Azərbaycana qarşı layihə iflasa uğradı 

Azərbaycana qarşı layihə iflasa uğradı 

Yaxın Şərqdə baş verən hadisələr Hindistan və ABŞ-ın ərəb dünyası ilə Avropanı birləşdirən dəhliz layihəsini fiaskoya uğrada bilər.

Qeyd edək ki, sentyabrın 10-da Hindistanın paytaxtı Dehlidə G20-nin sammiti keçirilib. Tədbirdə ABŞ tərəfindən yeni beynəlxalq dəhliz təklif olunub. Yeni layihəyə əsasən, Hindistandan daşınacaq tranzit yüklər dəniz yolu ilə BƏƏ və Səudiyyə Ərəbistana, oradan da İordaniya və İsrailə, sonra isə İsrailin Hayfa limanından keçərək Aralıq dənizi ilə Avropaya aparılacaq. ABŞ tərəfindən təklif olunan və İsrailin də dəstəklədiyi bu beynəlxalq dəhliz yolu Hindistan, Yaxın Şərqi, Avropanı bir-biri ilə birləşdirir.

Yeni layihə faktiki olaraq Çinin bütün Avrasiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinə alternativdir. Bu, hətta Çin ilə Avropa arasında qısa yol olan "Orta Dəhliz" layihəsini də kölgə salır. Lakin İsrail və HƏMAS arasında gedən müharibə və bunun bütöv Yaxın Şərqdə davamlı qeyri-stabil vəziyyətin yaranmasına səbəb olması, o cümlədən müharibə nəticəsində İsrail ilə ərəb ölkələri arasında münasibətlərin korlanması – bütün bunlar onu göstərir ki, ABŞ və Hindistanın yeni beynəlxalq dəhlizlə bağlı layihəsi heç bir zaman həyata keçməyəcək. Bu layihə yalnız Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin stabil olduğu və ərəb dünyası ilə İsrail arasında normal münasibətlərin olduğu təqdirdə həyata keçə bilər.

Məsələ ilə balı iqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə qeyri-stabil vəziyyətin olması yeni beynəlxalq dəhlizin formalaşmasına imkan verməyəcək:

“Ola bilsin ki, məhz bu layihəyə görə İsrail HƏMAS-la problemini birdəfəlik həll etməyə çalışır. Çünki bu layihədə qeyd olunur ki, yeni dəhliz Ərəbistan yarmadasından keçərək İsrail limanlarına və oradan isə Avropa ölkələrinin limanlarına doğru istiqamətlənib. Xüsusi əhəmiyyət daşıyan bu layihə 2027-ci ilə qədər həyata keçməsi nəzər tutulur. Lakin Yaxın Şərqdə qeyri-stabilliyin yenidən intensivləşməsinə şahidi oluruq. ümumiyyətlə, bu region hər zaman qeyri-stabil olub.

İsrail-Fələstin münaqişəsi ilk dəfə müşahidə olunmur. Bu münaqişə keçən əsrin 40-ci illərin sonlarından bəri davam edir. İsrail-Fələstin münaqişəsi, eləcə də Yaxın Şərqdəki bir çox problemlər bir daha göstərir ki, bu regionda dayanıqlı logistik layihələrin həyata keçməsi qeyri-mümkündür. Bu, əlbəttə ki, Azərbaycan üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq dəhlizlərin aktuallığını artırır.

ABŞ və Hindistan tərəfindən irəli sürülən layihədən bəzi ölkələrlə yanaşı Türkiyə də narazı idi. Çünki Prezident Rəcəp Tayyip Ərdoğan G20-nin son sammitində bəyan etmişdi ki, Türkiyədə hazır infrastrukturun olduğu halda milyard dəyərində vəsait ayırmaqla əlavə infrastrukturun qurulmasına ehtiyac yoxdur”.

