Antiterror əməliyyatı başladı: “Bir çox problem həll olunacaq"

Azərbaycan Ordusu Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrin tərkisilah edilməsi istiqamətində antiterror əməliyyatlarına başlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu artıq bir neçə istiqamətdən əməliyyatlar həyata keçirir. Nazirliyin məlumatında qeyd olunur ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məsələsində çox ciddir:
“Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”.
Azərbaycan Ordusunun antiterror əməliyyatlarının budəfəki nəticələri nə olacaq? Bu əməliyyatlarda hansı hədəflər güdürlür? Əməliyyatlarda bölgədəki qeyri-qanuni silahlı birləşmələrin tərkisilah edilməsi, ən əsası da qondarma qurumun buraxılması məsələsi həll olunacaqmı?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bu əməliyyatlarda bir çox problemlər öz həllini tapacaq:
“Hazırda Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrin tərkisilah olunması üçün antiterror əməliyyatları yox, genişmiqyaslı müharibə lazımdır. Çünki antiterror əməliyyatlarının miqyası adətən kiçik olur və bir istiqamətdə aparılır. Erməni silahlı dəstələri Tərtər istiqamətində mülki əhalinin məskunlaşdığı əraziləri daha çox atəşə tuturlar. Ona görə də ilk növbədə Ağdərə istiqamətində Sərsənd Su anbarını və Sərsəng-Kəlbəcər yolu ordumuz tərəfindən nəzarətə götürülməlidir.
Ardınca isə Xankəndidəki separatçı-terrorçu rejimin buraxılması məsələsini diplomatik yolla deyil, hərbi əməliyyatlar vasitəsilə həll etmək lazımdır. Bunun artıq başqa yolu yoxdur. Müharibədən sonra üç il ərzində erməni tərəfi heç bir öhdəliyini yerinə yetirmədilər və məqsədyönlü şəkildə təxribatları çoxaltdılar. Bu, ermənilərin və havadarlarının öz istəyidir. Azərbaycan bu vəziyyətdən səmərəli şəkildə istifadə edib Qarabaın dağlıq ərazilərində dövlət nəzarətini tap bərpa eləməlidir”.
Yunis Abdullayev
Cebhe.info