Orbandan Aİ-yə xəbərdarlıq: “Müharibə uzansa...”

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynanı tələsik şəkildə üzvlüyə qəbul etməsinin ciddi təhlükələr doğura biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, Budapeştdə keçirilən Avropa parlament sədrlərinin toplantısında çıxış edən Orban bildirib ki, belə bir addım bütün Avropa ölkələrinin Rusiya ilə hərbi qarşıdurmaya cəlb olunmasına yol aça bilər.
“Biz Ukraynanın qonşusu olaraq açıq şəkildə bildiririk ki, əgər Aİ Ukraynanı qəbul edərsə, bu, ittifaqın da müharibəyə daxil olması demək olacaq”, - deyə Macarıstan hökumət başçısı vurğulayıb.
Orban xatırladıb ki, Avropa İttifaqı indiyədək heç vaxt müharibə vəziyyətində olan ölkəni öz sıralarına qəbul etməyib.
O, Avropa liderlərinin Ukraynaya hərbi yardım göndərməkdə israr etməsinə də münasibət bildirib:
“Fərqli düşünürük. Bu müharibə nə qədər uzansa, bir o qədər insan həyatını itirəcək”.Macarıstan Baş naziri Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxmasının yalnız müharibə riski ilə bağlı olmadığını da əlavə edib.
Onun sözlərinə görə, Ukraynanın Brüsselin dəstəyi ilə sürətlə Aİ-yə daxil edilməsi əlavə maliyyə yükü yaradacaq və bütün Aİ məkanında sosial-iqtisadi vəziyyəti pisləşdirəcək.
“Əkinçilik böhranı, işsizlik, artan borclar, azalan həyat səviyyəsi, bunlar Ukraynanın sürətli inteqrasiyasının real nəticələri ola bilər”, - deyə Orban qeyd edib.
Səbinə Uğur
"Cebheinfo.az"