Bir müharibə bitmədən növbətisi başlayır

Bir müharibə bitmədən növbətisi başlayır

Yaxın Şərqdə bütöv bir regionu əhatə edəcək genişmiqyaslı hərbi toqquşmaların baş verməsi gözlənilir.

Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə İran İslam Respublikasının səfirliyinin yanında yerləşən İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) binasına raket zərbəsi endirdikdən sonra İsrail ilə İran arasında hərbi-siyasi gərginlik kulminasiya nöqtəsinə çatıb. Hücum nəticəsində İranın iki generalı - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın baş zabiti Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahi həlak olub.

Sözsüz ki, son hadisə Yaxın Şərqdə eskalasiyanın artmasına yönələn proseslərə gətirib çıxaracaq. Xatırladaq ki, İsrailin bu hücumu ilk hal deyil. Bundan əvvəl də, İsrail Hərbi Hava Qüvvələri dəfələrlə Suriyada SEPAH-ın mövqelərini və İran hakimiyyəti tərəfindən himayə olunan “Hizbullah”ın hərbi bazalarına avia zərbələr endirib. Bu kimi hücumların tez-tez təkrarlanmasına baxmayaraq, nə İran hakimiyyəti, nə də “Hizbullah” İsrailə qarşı ciddi əks-cavab tədbirləri görüb. İran hakimiyyəti və “Hizbullah”ın rəhbərləri yalnız Təl-Əvivə qarşı təhdid xarakterli bəyanatlar səsləndiriblər. 

Amma bu dəfə böyük ehtimalla, İran hakimiyyəti ciddi cavab tədbirləri görməkdə qərarlı olacaq. Çünki İsrailin bu hücumu əvvəlkilərdən  fərqli olaraq İran üçün daha ağır zərbədir və regionda hazırkı proseslərdə kritik dəyişikliklərə səbəb olacaq. Əvvəla, onu qeyd edək ki, Vyana Konvensiyasına və beynəlxalq diplomatik protokollara görə, hər hansı bir ölkənin digər ölkədə səfirliyi onun qanuni ərazisi hesab edilir. 

Bu baxımdan, Dəməşqdə İran səfirliyi və səfirliyin ərazisində yerləşən obyektlər İran İslam Respublikasının qanuni ərazisi hesab olunur. İranın hərbi-siyasi və dini rəhbərliyinin səfirliyə edilən hücuma səssiz qalması və heç bir tədbir görməməsi qeyri-mümkündür. Bu, SEPAH-ın, eləcə də İranın ali lideri Seyid Əli Xameneyinin həm ölkə daxilində, həm regionda siyasi nüfuzuna xələl gətirə bilər.

Bütün bunlara nəzərən hesab etmək olar ki, gərginliyin intensivləşməsi və təzyiqlərin artması İran hakimiyyətini hərəkətə keçməyə vadar edir. Tehranın İsrailə qarşı heç bir əks-cavab tədbiri görməməsi, sözsüz ki, onun düşmənləri qarşısında zəif olması kimi qələmə veriləcək, qlobal arenada etibarı və hörməti yerlə-bir olacaq. 

İsrailin son hücumunun arxasında duran əsas səbəbə gəlincə, bu, İran hakimiyyətinin HƏMAS-a dəstəyi ilə bağlıdır. Rəsmi Təl-Əviv hesab edir ki, Tehran HƏMAS-a maliyyə və hərbi dəstək verir, eyni zamanda HƏMAS-ı İsrailin təhlükəsizliyinə təhdid yaratmağa təhrik edir. İsrail rəsmilərinin qənaətinə görə, İranın HƏMAS-a dəstəyi Tehranın Yaxın Şərqlə bağlı strategiyasının bir parçasıdır. İsrailin baxışı budur ki, İran hakimiyyəti Yaxın Şərqdə geosiyasi və geostrateji cəhətdən möhkəmlənmək üçün regionda gərginliyi artırır və uzunmüddətli münaqişələrin həll olunmasına əngəl yaradır.

