“Heydər Əliyev və Azərbaycan təbiəti”: Müsabiqə qalibləri açıqlandı

“Heydər Əliyev və Azərbaycan təbiəti”: Müsabiqə qalibləri açıqlandı

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) “Yaşıl dünya naminə həmrəylik ili” və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı əlaqədar Xəzər rayon məktəbliləri arasında keçirdiyi “Heydər Əliyev və Azərbaycan təbiəti” adlı esse müsabiqəsinə yekun vurulub.

Bununla əlaqədar olaraq Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə mükafatlandırma mərasimi keçirilib. Mərasimdə “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, 123 saylı tam orta məktəbin direktoru Sevinc Mustafayeva, Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Müqbilov, Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov, məktəblilər və pedaqoqlar iştirak ediblər. Öncə qonaqlar məktəbin foyesində təşkil olunmuş “yaşıl sərgi” ilə tanış olublar. Məktəblilərin Ulu Öndər Heydər Əliyevin təbiətə qayğısını, ətraf mühitin qorunması və sağlamlaşdırılması ilə bağlı çağırışlarını əks etdirən rəsm əsərlərindən ibarət sərgi maraqla qarşılanıb. 

Çıxış edən “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ətraf mühitin sağlamlaşdırılması yönündə gördüyü işlərdən, ümummilli liderin hakimiyyəti dövründə aparılan yaşıllaşdırma kampaniyalarından danışıb:

“Heydər Əliyevin ekoloji siyasətinin ana xəttində yeni meşə massivlərinin salınması, su resurslarının qorunması, paytaxt Bakının yaşıllaşdırılması dayanırdı. 1970-ci ilə qədər Bakıda 3 min hektar yaşıllıq sahəsi var idisə, 1982-ci ildə bu rəqəm 17 min hektara çatmışdı. Ulu öndərin bu siyasəti hazırda prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin sərəncamı ilə 2024-cü il Azərbaycanda yaşıl dünya naminə həmrəylik ili elan olunub. Cənab prezidentin və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il yüzminlərlə ağac əkilir. Bütün bunlardan məqsəd paytaxt Bakının yaşıl şəhərə çevrilməsidir”. 

Samirə Bağırova bildirib ki, məktəblilər arasında esse müsabiqəsinin keçirilməsi şagirdlərdə ekoloji şüurun formalaşmasına, ətraf mühitə qayğı və sevgi hissinin yaranmasına və onlarda bədii yaradıcılığın inkişafına təkan verəcək:

“Hədəf qrupu olaraq məktəbliləri bu üzdən seçdik. Hesab edirik ki, gənc nəsildə ekoloji şüurun formalaşması erkən yaşlarda başlamalıdır”.

123 nömrəli tam orta məktəbin direktoru Sevinc Mustafayeva “Dendroloiya Bağı” PHŞ-nin bu təşəbbüsünün faydalı olduğunu bildirib.

“Heydər Əliyev və Azərbaycan təbiəti” esse müsabiqəsinin keçirilməsi olduqca uğurlu bir təşəbbüsdür. Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının, elminin, təhsilinin, səhiyyəsinin inkişafı, ətraf mühitin qorunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hər zaman Azərbaycan təbiətinin qayğısına qalıb. Onun verdiyi qərarlar ətraf mühitin qorunmasına xidmət edib. Ulu Öndər insanları ağac əkməyə, ona qulluq göstəməyə, hər bir ağacı, budağı qorumağa çağırırdı. O, hər kəsilən ağac barədə həyəcanla danışar, “bir ağacı kəsən elə bil mənim qolumu kəsib” deyərdi”.
Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Müqbilov son illər paytaxt Bakıda aparılan yaşıllıq aksiyalarının effektiv nəticələr verdiyini bildirib.

“Son illər Bakıda, Abşeron yarımadasında, Xəzər rayonunda böyük ağacəkmə aksiyaları keçirilib. Xəzər sahili ərazilər məişət tullantılarından təmizlənib. Sevindirici haldır ki, bu prosesdə könüllü məktəbli gənclər də iştirak edir. Hesab edirəm ki, ağacəkmə aksiyalarının kütləviləşməsi və cür maarifləndirici tədbirlər gənc nəsildə təbiətə qayğı hissini gücləndirir. Bu müsabiqədə iştirak edən məktəblilər gələcəyin alimi, müəllimi, məmuru olacaq. Bu cür tərbiyəvi söhbətlər onların yaddaşında dərin iz buraxacaq”.

123 saylı məktəbin biologiya müəllimi Bahar Rəsulova təbiət mövzusunda keçirilən müsabiqələrin şagirdlərin tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. 
Sonra “Yaşıl Dünya” İctimai Birliyinin istehsalı olan “Ətrafı təmiz saxlayaq, dünyamızı gözəlləşdirək” adlı animasiya filmi, Bahar Rəsulovanın hazırladığı Ulu Öndərin təbiətə qayğısını əks etdirən video-slayd və məktəbin şagirdlərinin ifasında ifa edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda Xəzər rayon məktəbliləri arasında keçirilmiş esse müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşı Elman Cəfərli bildirib ki, esse müsabiqsəsində Xəzər rayonu üzrə 4 məktəbdən 40-a yaxın şagird iştirak edib. Müsabiqənin münsiflər heyətinin qərarı ilə mövzunu bədii cəhətdən daha dolğun əks etdirən, informativ zənginliyi olan yazılar mükafatlandırılıb. 

Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Gülşən Mirzəyevanın essesi müqabiqədə 1-ci olub. Süleyman Rüstəmov adına xarici dillər təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Xanım Quluzadənin yazısı 2-ci yerə layiq görülüb. 81 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Şəmsiyyə Məmmədzadə və 183 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Təmkin Rzazadənin müqabiqəyə təqdim etdiyi yazılar 3-cü yerə layiq görülüb.
Qaliblərə pul mükafatları, diplomlar və xüsusi xatirə hədiyyələri təqdim edilib.

"Cebhe.info"