Ev bazarında çaşqınlıq yaranıb: Avqust ayına qədər...

Ev bazarında çaşqınlıq yaranıb: Avqust ayına qədər...

Son günlər Bakıda fərdi yaşayış və bağ evlərinin satış qiyməti 18 % artıb.

Ümumiyyətlə, paytaxt sakinlərinin mövsümlə bağlı, yay fəslində fərdi həyət evlərinə marağı daha da artır. Eyni zamanda zəlzələ təhlükəsi ilə əlaqədar da bəzi vətəndaşlar həyət evlərinə üstünlük verirlər.

Maraqlıdır, əgər fərdi yaşayış evlərinin qiyməti artıbsa, o zaman ev bazarında bina evlərinin ucuzlaşmasına təsir göstərəcəkmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya bildirdi ki,  ümumilikdə evlərlə bağlı mövsüm başlayandan qiymət artımı olub:

“Məhz qiymət artım mövsümün sonunadək davam edir. Ancaq maksimum 10 faiz artım özünü göstərə bilər. Fərdi evlərə marağın artması əsasən yay aylarının gəlməsi ilə bağlıdır.

Mövsümi olaraq bağ evləri, həyət evləri, torpaq sahələri daha çox yay aylarında satılır. Ancaq birdən-birə kəskin qiymət artımı baş vermir. Qiymət artımı yalnız fərdi yaşayış evlərinin tikintisi üçün yararlı olan, çıxarışı, təyinatı, yaşayış məntəqələri və torpaqları olan boş torpaq sahələrində baş verir.

Ümumilikdə isə fərdi yaşayış evlərinin qiymət artımı bina evlərinin qiymətlərinə təsir etməyəcək. Çünki həm həyət evlərinin,  həm də bina evlərinin öz alıcıları var. Həyət evinin alıcıları müxtəlifdir. Bəzi hallarda vətəndaşlar bağ evi alır, yaxud da torpaq sahəsi alır, bütün bunlar başqa-başqa sahələrdir.

Belə ki, fərdi həyət evləri hər mövsümdə alınır. Ancaq kütləvi formada alış may ayından başlayır və avqustun sonunadək davam edir. O da yenə havalarla əlaqədar olaraq baş verir. Tələbat və qiymət ümumilikdə artır.

Zəlzələ təhlükəsi ilə bağlı fərdi həyət evlərinə marağın artmasına gəldikdə isə, əslində zəlzələ Türkiyədə, eləcə də Azərbaycanın Xəzər dənizinin şimal hissəsində olub. Məhz baş verən zəlzələr dağıntı və tələfata səbəb olmayıb. Bakıda zəlzələ o qədər də hiss olunmayıb. Bu baxımdan fərdi həyət evlərinə güclü axın özünü göstərməyib”.

Nigar Abdullayeva
“Cebhe.info”