Bakı metropolitenində payız-qış qrafiki tətbiq ediləcək
14 iyun tarixində yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər edilib.
Hazırda yeni tədris ilinin başlanmasına və payız mövsümünün gəlişinə çox az vaxt qalıb.
Bu səbəbdən qrafikin yenilənməsi və intervalın dəyişdirilməsi ilə bağlı suallar gündəmdədir.
Maraqlıdır, intervalların qısaldılmalısı və digər monitorinq işlərinin aparılması müzakirə edilirmi?
"Cebheinfo.az"-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu barədə işlər davam etdirilir:
"Təbii ki, metropolitendə payız-qış mövsümünə hazırlıq gedir. Bu, yay dövründə də olur. Daxili hazırlığımızda stansiyalar, iş rejimi, stansiyalar üçün gözlənilən sərnişin axını, yerüstü hazırlığımızda isə tədris mövsümü ilə bağlı məsələlərlə maraqlanırıq.
Xüsusilə də ali və orta ixtisas təhsil ocaqlarında dərslərin başlanması, növbələrin başlanması, başa çatması məsələləri ilə məşğuluq.
Monitorinqlərimizin böyük bir hissəsi buna həsr olunub. İnterval məsələsi də qrafikin dəyişməsi ilə yenilənəcək. Hazırda müzakirələr gedir, yekun qərarımızı açıqlayacağıq".
Naibə
"Cebheinfo.az"