Əli Babacan müxalifətin son ümididir? 

Əli Babacan müxalifətin son ümididir? 

Türkiyədə aylar sonra keçiriləcək prezident seçkiləri ilə bağlı sürpriz informasiyalar yayılmaqdadır.

Hakimiyyətdə olan "Cümhur İttifaqı" namizədini açıqlasa da, Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Demokratiya və Sıçrayış Partiyası (DEVA), Gələcək Partiyası, Səadət Partiyası və Demokrat Partiyasını ortaq koalsiyası olan "Millət İttifaqı" namizədini hələ də gizli saxlayır.

Onlar bu addımını namizədlərini qorumaq və iqtidar üzərində təzyiq yaratmaq məqsədi ilə atdıqlarını bildirsələr də, yetərli namizəd tapa bilməməkdə və ya razılaşmaq problemlərinin olduğu da söylənilir. Buna baxmayaraq, "6-lıq"ın erkən seçki tələb etdiyini də qeyd etmək lazımdır. Erkən seçkinin onlar tərəfindən ötən il keçirilməsi təklif olunsa da, qəbul olunmadı. İndi mediada müxalifət namizədinin yanvar ayında açıqlanacağı ilə bağlı xəbərlər yayılır. Bu ana qədər namizədliklə bağlı CHP-nin 3 nəfər üzvünün ismi çəkilir. Onlar partiyanın sədri Kamal Kılıçdaroğlu, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğludur. Lakin adı çəkilən şəxslər arasında namizədliyə ən yaxın olaraq, məhz Kılıçdaroğlu diqqət çəkir. Onun digər partiyalar və cəmiyyətin tam dəstəyini almamasına rəğmən, namizəd olmaq üçün xeyli istəkli olduğu görünür.

üstəlik bunu gizlətmir. Hətta getdiyi yerlərdə "13-cü prezident" olaraq qarşılanması, "Bu yolda mənimləsiniz?" müraciəti ilə başlayan çıxışlar etməsi onun necə istəkli olduğunu göstərir. İmamoğlu və Yavaşın namizədliyi istər cəmiyyət arasında, istərsə də "altılı masa"da dəstəklənsə də, CHP sədrinin bu məsələdə qərarı çox açıqdır. O, bələdiyyə sədrlərinin namizədliyinə "yaşıl işıq" yandırmır. Bununla bağlı çox söz-söhbətlər gəzsə də, ötən həftə CHP-yə yaxın mənbələr Kılıçdaroğlunun İstanbul və Ankaranı itirməmək üçün bu addımı atdığını deyirlər. Yəni Əkrəm İmamoğlu və ya Mansur Yavaş prezidentliyə namizəd olarsa, vəzifələrindən istefa verməli olacaqlar.

Bu isə həmin şəhərin itirilməsinə gətirib çıxaracaq. Çünki CHP sədrinin onların yerinə AKP-li yeni sədrlərin gələcəyi və illər sonra qazandıqları şəhərləri itirəcəyindən ehtiyat etdiyi söylənilir. Deyilənlər nə dərəcədə doğru və ya yanlışdır, söyləmək çətindir. Fakt odur ki, artıq seçkiqabağı siyasi kulislərdə belə məlumatlar dolaşır. Bəs Kılıçdaroğlu Yavaş və İmamoğlunun namizədliyini verməsə, eyni zamanda özü də geri addım atsa, nə olacaq? Son aylar bu 3 şəxsdən başqa adı namizədlikdə hallanan İYİ Partiya sədri Meral Akşener idi. Lakin o da hədəfinin Baş nazir postu olduğunu deyərək, bu təklifləri rədd etdi.

Məhz bu səbəbdəndir ki, "Millət İttifaqı"nın seçkiyə "sürpriz namizəd"lə qatılacağı ehtimalları səslənməyə başladı. İndi isə əsas sual "sürpriz namizəd"in kim olacağıdır. Bu məqamda DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun adı gündəmə gəldi. Son məlumatlara görə, Kamal Kılıçdaroğlunun prezidentlik kriteriyalarına ən çox uyğun gələn şəxs məhz Əli Babacandır. Türkiyəli jurnalist Şaban Sevincin sözlərinə görə, Kılıçdaroğlu namizədlik iddiasından vaz keçərək, Babacanın namizədliyini dəstəkləyəcək. Bu açıqlama xeyli səs-küyə səbəb olsa da, sürpriz deyil. Yuxarıda sadaladığımız səbəblərə görə artıq yeni bir namizədin ortaya çıxacağı bəlli idi. Şübhəsiz ki, mövcud vəziyyətdə ən uyğun variantın "altılı masa"dan seçiləcəyi gözlənilirdi. Ancaq hazırkı gedişat Babacanı namizədliyə doğru aparır.

