Metroda təhlükə artır, qapılar da bahadır: NƏ ETMƏLİ?

Metroda təhlükə artır, qapılar da bahadır: NƏ ETMƏLİ?

Metroda sıxlığı nəzərə alaraq qatarların hərəkət intervalının azaldılması təklif olunur. 

Lakin Bakı Metropolitenindən bildirilib ki, texniki imkanlar olmadığına görə qatarların intervalını qısaltmaq mümkün deyil. 

Metroda sıxlıq həddən artıq çox olduğundan, sərnişinlər üçün təhlükə də artır. Buna görə də Bakı metrosunda qoruyucu platforma qapıları quraşdırılması tövsiyə olunur. 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Cebheinfo.az” açıqlamasında deyib ki, platforma qapıları məsələsi hər zaman diqqətdə saxlanılan mövzudur: “ 

“28 May” stansiyasında platforma qapılarının tədbiqi baxımından konkret praktiki fəaliyyət üçün araşdırmalar hələ bir neçə il öncə aparılıb. Bakı Metropoliteni stansiyaları inşa olunarkən bu tip konstruksiyaların quraşdırılması əvvəldən nəzərdə tutulmadığından dolayı yenidən inşaat üçün əlavə tədbirlər görülməlidir. 

Yəni həmin konstruksiyaların quraşdırılması üçün platformalarda tikinti normalarına uyğun müvafiq gücləndirmə və digər inşaat tədbirləri həyata keçirilməlidir. Bu da olduqca bahalı olduğundan, əlavə stansiya inşa etmək daha səmərəlidir”. 

O vurğulayıb ki, qoruyucu platforma qapıları kifayət qədər mailiyyə vəsaiti tələb edən texnoloji prosesdir: 

“Bununla belə, Bakı Metropoliteni bu məsələləri öyrənir. Bu sistemlərin gələcəkdə tədbiqinin bir qədər də asanlaşdırılması tək bununla bağlı deyil. Bakı Metropoliteni qatarların hərəkətindən, yeni qatarların alınmasından tutmuş, digər bütün məsələləri kompleks şəkildə müzakirə ediləcək. Lakin metropolitenin daxili vəsaiti buna imkan vermədiyinə görə platforma qapılarını alması real deyil”. 

B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteni istənilən zaman yenilənmə istiqamətdə innovativ tədbirlər görür: 

“Bir daha qeyd edim ki, konkret olaraq platforma qapılarının quraşdırılması kifayət qədər maliyyə vəsaiti tələb edir. Bu baxımdan, hazırda onun tədbiqi ilə bağlı hər hansı addımın atılacağını demək erkəndir. 

Bununla belə, metropolitendə sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün lazımiişlər görülür. Bakı Metropolitenində bu tip hadisələrin statistikasına xüsusi yanaşılır və öyrənilir. Yəni bu məsələlər yalnız hadisə baş verəndə deyil, müntəzəm olaraq metropolitenin diqqətindədir. Bakı Metropoliteni istənilən zaman bu istiqamətdə tədbirlərin aparılması üçün addımlar atmağa və gələcəkdə işlər görməyə hazırdır”. 

Həsən Məmmədov 
“Cebheinfo.az