Prezidentin Ağdam səfəri: “Bu ölkə öz vətəndaşına sahib çıxır"

Prezidentin Ağdam səfəri: “Bu ölkə öz vətəndaşına sahib çıxır"

"Cənab İlham Əliyevin 9-10 may tarixlərində Qarabağ bölgəsinə səfəri çox mühüm əhəmiyyət daşıyır. Bu səfər zamanı Prezidentin bir sıra obyektlərin açılışında iştirak etməsi bir daha dünyaya göstərdi ki, Azərbaycan təkcə müharibədə qalib gəlməyi, ərazi bütövlüyünü və suverenliyini qorumağı bacarmır, həm də ilk növbədə öz vətəndaşının rifahı haqqında düşünür və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. 

O qeyd edib ki, səfər çərçivəsində istər mədəniyyət, istərsə də iqtisadi və sosial obyektlərin açılışı bu siyasətin bariz nümunəsidir: 

"Yeni açılan müəssisələr, gələcək iş yerləri və sosial infrastruktur vətəndaşların rifahına birbaşa təsir edir. Məsələn, Muğam Mərkəzinin istifadəyə verilməsi, Kəngərli kəndinə köçən sakinlərlə görüş, onlara evlərin açarlarının təqdim olunması, yeni yaradılan şəraitlə tanışlıq, uşaq bağçalarının və tam orta məktəbin açılışı buna nümunədir". 

Millət vəkili qeyd edib ki, müxtəlif dövlət qurumlarının fəaliyyət göstərməsi üçün inşa edilmiş çoxfunksiyalı inzibati binalar, yerli icra strukturlarının yerləşəcəyi müasir infrastruktur da xüsusi önəm daşıyır:

"Strateji baxımdan əhəmiyyətli olan Ağdam dəmir yolu ilə Avtovağzal kompleksinin açılışı da regionun inkişafı üçün vacib addımdır. Şuşada Daşaltı kənd məscidinin açılması Azərbaycanın mənəvi dəyərlərə verdiyi önəmi, multikultural dəyərlərin qorunmasına və insanlara olan münasibətə verdiyi diqqəti göstərir. 

Eyni zamanda, “Azərşıq”ın Xocalı Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin, eləcə də Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılması bölgənin sosial və texnoloji inkişafını təmin edir. Bütün bu addımlar bir daha göstərir ki, əsas məqsəd dövlət proqramına uyğun olaraq Böyük Qayıdışı həyata keçirmək, vaxtilə doğma yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı yenidən doğma torpaqlarına qaytarmaqdır. 

Bu, gələcək üçün də çox ciddi və önəmli bir mərhələdir və prosesin davam etdiriləcəyi gözlənilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetləri – ərazi bütövlüyümüzün qorunması, suverenliyin təmin olunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Bu siyasət həm daxildə, həm də xarici arenada dönməz və ardıcıl şəkildə davam etdirilir. 

Cənab Prezident hər bir obyektin açılışında, o cümlədən Muğam Mərkəzində çıxış edərkən bu məqamlara toxundu. İlham Əliyev çıxışında həm regionda baş verən hadisələrə, Azərbaycan-Ermənistan münasibətlərinə, həm də dünyada cərəyan edən proseslərə geniş qiymət verdi. Vurğuladı ki, gələcəkdə də Azərbaycan vətəndaşının maraqları hər zaman əsas olacaq və atılan hər bir addım bu prinsipə söykənəcək. Prezidentə və onun siyasətinə xalqın münasibəti də bu səfər zamanı aydın şəkildə göründü. 

Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasət əhali tərəfindən yüksək qiymətləndirildi. İnanırıq ki, plana və proqrama uyğun şəkildə bu işlər davam etdiriləcək, istər minalardan təmizləmə, istər digər vacib məsələlər öz həllini tapacaq. Azərbaycan dünyaya bir daha sübut edəcək ki, bu ölkə doğrudan da güclü, öz ləyaqətini və mənəviyyatını qoruyan, vətəndaşına sahib çıxır". 

Səbinə Uğur 
"Cebheinfo.az"