"iPhone" bahalaşır

"iPhone" bahalaşır

"Apple" şirkəti bu ilin payızında təqdim ediləcək yeni "iPhone" modellərinin qiymətlərini artırmağı planlaşdırır. 

Bunun əsas səbəbi isə Çin istehsalı məhsullarına tətbiq edilən ticarət rüsumlarının təsirlərini kompensasiya etməkdir. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat verib. Qeyd edək ki, ABŞ və Çin arasında ticarət razılaşması çərçivəsində bəzi rüsumların azaldılmasına baxmayaraq, Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən 20%-lik rüsumlar hələ də qüvvədədir. 

"Apple" qiymət artımını birbaşa rüsumlarla əlaqələndirməməyə çalışır və istifadəçiləri cihazların yeni xüsusiyyətlərinə və dizaynına fokuslanmağa dəvət edir. Mənbələrin məlumatına görə, "Apple" artıq istehsalın bir hissəsini Hindistana köçürməyə başlayıb. Lakin "iPhone Pro" və "Pro Max" kimi flaqman modellərinin istehsalı hələ də Çində cəmləşib. 

Analitiklər, 2026-2027-ci illərə qədər Hindistanın ABŞ-də "iPhone" tələbatını qarşılayacağını, amma Çinin hələ də əsas komponent təchizatçısı olacağını proqnozlaşdırırlar. "Apple"-ın baş direktoru Tim Kuk əvvəlki açıqlamalarında bildirib ki, rüsumlar şirkətə bu rüb ərzində 900 milyon dollar əlavə xərclər gətirəcək. 

Şirkət istehsalı ABŞ-a köçürməyi də araşdırır, amma bunun illər alacağı qeyd edilib. Xatırladaq ki, mayın 10-11-də İsveçrədə ABŞ və Çin arasında ticarət-iqtisadi məsələlərlə bağlı danışıqlar keçirilib. 12 mayda isə tərəflər qarşılıqlı olaraq rüsumları 10%-ə qədər endirmək barədə razılığa gəlinib. Bu dəyişiklik 2025-ci il mayın 14-də qüvvəyə minəcək. 

Səbinə Uğur 
"Cebheinfo.az"