Əli Mirəliyevin qızı atasının səhhətindən danışdı - ÖZƏL

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sənətçi ayağının itin zəncirinə dolaşması nəticəsində yıxılıb və xəsarət alıb.
Bildirilir ki, o, əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir.
Müğənninin səhhəti və hadisə ilə bağlı əlavə məlumat almaq üçün sənətçinin ailə üzvləri ilə əlaqə saxladıq.
“Cebheinfo.az”a açıqlamasında Əli Mirəliyevin qızı Samirə Mirəliyeva atasının vəziyyətinin stabilləşdiyini vurğulayıb:
"İndi vəziyyəti yaxşıdır, palataya köçürülüb. Yavaş-yavaş yenidən gəzməyi öyrənəcək. Bud nahiyəsinə protez qoyublar, çünki sümük sınıb və bu yaşda sınıq gec bitişir. Şəkəri də çox yüksək olduğu üçün vəziyyət bir az çətinləşmişdi, ona görə problem çıxdı, reanimasiyada saxladılar.
İndi isə palatadadır. Yəqin ki, 10-15 günə evə buraxarlar. Hazırda polkerlə, bir dəstək vasitəsiylə gəzəcək. Daha sonra isə 2 aylıq reabilitasiya olacaq. İnşallah, yaxşı olar”.
Samirə Mirəliyeva hadisənin Mərdəkanda bağ evində baş verdiyini qeyd edib:
“Hadisə Mərdəkanda, öz bağında, yaşadığı evdə olub. Bizim böyük bir itimiz var, Qanqal cinsindən. Atam itin zəncirinə dolaşıb. İt zəncirdən qırılıb, atam da onu tutmaq istəyəndə zəncir ayağına dolaşıb və yıxılıb.
İt heç bir şey etməyib, yazıq heyvanın heç bir günahı yoxdur. Sadəcə hadisə belə baş verib. Atamın da 70-dən çox yaşı var, yıxılan kimi sümüyü sınıb. Şükür ki, çanağı sınmayıb".
Əfsanə Rəcəb
“Cebheinfo.az”