Geri qaytarılan 427 dissertasiyaya görə kim cavab verəcək? - “Elə institut var ki, 10-15 işi…”

Geri qaytarılan 427 dissertasiyaya görə kim cavab verəcək? - “Elə institut var ki, 10-15 işi…”

Elmin inkişafı ölkənin hərtərəfli inkişafının hərəkətverici qüvvəsi olmalıdır.

Bu baxımdam insanların ölkədə elmin beşiyi sayılan keçmiş Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarından bir çox gözləntiləri var. Onlar alimlərimizin nəinki ölkənin tarixi, iqtisadi, texnoloji sahələrdə mühüm təkliflərlə çıxış etməsini, yeni-yeni kəşfləri, elmi ixtiraları ilə dünyada tanınmasını istəyirlər. Təəssüf ki, ancaq son vaxtlar bu təşkilatlar yalnız qalmaqallarla yadda qalıb. Bugünlərdə isə sosial şəbəkələrdə bu tə.kilatla bağlı yeni neqativ statistik rəqəm öz əksini tapdı.

Burada göstərilir ki, “2022-ci ildə müdafiə edilən 649 dissertasiya işindən 427-si geri qaytarılıb. Rəhbərləri, rəy verənləri və şura sədrləri həbs edilməli, zərərçəkənlərin pulları isə geri qaytarılmalıdır”.

Bu məlumat Coğrafiya İnstitutunun şöbə müdürü, dosent Ənvər Əliyev tərəfindən də paylaşılıb. Bu məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək istədik.

Təəssüf ki, Ənvər müəllim də Cebhe.info-ya bildirdi ki, bu statistikanı o da sosial şəbəkələrdən götürüb:

“Eyni zamanda keçmiş AMEA-da işləyən yoldaşlarımızla söhbətimizdə onlar da təsdiqlədi ki, doğrudan da belədir. Yəni 649 dissertasiyadan cəmi 222-si müsbət rəy alıb. Demək olar ki, 70 faizi keçməyib. Ancaq bu rəqəmlər normal qarşılandı. Çünki bütün institutlarda bu problem var. O qədər də elmi tutumu olmayan, köhnə, vaxtilə təsdiq edilmiş mövzuları götürüb sarı vərəqdən ağ vərəqə köçürməklə yazılan məqalələr, dissertasiyalar hələ də çoxluq təşkil edir. Mən onu təsdiq edə bilərəm ki, əvvəlki tədqiqat işləri aparılmır.

Elmi məhsul institutda yerinə yetirilərək müdafiəyə çıxarılır. Müdafiəyə çıxarılan işlərə bir neçə nəfər o, cümləədn rəhbər, opponentlər müsbət rəy yazsa da belə, işin keyfiyyətsiz olduğu üzə çıxır. Ancaq əslində istər institut, istər akademiya, istərsə də orta məktəbdə mövcud problemlərlə bağlı hamının birmənalı olaraq bir fikri var ki, Azərbaycanda elm və təhsil bərbad vəziyyətdədir və günbəgün pisləşməyə doğru gedir. Fikrimcə, bir dövlətin, milllətin elmi zəifləyirsə artıq onun varlığının şübhə altına düşmə təhlükəsi yaranır. Elə millətlər var ki, neçə min illər ərzində torpaqları yox olsa da, ancaq elmi ilə dünyaya mövcudluqlarını tanıtdılarlar. Bütün bunların fonunda elə fikir durur ki, biz hansı vasitə ilə olsa da elmimizdə dirçəliş yaratmalıyıq. Bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.

