ABŞ-dən Azərbaycana zorakılıq tövsiyəsi: Səfirliyin bir bəyanatındakı iki ziddiyyət

ABŞ diplomatiyası Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirib.
Görünür, Vaşintonun Azərbaycanla bağlı siyasətində tənqid əsas ölçü meyarı sayılır. İrəli sürülən iddiaların həqiqətə uyğun olub-olmaması isə vacib hesab edilmir. Azərbaycanın əldə etdiyi uğurlara qərəzli münasibət bu siyasətin məqsədini təşkil edir.
Fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərinə dair ABŞ səfirliyinin bəyanatı bu deyilənləri bir daha təsdiq edir.
“Amerika Birləşmiş Ştatları fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.
Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”,- deyə ABŞ səfirliyi qeyd edir.
Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının ilkin müşahidələrində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı mühitdə keçdiyi qeyd edilir.
“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”,-sənəddə belə deyilir.
Qeyd edək ki, bəyanatın məzmunu özü ziddiyyətlidir. ABŞ səfirliyi bir tərəfdən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiq qaldığını bildirir. Əgər belə olmasa, təbii ki, Azərbaycanın ünvanına daha sərt tənqidlər və çağırışlar səsləndirilə bilərdi. Deməli, Azərbaycan seçki prosesində beynəlxalq öhdəliklərə əməl edib. Lakin ABŞ səfirliyinin bəyanatı paradoksal mahiyyət daşıyır.
Məsələn, bir tərəfdən, seçkilərin demokratik standartlara cavab verdiyini qeyd edən ABŞ-nin diplomatik təmsilçiliyi eyni zamanda, seçkiyə hazırlıq prosesində “tənqidi səslərin boğulması və alternativ namizədlərin olmaması” barədə iddialar irəli sürür. Yəni səfirlik özü-özünü təkzib edir. Çünki alternativ namizədlər dedikdə, ABŞ diplomatlarının nəyi nəzərdə tutduğu aydın deyil. Halbuki, prezident seçkilərində 6 alternativ namizəd iştirak edib. Onların debatları da kütləvi informasiya vasitələrində kifayət qədər fəal müzakirə şəraitində keçib.
Hətta alternativ namizədlərin çıxışları və təklifləri cəmiyyətdə, sosial şəbəkələrdə qızğın müzakirə predmeti olub. Amma ABŞ səfirliyinin siyasi məntiqdən uzaq yanaşmasına görə alternativ namizədlər seçkidə iştirak etməyib. Belə çıxır ki, ABŞ hakimiyyətin namizədinə alternativ dedikdə, boykotçu müxalifəti nəzərdə tutur. Radikal bəyanat verənlər, təhqiri mübarizə üsulu seçənlər, iğtişaşlara səsləyənlər alternativ namizəd sayılır. Sivil, mədəni mübarizə, qarşılıqlı dialoq tərəfdarları isə alternativ hesab edilmir. Bu cür fəaliyyət forması isə nə beynəlxalq hüquqa, nə də demokratik düşüncəyə sığır.
Zorakılığı, radikallığı hakimiyyət uğrunda mübarizə vasitəsi kimi Azərbaycana tövsiyə edən ABŞ bunu özünə rəva bilmir. Donald Trampı 2021-ci ildə Konqresin binasına hücuma çağırışda ittiham edərək namizəd kimi seçkilərdə iştirakına qadağa qoyur. Halbuki, səfirliyin bəyanatındakı məntiqlə Tramp alternativ namizəd kimi seçkilərə buraxılmasa, ABŞ prezidentliyi uğrunda yarış demokratik sayıla bilməz. Azərbaycandakı radikalların seçkilərdə iştirakına isə nə məhkəmə, nə də hər hansı inzibati orqan qadağa qoyub. İllərlə boykotçuluğu mübarizə üsulu seçənlər özləri namizəd olmaqdan imtina ediblər. Çünki onlar yekunda məğlub olacaqlarını bilirdilər.
ABŞ səfirliyinin alternativ siyasi qüvvə kimi gördüyü adamların seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişə bilməzdi. Çünki boykot ABŞ səfirliyinin bəyanatında və ya Dövlət Departamentinin hesabatında tənqidi rəylərin yer alması, üstəlik radikal müxalifətin gündəmdə qalması üçün yeganə fəaliyyət prinsipinə çevilib. Azərbaycan cəmiyyəti isə fevralın 7-də bir daha göstərdi ki, bu fəaliyyəti qəbul etmir.
Müşfiq Abdulla
“Cebhe.info”