Bu baxımdan, belə bir qənaətə gəlmək olar ki, Alma-Atada görüş keçirilsə də, axırda Paşinyan riyakarlığa əl atıb öz mövqeyini dəyişə də bilər. Bunu Qərb ondan tələb edəcək”. 

Yunis Abdullayev
“Cebhe.info”