Uşaqlar arasında hansı infeksiyalar yayılıb? - Həkimdən xəbərdarlıq

Uşaqlar arasında hansı infeksiyalar yayılıb? - Həkimdən xəbərdarlıq

“Hazırda uşaqlar arasında yayılan ciddi bir xəstəlik və ya infeksiya yoxdur”. 

Bu sözləri məşhur pediatr Aytən İsmayılzadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

Lakin o bildirib ki, bəzi uşaqlarda müəyyən xəstəliklərə rast gəlinir:

“Bu isə çox az saydadır. Məsələn, son günlər yenə də rotavirus infeksiyası yayılıb. Sözügedən xəstəlik özünü qızdırma, qusma, ishal kimi əlamətlərlə göstərir. Ancaq rotavirus qış aylarında da müşahidə oluna bilir. Yəni, onun mövsüm dəyişikliyi ilə əlaqəsi yoxdur”. 

Həkim qeyd edib ki, yazın gəlişi ilə bağlı olmayan xəstəliklər var: 

“Məsələn, zaman-zaman uşaqlar arasında koksaki virusu və suçiçəyi yayılır. Lakin bizə müraciət edənlər arasında qızılcaya yoluxma halı qeydə alınmayıb. Koronavirusu isə artıq yoxlamırıq. 

Lakin onların da fəsil dəyişikliyi ilə hər hansısa əlaqəsi yoxdur. Ümumiyyətlə, hələlik uşaqlar arasında yazın gəlişi ilə bağlı yayılan virusa rast gəlinməyib. Yəni, hazırda ciddi problemlə üzləşdiyimiz uşaqlar yoxdur”. 

Aytən İsmayılzadə hazırkı vəziyyətin normal olduğunu vurğulayıb: 

“Bizə müraciət edənlərin vəziyyəti normaldır, vaxtında sağalırlar. Çox az hallarda ağırlaşma halları olur. Qalan vaxtlarda isə xəstələrin orqanizmi özü xəstəliklə mübarizə aparır. Çünki mənim pasiyentlərim olan uşaqlar qidalanmalarına fikir verirlər. Nəticədə, xəstəliklə mübarizədə uğurlu olurlar”. 

Pediatrın sözlərinə görə, yay aylarında hansısa infeksiyalar yayıla bilər:

"Yay aylarında uşaqlar arasında bəzi xəstəliklərin yayılma ehtimalı var. Daha dəqiq desək, bu vəziyyətə dəniz mövsümü başlayanda rast gəlmək olar. Məsələn, dəniz suyundan keçən infeksiyalar mədə-bağırsaq problemləri yarada, hovuzlardan və ya torpaqla təmasdan da uşaqlara infeksiya keçə bilər. Lakin hazırkı vəziyyət yaxşıdır və hansısa xüsusi infeksiya riski yoxdur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”