“Xırdam yoxdur”: Bu problemi necə həll etmək olar?

“Xırdam yoxdur”: Bu problemi necə həll etmək olar?

Son dövrlər kiçik nominalda olan kağız və xırda pulla bağlı problem yaranır.

Buna səbəb olaraq dövriyyədə xırda pulların azlığı göstərilir. Çünki bankomatlar əsasən iri banknotlar verir. Bu isə sonra alıcılara problem yaradır. 

Misal üçün, Əhməd dayı (şərti ad) bu gün pensiyasını alıb. Marketdən alış-veriş edəndə 10 manat ödəniş etməlidir. Lakin 100 manat təqdim edəndə, xırda olmadığı bildirilir. 

Yaxud gündəlik yaşadığımız problemlərdən birini göstərək. “Manatlıq” taksi ilə mənzil başına çatanda sürücü mütləq halda 1 manatlıq tələb edir, çünki qaytarmaq üçün 4 manatı olmur. Buna oxşar hallar hər gün gündəlik həyatımızda baş verir. Az nominallı pulla bağlı problemi necə aradan qaldırmaq olar?

Təkliflərə görə, 3 manat dövriyyəyə buraxılsa, bu problem müəyyən qədər aradan qalxar. Sözügedən məsələ ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib ki, Sovet dövründə 3 manatlıq əsginaslar dövriyyəyə buraxılmışdı:

“Lakin hazırda nominal dəyəri 3 rəqəmi olan əsginaslar dünyanın bir çox ölkələrində çap olunmur. Yalnız barmaqla sayılacaq qədər az ölkələrdə var. Amma Sovet dönəmində 15 respublikada da bu var idi və özünü doğrulda bilmişdi. İndi də 3 manatlıq olarsa, manatın dövriyyəsinin elastikliyini təmin edə bilər”. 

Ekspert hesab edir ki, yaxın gələcəkdə nağdsız ödənişlər dünyasında yaşayacıq:

“Yaxın zaman kəsiyində nağd ödənişlərin sayı minimuma endiriləcək. Düzdür, nə qədər nağdsız ödənişlər olsa da, yenə də nağd ödənişləri uzun müddət tam əvəz etməyəcək. Amma yenə də sağlam rəqabət naminə 3 manatlığın olması heç də pis olmaz”. 

Həsən Məmmədov
"Cebhe.info"