Bəs o, xüsusilə İYİ Partiya üzvlərinin hər zaman vurğuladığı "qazana biləcək namizəd" kriteriyasına uyğundurmu?

Əslində Əli Babacan kifayət qədər zəngin siyasi karyeraya sahibdir. O, Türkiyənin iqtisadiyyat naziri, xarici işlər naziri və Baş nazirinin müavini vəzifələrində çalışıb. Yəni AKP iqtidarının ən nüfuzlu simalarından biri olaraq diqqət çəkib. Həmçinin, 4 dönəm Türkiyə Böyük Millət Məclisində millət vəkili olub. Lakin daha sonralar Rəcəb Tayyib Ərdoğan ilə fikir ayrılığı yaşayaraq, AKP-dən istefa verib və müxalifətə keçib. Daha doğrusu, Demokratiya və Sıçrayış Partiyasını (DEVA) quraraq, sədri olub. Babacan xüsusilə iqtisadi bilikləri ilə önə çıxan bir siyasətçi kimi xarakterizə olunur. Onun dönəmində böhranda olan Türkiyə iqtisadiyyatının ciddi şəkildə inkişaf etməsi hər zaman qeyd olunur. Ekspertlər Kılıçdaroğlunun Babacanın namizədliyi üzərində dayanmasının səbəbləri ilə bağlı müxtəlif fikirlər də səsləndiriblər.

CHP sədri prezidentliklə bağlı danışarkən, Türkiyənin parlament üsul-idarəsinə keçmə mərhələsində ölkəyə rəhbərlik edəcək prezidentin eqosu olmayan və keçidi rahatlıqla təmin edəcək biri olmasını istəyir. Təhlilçilər hesab edirlər ki, Kılıçdaroğlunun prezident olmasını istədiyi şəxs nüfuzlu olmamalı və parlament üsul-idarəsinə keçidi əngəlləməməlidir.

Xüsusilə Türkiyə cəmiyyətində fərdlərə önəm nəzərə alınarsa, hər kəsin sevdiyi və yüksək reytinqə sahib prezidentlə 2 il sonra bu dəyişikliyi etməyin çətin olacağı vurğulanır. Ehtimallara əsasən, Kılıçdaroğlu İmamoğlu və Yavaş kimi əhalinin böyük əksəriyyətinin sevgisini qazanan şəxsləri deyil, onlara nisbətən geri planda olan bir prezident modeli istəyir. Onun yaxın dönəmdəki, Abdullah Gül kimi bir prezident namizədi üzərində dayandığı söylənilir. Gül demişkən, CHP sədrinin müxtəlif zamanlarda məhz onun namizəd olmasını istədiyi, lakin müsbət cavab almadığı da iddia olunur.

Deyilənlərə görə, Kılıçdaroğlu yeni bir Abdullah Gül modeli yaratmağa çalışır. Bəs Əli Babacan nə dərəcədə o formaya uyğundur? Bunun özü də sual altındadır.

Çünki Babacan da çox "oyundankənar" vəziyyətdə qalacaq bir lider təsiri bağışlamır. Hər halda, indiki şəraitdə Kılıçdaroğlunun onun namizədliyinə fokuslandığı görünür. Həmçinin, digər partiyaların Əli Babacanın namizədliyinə necə reaksiya verəcəkləri də maraqla gözlənilir. Çünki son rəy sorğularında Əli Babacan aşağı sıralarda qərarlaşır. Yəni "qazanmayacaq namizəd" deyilən Kamal Kılıçdaroğlu və Meral Akşenerdən daha az səs toplayır. Kılıçdaroğlunun da özünün qazanmayacağını düşünərək, Babacanın namizədliyini dəstəkləyəcəyi deyilir.

Lakin burada da təzad ortaya çıxır. Kılıçdaroğluna "qazanmayacaq namizəd" deyilir, amma Babacanın indiki şərtlər daxilində qazanacağı nə dərəcədə realdır? Nəzərə almaq lazımdır ki, Əli Babacan keçirilən sorğularda Rəcəb Tayyib Ərdoğanı keçə bilmir. Onunla və partiyası ilə bağlı keçirilən rəy sorğularında verilən cavablara da baxmaq lazımdır.