Bir önəmli məqamı qeyd edim ki, İranın hərbi-siyasi rəhbərliyi, xüsusilə də SEPAH bu günə qədər İsrailə qarşı təhdid xarakterli hücumları birbaşa deyil, bilavasitə, yəni regionda özünə bağlı proksi qüvvələr vasitəsilə həyata keçirib. Livandakı “Hizbullah” məhz İran hakimiyyətinin təlimatları əsasında İsrailin ərazisinə raket zərbələri endirir. Tehran Yəməndəki “Ənsurullah” hərəkatı – Husiləri də bu mübarizəyə qoşub. Bu assimetrik müharibə taktikası 40 ildən çoxdur ki, İranın Yaxın Şərqlə bağlı strateji yanaşmasının xüsusiyyətidir. Eyni zamanda Tehran proksi qüvvələrdən təkcə İsrailə yox, həmçinin digər rəqiblərinə də qarşı istifadə edir. 

Yaxın Şərq ölkələri -Livanda “Hizbullah”, Suriyada “Fatimiyyun” və “Zeynəbiyyun”, İraqda “İslami Müqavimət” hərəkatı, Yəməndə “Ənsərullah” hərəkatı – Husilər, o cümlədən Bəhreyndə “Saraya Əl-Muxtar” hərbi-siyasi birləşmələri İrandakı mövcud rejimin regionda geosiyasi maraqlarına xidmət edir. Yaxın Şərqdə eskalasiya artdıqca, Tehranın həmin proksi qüvvələr vasitəsilə İsrailə və rəqiblərinə qarşı hücumlar təşkil edəcəyi istisna deyil. Bu da regionda sülh və sabitliyin bərqərar olunmasına zaman imkan verməyəcək. 

“Mehr” xəbər agentliyinin məlumatına görə, İraqda “İslami Müqavimət” hərəkatına bağlı qüvvələr İsrailin Ramat David aviabazasına pilotsuz təyyarələrlə hücum edib. Yaxın zamanda regiondakı digər proksi qüvvələr də hərəkətə keçəcək. O ki qaldı İsrail ilə İran arasında birbaşa müharibəyə, bir çox analitiklər hesab edirlər ki, Tehran heç vaxt bu riskə getməyəcək. Onlar bunu iki səbəblə izah edirlər. 

Birincisi, İsrail ilə birbaşa müharibə İranın böyük itkilərlə üzləşməsi, bəlkə də məğlubiyyəti ilə nəticələnə bilər. Bu, İranın beynəlxalq nüfuzuna ziyan vuracaq.

İkincisi, İranın İsrailin ərazisinə ballistik raket zərbələri endirəcəyi təqdirdə ABŞ da müharibəyə qoşulacaq. İsrail ilə ABŞ arasında güclü hərbi-strateji müttəfiqliyinə nəzərən İranın İsrailə hücumu Vaşinqtonu müharibəyə qoşulmağa vadar edəcək. Belə olan halda İran daha ağır fəlakətə yuvarlanacaq. Bu kimi təhlükəli riskləri nəzərə alan Tehran daha çox alternativ strateji mexanizmlərə baş vurmağa üstünlük verəcək. Bu da, təbii ki, proksi qüvvələrdən istifadə və asimmetrik müharibənin genişlənməsidir. Hər halda İsrail-İran gərginliyi Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxmasına və yerli aktorlararası geniş müharibənin baş verməsinə yol aça bilər. 

Qarşıdurmanın qarşısının alınması istiqamətdə atılan addımlara baxmayaraq, Yaxın Şərqdə geosiyasi rəqabətin və yerli münaqişələrin intensivləşməsi müşahidə olunur. Bu səbəbdən Yaxın Şərqdə gələcək hərbi toqquşmaların daha geniş bir regionu əhatə edəcəyi ehtimal olunur. İsrail-İran gərginliyi Yaxın Şərq regionunda qeyri-sabitlik yaratmaqla bərabər, qlobal təhlükəsizliyə də öz mənfi təsirini göstərəcək. Son günlər yaşanan hadisələr prosesləri buna doğru aparır. 

Yunis Abdullayev
“Cebhe.info”