Düşmən ölkələri barışdıran Çin: ABŞ-ın yerinə keçir? 

Düşmən ölkələri barışdıran Çin: ABŞ-ın yerinə keçir? 

Çində İsrail və İran arasında məxfi danışıqların aparıldığı iddia olunub.

üstəlik, bu məlumatın ABŞ və Böyük Britaniyaya da verildiyi bildirilib. Danışıqların öncə Honq-Konqda, ardından isə Şanxayda keçirildiyi vurğulanıb. Lakin danışıqların konkret kimlər tərəfindən aparıldığı məlum deyil. Qeyd edək ki, bu sensasiyalı iddia bütün dünyada gündəm olub. İllərdir bir-birinə meydan oxuyan iki düşmən dövlətin danışıqlara başlaması diqqət mərkəzinə düşüb. Danışıqların məhz Çinin vasitəçiliyi ilə təşkil olunması isə məsələyə başqa aspektən yanaşmağa sövq edib. Belə ki, bu, Çinin ABŞ-ı dünya siyasətində əvəzləyəcəyi kimi də dəyərləndirilib. Çünki bundan öncə də Çinin vasitəçiliyilə Səudiyyə Ərəbistanı və İran 7 ildən sonra münasibətləri düzəltmək üçün ilk addımları atıb.

Maraqlıdır, Çin bölgədə ABŞ-ın təsir gücünü zəiflədir?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Çin ortaya iddia qoyub:

“ABŞ ora-bura hücum edir, sonra isə müharibə palçığına batır. Pekin hökuməti isə daha ağıllı hərəkət edir. Çin heç kimə hücum etmir, sadəcə olaraq iqtisadi və digər ekspansiyalar hesabına irəliləyir. O cümlədən, siyasi gücünün vasitəsilə də hərəkət edir. Çin artıq ortaya iddia qoyub. Təbii ki, Səudiyyə Ərəbistanı-İran və iddia olunan İsrail-İran danışıqlarının Çinin vasitəsilə keçirilməsi ABŞ-ın maraqlarına cavab vermir.

Amma Səudiyyə Ərəbistanı və İsraildə çox güclü ABŞ lobbisi var. Yəni ABŞ-ın razılığı olmadan Səudiyyə Ərəbistanı və İsrailin İranla ciddi yaxınlaşacağını düşünmürəm. Əlbəttə ki, Çin bu addımları ilə ABŞ-ın bölgədəki nüfuzunu zəiflətməyə çalışır. Lakin buna ciddi şəkildə müvəffəq olacağını zənn etmirəm. Çünki həm Səudiyyə Ərəbistanı, həm də İsrail ABŞ-a çox bağlı ölkələrdir”.

Ekspert vurğulayıb ki, Çin dünyanın ikinci supergücüdür:

“SSRİ dağılandan sonra Çin dünyanın ikinci supergücünə çevrilən ölkə olmağa müvəffəq oldu. ümumiyyətlə, ABŞ o vaxt Çini SSRİ-yə alternativ kimi gücləndirirdi. Lakin sonradan rəsmi Pekin Vaşinqtona problem yaratmağa başladı. Ona görə də ABŞ indi Çinə alternativ olaraq Hindistanı gücləndirməyə və dəstəkləməyə başlayıb. Artıq Asiya texnologiyalarında Hindistan Çini keçir”.

Elmir Mustafa
Cebhe.info