DEVA Partiyası son aylarda anketlərdə 4-5% aralığında səs toplaya bilir. Ekspertlər, bunu yeni yaranan bir partiya üçün yaxşı nəticə hesab edirlər. Partiya sədri Əli Babacanla bağlı isə müxtəlif sorğularda fərqli nəticələr qeydə alınır. Bütün liderlərin yarışdığı anketlərdə adətən 1 faiz ətrafında səs toplayan Babacanın reytinqinin prezidentlik sorğularında artdığı nəzərə çarpır. O, Avrasya Araşdırma Şirkəti tərəfindən iyun ayında keçirilən rəy sorğusunda potensial namizəd olaraq respondentlərin 6,3 faizinin dəstəyini alıb.

Metropoll Araşdırma Şirkəti tərəfindən avqust ayında Rəcəb Tayyib Ərdoğan və Əli Babacan arasında yaşacaq potensial mübarizə ilə bağlı sorğu keçirilib. Bildirilib ki, ikinci tura qalacaq seçkidə Babacan Ərdoğandan 3,3 faiz artıq səs toplayaraq, 44,5 faizlə qalib olur. Yəni fərqli araşdırma şirkətləri tərəfindən keçirilən sorğularda müxtəlif nəticələrə rast gəlmək mümkündür. ümumiyyətlə, son zamanlarda Əli Babacanın özünün də namizəd olmağa istəkli olduğu görünür.

O, ötən ilin avqust ayında "Əgər "altılı masa" ortaq namizəd çıxarmasa, DEVA Partiyasının prezidentliyə namizədi mən olacağam. Amma öncəliyimiz namizədin ilk turda qazanmasıdır" çıxışı ilə ön plana çıxmışdı. Babacan dekabr ayında da diqqətçəkən fikirlər səsləndirərək, 6 partiya liderinin hər birinin prezidentliyə potensial namizəd olduğunu bildirib. DEVA sədri ötən həftələrdə "Əgər "altılı masa" məni dəstəkləsə, həm seçilə bilərəm, həm də bunu ən yaxşı şəkildə icra edərəm" sözləri ilə namizəd olmaq istədiyini açıq şəkildə bəyan edib. O, Yavaş və İmamoğlunun namizədliklə bağlı məsələsində "topu" CHP-yə atıb: "Bu məsələ CHP-nin daxili məsələsidir. Onlar CHP-nin namizədidirlər".

Maraqlıdır ki, DEVA cəbhəsinin də bu məsələdə mövqeyi digər partiyalardan fərqlənir. Onlar, İYİ Partiyanın və digərlərinin əksinə olaraq, Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyinə müsbət yanaşmırlar. Hətta DEVA Partiyasının üzvlərinə namizədliklə bağlı suallar verildiyi zaman sadəcə Əli Babacanın adını zikr edirlər.

Bəs Əli Babacanın namizədlik ehtimalı ilə bağlı fikirlər necədir?

Bəzi müxalifət təmsilçiləri onun namizədliyinə müsbət yanaşırlar. Onlar DEVA Partiyasının sədrini Ərdoğanın ən güclü rəqibləri arasında göstərir, Kılıçdaroğlu kimi iqtisadçı birinin belə onun iqtisadi həmlələrindən bəhs etdiyini vurğulayırlar. Lakin sabiq AKP üzvü olmasının səslərinə mənfi təsir edəcəyini düşünənlərin olduğu da müşahidə olunur. Bir qisim isə Babacanı Türkiyəni iqtisadi böhrandan çıxara biləcək nadir şəxslərdən biri olacağını hesab edir. Hətta ondan bəzi yerlərdə müxalifətin prezidentliyə ideal namizədi olaraq bəhs edilir.

Babacanı tərifləyənlər qədər tənqid edənlər də az deyil. Belə ki, onu mərkəz sağdan və siyasi islamçılıqdan vaz keçməməkdə günahlandıranlar var. Bəzilər isə Əli Babacanın prezident deyil, "Millət İttifaqı" iqtidarının iqtisadiyyat naziri olaraq görmək istədiyini dilə gətirir. Görünən odur ki, Əli Babacan prezidentliyə namizəd olmaq istəyir və onu dəstəkləyən bir kütlə də var.

"Millət İttifaqı"nın onun bu istəyinə hansı cavabı verəcəyini isə zaman göstərəcək.

Elmir Mustafa
Cebhe.info