Genefondumuz təhlükə altında: “Abortların sayı artır”
Bu ilin yanvar-iyun ayları ərzində qeydə alınan doğum sayı ötən illə müqayisədə azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48 702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1 622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulub.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, günümüzdə ailə planlaşmasında dəyişikliklər baş verir:
"Əvvəllər çoxuşaqlı ailələr olsa da, indi ailələr maksimum 3 uşaqla kifayətlənirlər. Bəzi hallarda isə ailələr komfort həyat üçün ümumiyyətlə uşaq dünyaya gətirmək istəmirlər.
Dünya hazırda bu problemlə üz-üzədir. Hətta Asiya ölkələrində, Yaponiyada, Çində "subaylıq sindromu" adlı bir sindrom da mövcuddur. Təbii artımın azalması əmək bazarına, o cümlədən genefondun təhlükəsizliyinə ciddi mənada mənfi təsir göstərir.
Təbbi artım aşağı düşdükdə mexaniki artım artır, yəni əmək bazarını doldurmaq üçün ölkəyə miqrantların axını artır. Təbii artımın belə azalması Azərbaycan üçün xarakterik olmayıb. Çünki ölkəmizdə həmişə çoxuşaqlı ailələr olub.
İkinci Dünya müharibəsindən sonra da itkilərin aradan qaldırılması üçün demoqrafik tədbirlər həyata keçirilməyə, çoxuşaqlı ailələr təşviq olunmağa başladı. "Qəhrəman ana" statusu yaradılmışdı, əlavə imtiyazlar vardı, həmçinin stimullaşdırıcı layihələr keçirilirdi".
Sosioloq qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra digər ölkələrə inteqrasiya etdi:
"İnsanlar müxtəlif ölkələrin yaşayış tərzini gördülər və qərara gəldilər ki, başqa ölkələrdə çoxuşaqlı ailə yarışı yoxdur. Bununla dəyişiklik yarandı. Həmçinin boşanmalar artdıqca, təbii artım aşağı düşür.
Abortların da sayında artım müşahidə olunur, bu da təbii artıma təsir göstərir. Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edən Çini də ötərək hazırda sırada birinci yerə keçib. Bu bir sıra səbəblərlə bağlıdır. Azərbaycanda patriarxal, ənənəvi cəmiyyət olduğu üçün oğlan uşaqlarına həmişə önəm verilib, qızlar diqqətdən kənar qalıb".
Onun sözlərinə görə, “uşaq pulu” anlayışı yenidən gündəmə gəlməlidir və bərpa olunmalıdır:
“Həmçinin demoqrafik siyasət təşviq olunmalıdır. Bunun həm boşanmaların qarşısının alınmasında, həm də təbii artımda mühüm rolu olacaq. Gənc ailələrə sosial dəstək layihələri ola bilər, gənc ailələrə güzəştli kreditlər təklif edilə bilər. Həmçinin rayonlardakı gənclər üçün pay torpaqlar ayrılması da müsbət addım olar".
Ləman İsmayıl
"Cebheinfo.az"