Deputat: “Araik Azərbaycana təhvil verilməlidir” 

Deputat: “Araik Azərbaycana təhvil verilməlidir” 

Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutyunyan Fransaya gedib.

O, Fransada da təxribatlarına davam edərək özünü xəyal dünyasında qurduğu qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri kimi qələmə verib.

Araik guya işgüzar səfərə gəldiyini açıqlayıb. Fransızlar da onun bu çirkin əməllərinə şərik olublar. Hətta Araik Fransada mətbuat konfransı da keçirib. Bütün bunlar isə Fransanın Azərbaycana qarşı düşmən mövqeyindən geri çəkilmədiyini bir daha sübut etdi.

Onun saymaqla bitməyən təxribatları isə yenə Fransa ilə bağlı sualların meydana gəlməsinə səbəb olub.

Maraqlıdır, axı nə üçün rəsmi Paris beynəlxalq hüququ Araikə görə heçə sayıb? Məgər Fransa bilmir ki, onun etdiklərinin heç bir hüquqi əsası yoxdur?

Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, biz Fransanın Azərbaycana qarşı yeritdiyi siyasətdə zaman-zaman riyaklarlığı, selektiv münasibəti və konkret düşmənçiliyi görmüşük:

“Xatırladım ki, 1990-cı illərin əvvəllində ATƏT-in Minsk qrupun formalaşdırılan zaman Fransa üzvlərdən biri olanda narahatçılıq vardı. Sadəcə olaraq, o vaxt Fransa and-aman etdi ki, tərəf tutmayacaq və münaqişənin həll olunması üçün obyektiv münasibət göstərəcək.

Təəssüflər olsun ki, rəsmi Paris bunu etmədi. Əksinə, 30 ilə yaxın müddətdə Minsk qrupunun üzvü kimi münaqişənin Ermənistanın xeyrinə həll olunması üçün əlindən gələni etdi. Hətta ən absurd qanunlar qəbul olundu. “Erməni soyqırımı”nı tanımayanlar üçün cəzalar verdilər, mövcud olmayan “Artsax"ı tanıdılar, parlamentlərin yuxarı və aşağı palatalarında absurd qanunlar qəbul olundu.

Halbuki, onlar da kağız parçasından başqa bir şey deyil. Bunların hər biri Fransanın riyakar xarici siyasətində türkəfobiyanı, islamafobiyanı və Azərbaycana düşmənçiliyi açıq-aydın biruzə verir. Artıq bir çox dövlətlər kimi Fransanın da maskası cırılıb. Onların son zamanlarda Ermənistana böyük bacılıq etməsi dediklərimizə bariz nümunədir”.

Millət vəkili vurğulayıb ki, hərbi cinayətkar Araik Arutyunyanın Fransaya getməsi və orada mətbuat konfransı keçirməsi beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunların tapdalanmasıdır:

“Çünki həmin bölgə Azərbaycanın ərazisidir. Azərbaycan Qarabağ iqtisadı zonasında öz suveren hüquqlarını qoruyur və inkişaf etdirir. Ona görə də Qarabağın adından kiminsə danışması yolverilməzdir və beynəlxalq cinayətdir.

Əksinə Araik Fransada həbs olunmalı və Azərbaycana təhvil verilməlidir. Amma ona bu şəraitin yaradılması Fransanın açıq-aşkar düşmənçiliyidir. Bu, onu deməyə əsas verir ki, rəsmi Paris öz düşmən və riyakar mövqeyindən əl çəkməyərək, onu hər gün artırır.

Amma bunlar Fransaya yalnız və yalnız ziyan gətirəcək. Separatçılığı dəstəkləmək və hərbi cinayətkarlara qucaq açmaq heç bir ölkəyə başucalığı gətirməyib. Ona görə də Fransa rəhbərliyi bu barədə daha dərindən düşünməli, obyektiv və rasional addımlar atmalıdır”.

Elmir
Cebhe.info