Azərbaycan "qocalır": Uşağı olanlara ev, torpaq veriləcək?

Azərbaycan "qocalır": Uşağı olanlara ev, torpaq veriləcək?

“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.

Bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev deyib.

Ekspertin sözlərinə görə, bunu statistikamız deyir:

“Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.

Samir Əliyev vurğulayıb ki, azalma özünü daha çox qız uşaqlarında göstərir:

“Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, təbii artım dinamikasında enmə təkcə Azərbaycanda deyil, qlobal miqyasda da özünü göstərir:

"Dünyanın əksər ölkələrində təbii artımda enmə müşahidə olunur. Azərbaycan üçün isə bu spesifik deyildi, çünki ölkədə çoxuşaqlı ailələr reallığı olub. Sovet dönəmində, xüsusilə müharibədən sonra demoqrafik siyasəti stimullaşdırmaq üçün həyata keçirilən islahatlar nəticəsində çoxuşaqlılığa təşviq olunub, hətta "Qəhrəman ana" statusu müəyyənləşdirilmişdi və çoxuşaqlı ailələr üçün müəyyən imtiyazlar vardı.

Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra dəyişiklik baş verdi, ölkə qlobal dünyaya inteqrasiya etdi. Buna görə də başqa ölkələrin həyat tərzləri də bizdə imitasiya olunmağa başlandı. Bununla da, hər bir azərbaycanlı ailəsi üçün çoxuşaqlı ailə modeli maraqsızlaşdı. Nəticədə, ahılların sayı artsa da, əhalinin sayı azalıb.

Valideynlər artıq kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Onlar fikirləşirlər ki, övladı böyütmək, onların maddi ehtiyaclarını ödəmək çox çətindir, buna görə onlar bir uşaqla kifayətlənirlər".

Sosioloq qeyd edib ki, təbii artımın aşağı düşməsi əmək bazarı üçün problem yaradır:

“Bu, genefondumuzun qorunması ilə bağı təhlükəsizliyimizi təhdid edir, həmçinin hərbi xidmətdə əsgər çatışmazlığına gətirib çıxara bilir. Bu baxımdan, ölkəmizdə təbii artımın enməsi hökumətimizi düşündürür, bununla bağlı müəyyən dəstək layihələri həyata keçirilir. Gənc ailələrə güzəştli kreditlə mənzil təminatı məsələsinə diqqət ayırmaq lazımdır.

Məsələn, Türkiyədə ölkənin əldə etdiyi gəlirlər hesabına yaradılan fond var ki, bu fond gənc ailələrə mənzil əldə etmək üçün faizsiz kreditlər verilir. Bildirim ki, bu gün çoxuşaqlı ailələrə daha çox regionalarda rast gəlinir.

Regionlardakı gənclərimizin isə Bakıya axını nəticəsində də belə hal yaranır. Buna görə onlara pay torpaq ayrılması kimi məsələlərə də diqqət ayırmaq lazımdır. Təbii artımın azalmasına səbəb kimi cəmiyyətin mədəni səviyyəsinin artmasını göstərmək olar".

Onun sözlərinə görə, bu gün selektiv abort ölkəmizin ən ciddi problemi sayılır:

"Bu isə cəmiyyətdə olan steretoiplərlə bağlıdır. Bununla bağlı ölkədə müəyən tədbirlər həyata keçirilir. Güman edirəm, orta perspektivdə bu problem də olmayacaq. Çünki insanların şüuru dəyişir. Onlar görürlər ki, övladın qız, yaxud oğlan olmağının fərqi yoxdur". 

Ləman İsmayıl
"Cebhe.info"