“London Pub”da da saxta içki satılırmış - FOTO

“London Pub”da da saxta içki satılırmış - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl daha bir neçə obyektdə də saxta spirtli içkilər aşkarlanmışdı.

"Cebheinfo.az"