Ləyaqətsiz vərəsəlik: Kimlərə şamil olunur?

Cəmiyyətdə bir sıra hallarda vərəsəlik məsələsində çox ciddi problemlər ortaya çıxır.
Belə ki, rəhmətə getmiş şəxsin mülkünə sahib çıxmaq üçün bəzən vərəsə qeyri-qanuni hərəkətlərə qol qoyur, mirasa hüquq və insanlıq baxımından zidd yollarla sahib çıxmaq istəyir.
Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə vərəsəlik var:
"Bəzi hallarda vəsiyyətnamədə adı göstərilməyən şəxslərə məcburi pay da var. Lakin bəzi hallarda şəxs məhkəmə qaydasına əsasən, vərəsəlik hüququndan ləyaqətsiz vərəsə sayılaraq məhrum edilə bilər. Mülki Məcəllənin 1137-ci maddəsində bir şəxsin hansı hallarda ləyaqətsiz vərəsə sayıldığı göstərilir. Bu, iki halda baş verə bilir.
Birinci hala əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş şəxs ləyaqətsiz vərəsə sayılır.
İkinci halda vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilir".
Hüquqşünas qeyd edib ki, bu normanın qanunda olması vacibdir:
"Məsələn, bir şəxs həyat yoldaşına qəsd edərsə, onların ortaq mülkündən cinayərkara da pay düşür. Lakin bu norma bu kimi məsələləri tənzimləyir və həmin şəxs ləyaqətsiz vərəsə sayılaraq paydan məhrum olur".
Ləman İsmayıl
"Cebhe.info