“Azərbaycan elmində inkişafsız dövr”ün yaranmasının səbəbinə gəldikdə isə şöbə müdürü deyir ki, vaxtilə Azərbaycan elminin korifeyləri sovet dövründə dünyaya səs salırdı:

“Azərbaycanda elm fədailəri çox idi və ilk növbədə dövlət qayğısı var idi. 1946-cı ildə Azərbaycan rəhbərliyinin qərarı ilə gənc alimlər, mütəxəssislər SSRİ-nin mərkəzi şəhəri başda olmaqla digər şəhərlərə xüsusi ixtisaslar üzrə təhsilə göndərilirdilər. Onların maddi təminatı da təşkil olunmuşdu. Bu proses təxminən 11 il davam etdi. Sonra müəyyən səbəblərlə bağlı xüsusilə də ən böyük maneəni ermənilər törətməklə bu iş dayandırıldı. Həmin dövrdə bizim qabaqcıl Rusiya institurlarına göndərilən gənclərə akademik Ziya Bünyadov rəhbərlik edirdi. O bildirmişdi ki, belə bir təcrübə Cümhuriyyət dövründə də olub. AC ən çətin dövrdə 3 milyon vəsait ayırıb, 100 nəfər gənci müxtəlif ixtisaslar üzrə başqa ölkələrə göndərmişdir. Çünki millətin varlığı, gələcəyi, onun bütün problemlərinin həlli ancaq savadlı, dünyanın müqayisə olunan elmlərinə yiyələnmiş kadrlar sayəsində mümkün olur. Məhz Cümhuriyyət dövründə də həmin gənclər sırasında öz kəşfləri ilə dünyaya səs salanlar oldu. Sonrakı dövrdə,1946-57-ci illərdə də xaricdə təhsil alan və ixtisasını artıran gənclər nəhəng alimlərimizə çevrildilər.

Azərbaycan elmini yüksəkliyə qaldırdılar. Onlar, o cümlədən mənim çalışdığım Coğrafiya İnstitutunda Budaq Budaqov, Ənvər Şıxlınski, Naib Şirinov kimi digər alimlərimiz elmin bütün sahələrində inqilabi çevriliş etdilər. Bu təkcə elm sahəsində deyil, xüsusilə mədəniyyət sahəsində də intibah dövrü yaratdılar. İndiki dövrdə belə bir adımlar atmaq lazımdır”.

Alimin sözlərinə görə, elm sahəsində heç bir güzəşt olmamalıdır:

“Fikrimcə, İnzibati Xətalar Məcəlləsində xüsusi maddələr olmalıdır. Əgər hər hansı bir dissertasiya işlərinə rəy verən rəhbər, digər bu kimi şəxslərin rəyi saxtadırsa və özünü doğrultmursa onun diplomu əlindən alınmalıdır. Demək ki, sən yararsız məhsul istehsal edirsən. Bu avtomat, tank deyil ki, yenidən təmir edib sahəyə çıxarasan. Bu prosesin qarşısı alınmasa, həndəsi silsilə ilə savadsız və elmimizə xələl gətirən kadrlarımızın sayı günbəgün artacaq. Mən bu gün müxtəlif universitetlərdə dərs deyən kadrlara baxıram, məəttəl qalmışam. Vaxtilə adətən institutlarımızda tanınmış alimlərimiz, akademiklər, professorlar, dünya səviyyəli tədqiqatçılarımız dərs deyirdilər. Ancaq indi bəzən öz ixtisasını dürüst bilməyən, DİM-də öz ixtisasından 3 ala bilməyən şəxslər ali məktəblərimizdə dərs aparırlar. Bunun sonu olmalıdır. Bu çox ağır məsələdir, millətin gələcəyi ilə oynamaq olmaz.

Bəzən tədqiqatçıların rəhbərliyinə elə adam təyin edilir ki, onun özünə rəhbər lazımdır. Artıq həyəcan təbili çalınmalıdır. Bir çox elmi rəhbərlər, Elmi müdafiə şurasıın üzvləri, opponentlər, köhnə, saralmış kağız üzərindən köçürülmüş dissertasiyalara, sovet dövründən qalmış kurs işlərinə müsbət rəy verməli olurlar. Elə institutlar var ki, Ali Attestasiya Komissiyası 5, hətta 10-15 dissertasiyasını geri qaytarıb. Əgər bir institut, rəhbəri, opponent, müdafiə şurasının mükəmməl bir elmlər namizədi yetişdirmək qabiliyyəti yoxdursa, deməli onların diplomları da yararsızdır”.

Nigar Abdullayeva
Cebhe.info