Yəni Türkiyə beynəlxalq dəhliz layihələrinin həyata keçməsində iştirak etməyə hazırdır:

“Yaxın Şərqin qarşıdurmalar meydanına çevrilməsi, təbii ki, ABŞ və Hindistanın layihəsini əhəmiyyətini azaldır. Digər tərəfdən baxsaq, indiki hərbi əməliyyatlardan, xüsusilə İsrail-Fələstin məsələsində köklü dəyişikliklərdən sonra beynəlxalq nəqliyyat kommunikasiyaların həmin region üzərindən keçməsi mümkün olacaq.

Ən maraqlısı budur ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu öz bəyanatında yaxın zamanda Yaxın Şərqin xəritəsinin dəyişəcəyini mesajını verib. Bəlkə də İsrail ordusunun bu günki hərbi əməliyyatları həmin layihənin gələcək təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Amma istənilən halda beynəlxalq ictimaiyyətin baxışında Orta Dəhliz layihəsinin xüsusi əhəmiyyəti, etibarlığı və güvənliyi artır”.

İqtisadçının sözlərinə görə, ABŞ və Hindistanın layihəsi Çinin “Bir kəmər, bir yol layihəsi”nə alternativ hesab olunur:

“G20-nin son sammitində Çinin rəhbəri bu layihə ilə bağlı ciddi narazılığını bildirib. Uzunmüddət ki, Çin öz logistik layihəsi – “Bir kəmər, bir yol” layihəsinin həyata keçiməsi istiqamətində xeyli investisiya yatırıb. Bilirik ki, Pakistanın ərazisində böyük investisiya layihələri həyata keçirilir. Hətta Pekin Əfqanistan üzərindən keçəcək dəmir yollarının tikinsinə razılıq verib. Bu nöqtəyi-nəzərdən Çin yalnız öz layihəsi – “Bir kəmər, Bir yol”un önə çıxmasında maraqlıdır və bunun üçün hər vəchlə çalışır”.

İqtisadçı onu da vurğulayıb ki, ABŞ və Hindistanın yeni beynəlxalq kommunikasiya ilə bağlı tətbiq etdiyi layihə Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı yönəlib.

“Uzun illər ərzində Çin yumşaq güc siyasətindən istifadə edərək, yəni müxtəlif ölkələrə investisiyalar qoymaqla və kreditlər verməklə onlar üzərində təsir imkanlarını artırmağa çalışıb. Çinin Asiyanın bir çox ölkələrində milyard dəyərində böyük investisiya layihələri icra olunur. Bəzi hesablamalara görə, Cənub-Şərqi Asiya, Ərəbistan yarmadası və Afrikada Çinin investisiya həcmi artıq ABŞ və Avropa ölkələrinin investisiya həcmindən qat-qat çoxdur. Bildiyimiz kimi, dünyada qlobal rəqabət gedir və bu, getdiqcə daha çox intensivləşəcək. Əsas rəqabət də ABŞ və Çin arasında gedir”.

Natiq Cəfərli bildirib ki, Zəngəzur dəhlizinin açılması bütöv bir regiona iqtisadi dividentlər qazandıracaq:

“İran ərazindən paralel olaraq dəhlizin açılması ilə bağlı məsələ demək olar ki, öz həllini tapıb. Yəni Azərbaycan ilə İran arasında aparılan danışıqlar müsbət nəticə verib. Artıq Zəngilan rayonunda Araz çayı üzərində yeni körpünün tikilməsinin təməli qoyulub. Hətta Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və həmkarı Hüseyn Əmir Abdullahiyan arasında bu məsələ barədə razılaşmaların əldə olunması ilə bağlı məlumatlar da var. Amma Ermənistanın ərazisindən də dəhliz keçəcək.

Bu, İrəvanın da xeyrinə olacaq. ümumiyyətlə, böyük güc mərkəzlərinin marağında olan nəqliyyat layihələrinin həyata keçirilməsi regionda sülh və sabitliyin bərqərar olunmasına şərait yaradır. Bu baxımdan, Ermənistanın ərazisidən keçəcək Zəngəzur dəhlizi onun iqtisadi inkişafına və təhlükəsizliyinə çox böyük töhfə verəcək. Bu dəhlizin açılması Cənubi Qafqazda sülhü və əmin-amanlığı daha möhkəmləndirəcək”.

Yunis Abdullayev
Cebhe.info