Tanınmış blogerlərə güvənib pullarından oldular - VİDEO

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.
"Cebheinfo.az" xəbər verir ki, onlar tanınmış bloğerlərin də reklam etdiyi “Daşqın əmlak ofisi” adlı şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.
Zərərçəkənlərdən birinin sözlərinə görə, həmin şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.
Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış blogerlər olub: “Miri və Tərlan adlı blogerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.
Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var:
“10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.
“TikTok”da bloger Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib:
“Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.
Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.
Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:
"Cebheinfo.az"