“Qisas əməliyyatı”: Sülh sazişi arxivə göndərildi?

“Qisas əməliyyatı”: Sülh sazişi arxivə göndərildi?

Ermənistan yenidən təxribat törədib.

Belə ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. 

Buna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin “Qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan uzun müddətdir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Xüsusilə də kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər hələ də icra olunmur. Həmçinin, Ermənistan işğal etdiyi 8 Azərbaycan kəndini hələ də təhvil verməyib. Bütün bunlar Ermənistanın qeyri-konstruktiv mövqeyini göstərir. Təxminən 4-5 aydır sərhəddə nisbi sakitlik idi.

Lakin dünən ermənilər ciddi təxribata əl atdılar və bir əsgərimiz yaralandı. Təbii ki, bu da cavabsız qala bilməzdi. Azərbaycan tərəfi də hər zaman təxribatların qarşılığının veriləcəyini qeyd edib. Nəticədə, Dövlət Sərhəd Xidməti “Qisas əməliyyatı” keçirərək düşmənin döyüş postunu sıradan çıxardı. Bu da ermənilərə növbəti dərs olmalıdır”. 

Partiya sədri diqqətə çatdırıb ki, Ermənistan müxtəlif yollara əl ataraq sülh müqaviləsinin imzalanmasını ləngitməyə və vaxt qazanmağa çalışır:

“Ermənistan Azərbaycanın 8 kəndinin təhvil verilməsi, kommunikasiyaların açılması, sərhədlərin delimikasiya və demarkasiya məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan məğlub, Azərbaycan isə qalib və şərtləri diqtə edən tərəfdir. Ona görə də mütləq mənada rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri icra etməlidir ki, sülh prosesinə əngəl olmasın”. 

Elmir Mustafa 
“Cebhe.info”