Əli Kərimlinin uğursuz himayə axtarışı

Azərbaycanın 44 günlük müharibədə və antiterror əməliyyatından sonra əldə etdiyi tarixi qələbələri, regionun geosiyasi mənzərəsini dəyişəcək lider dövlətə çevrilməsini AXCP sədri Əli Kərimli ikrah hissi ilə qarşılayır.
Çünki Azərbaycanın əldə etdiyi uğurlar Əli Kərimlinin tənqidi ritorikadan çıxış etməsi üçün bütün arqumentlərini yerlə bir edib. O, artıq siyasi iflasa uğramış durumdadır. Ona görə də və bütün siyasi “kart”ları yanmış AXCP sədri özünü xilas etmək üçün Qərbdəki dairələrdən dəstək ummağa çalışır. Əli Kərimli son müsahibələrinin birində Ermənistanın tutduğu siyasi kursu Azərbaycana nümunə göstərir.
AXCP sədri hesab edir ki, Azərbaycan da Rusiya ilə düşmənçilik yolu tutmalı, Ermənistan kimi üzünü Fransaya, Avropaya çevirməli, rəsmi Moskvanın da təmsil olunduğu bütün regional və siyasi platformalardan uzaqlaşmalıdır. Təbii ki, primitiv təhsili, dünyagörüşü olan hər bir azərbaycanlı bu fikirlərin heç bir siyasi məntiqə uyğun olmadığını yaxşı anlayır.
Əli Kərimli Ermənistanı Azərbaycana qarşı silahlandıran, erməniləri kütləvi şəkildə Qarabağa köçürmək tələbi ilə çıxış edən, sülhə mane olan Fransa və digər Qərb dövlətlərinin mövqeyinə bəraət qazandırmaqla ucuz populyarlıq qazanmağa çalışır. Müxalifətin siyasi lideri adına iddia edən bir şəxsin belə absurd mövqedən çıxış etməsi şübhəsiz ki, korporativ maraqlara xidmət edir. Əli Kərimli Azərbaycanın əsl uğurunu Nikol Paşinyanın getdiyi yolu təkrarlamaqda görür.
Bu yol Rusiyadan uzaqlaşmaq və Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əslində, bu, tanış ritorikadır. Əli Kərimlinin “Xilasımız Qərbdədir”, “Qərb torpaqlarımızı işğaldan azad edəcək” kimi 30 il təkrar etdiyi sözlər heç bir nəticə vermədi. Azərbaycan öz gücünə ərazilərini işğaldan azad etdi, separatizmə son qoydu. İndi yeni reallıqlar qarşısında aciz vəziyyətə düşmüş Əli Kərimli xalqın sual dolu baxışları ilə üzləşib.
Ona görə də puç olan siyasi karyerasını qorumaq üçün Ermənistanın havadarlarına “Mən sizin mövqeyinizi bölüşməyə hazıram” mesajını verir və onlardan mədət umur. Bu gün Nikol Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq siyasətinin Azərbaycana heç bir dəxli yoxdur. Ermənistan müstəqillik əldə etdikdən sonra Rusiyanın forpostu olub.
Paşinyan Qərbdə onu hakimiyyətə gətirmiş “ağaları”nın qarşısında götürdüyü siyasi öhdəliyə uyğun olaraq, Rusiyadan uzaqlaşmağa çalışır. Ancaq Ermənistandan fərqli olaraq, Azərabaycan nə siyasi, nə iqtisadi, nə hərbi sahələrdə Rusiyadan asılı olub. Azərbaycan inkişaf edən müstəqil siyasət yürüdüb, həm Rusiya ilə, həm Qərblə balanslaşmış strateji tərəfdaşlıq münasibətləri qurub.
Məhz bunun nəticəsidir ki, Rusiya həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatı zamanı Azərbaycanın mövqeyi ilə barışmalı oldu. Azərbaycan da Paşinyan kimi Rusiyaya qarşı düşmənçilik mövqeyi tutsaydı, ərazilərinin işağldan azad edilməsində Moskvanın radikal müqaviməti ilə üzləşərdi.
Amma ermənilər bu gün Azərbaycanın əldə etdiyi böyük Zəfərə görə məhz Rusiyanı ittiham edirlər. Əlbəttə, işğal altındakı torpaqlarımızı Azərbaycan Ordusu azad edib. Ancaq Azərbaycan dövləti Paşinyanın yürütdüyü səriştəsiz siyasətindən, Rusiya ilə Qərb arasında manipulyasiya etməsindən, Ermənistanı müxtəlif qütblərdə dayanan güclərin geopolitik rəqabət meydanına çevirmək cəhdindən diplomatik müstəvidə uğurla faydalana bildi.
Əli Kərimli isə bu kursa qarşı çıxaraq bildirir ki, Azərbaycanın düzgün yolu Ermənistanla birgə Fransanın yanında yer almaqdan ibarətdir. Özünü müxalifərt lideri adlandıran Əli Kərimli əgər bilmirsə gec də olsa öyrənə bilər: “Siyasətdə daimi əbədi mövqe və dostlar yoxdur, maraqlar var”.
Azərbaycan dövlətinin bütün ölkələrlə və qurumlarla əməkdaşlığı da məhz bu maraqlar çərçivəsində müəyyən edilir. Bu gün Ermənistanı Azərbaycana qarşı düşmənçiliyi davam etdirməyə təhrik edən, regionda münaqişəni yenidən alovlandırmaq istəyən Qərb dövlətlərinin yanında yer almaq Paşinyan hökumətinə lazımdır.
30 il davam edən işğal faktına görə bir dəfə də olsun Ermənistanı qınamayan Fransanın mövqeyi bundan sonra çətin ki, dəyişsin. Ən azı, Emmanuel Makron hakimiyyətdə qaldıqca, Fransa-Ermənistan cütlüyünün Azərbaycana qarşı düşmənçiliyi güclənəcək. Əli Kərimli isə Azərbaycanın da Ermənistan və Gürcüstanla eyni blokda Rusiyaya qarşı düşmənçilik və Qərblə yaxınlaşma yolunu tutmasını təklif edir.
Bu yanaşma Ukraynanı, Gürcüstanı, Moldovanı müharibələrə sürüklədi, Ermənistanın Azərbaycanla münaqişədə ağır məğlubiyyəti ilə nəcitəcələndi. Çünki illərlə Ermənistanı Rusiya qoruyurdu. Bu dəfə Rusiya sadəcə qarışmadı və bu Azərbaycan bəs etdi ki, öz torpaqlarını azad etsin.
Görünür, Əli Kərimli Qərbin köməyi ilə öz siyasi planlarını həyata keçirmək üçün Azərbaycanın təxribata çəkilməsini istəyir. Ancaq Əli Kərimli unudur ki, Azərbaycanda siyasi uğru qazanmağın bir formulu var: Bu da xalqın dəstəyini əldə etməkdən ibarətdir. Qərbdə, şərqdə himayədar axtaranlar heç vaxt öz məqsədinə çata bilməyib. Xalq isə bu dəstəyi Əli Kərimliyə vermir.
İlkin Məmmədov
Cebhe.info