Ermənistan meydanda Azərbaycanla tək qalacaq

Ermənistanın Baş naziri Nikol Paşinyanın Böyük Britaniyanın paytaxtı Londonda keçirilməli olan ikitərəfli görüşdən imtina etməsi sülh prosesinin gedişinə ciddi zərbə vura bilər.
Rəsmi İrəvanın 44 günlük müharibədən sonra başda Fransa və Hindistan olmaqla, bir sıra ölkələrdən mütəmadi və intensiv şəkildə silah-sursat tədarük etməsi, Ermənistanın Azərbaycana qarşı sülh deyil, əksinə, müharibə planları qurduğunu göstərir. Bu, nə zamansa yenidən Ermənistan ilə Azərbaycan arasında ciddi hərbi toqquşmalara gətirib çıxara bilər? Belə bir prosesin baş verəcəyi təqdirdə Azərbaycan hansı addımları atacaq?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistanın Azərbaycanla ikitərəfli təmaslardan və sülh prosesindən yayınmasının əsas səbəbi ABŞ və Fransadan aldığı siyasi və hərbi-texniki dəstəklə bağlıdır:
“Paşinyan hakimiyyəti hesab edir ki, Ermənistan artıq ABŞ-nin strateji tərəfdaşına çevrilir və tezliklə toxunulmaz ölkə olacaq. Yəni Ermənistan rəhbərliyi ABŞ-nin Ermənistan ordusu ilə hərbi təlimləri keçirməsini və ABŞ-nin yüksək rütbəli hərbçisinin Ermənistan Müdafiə Nazirliyində post tutmasını strateji tərəfdaşlıq kimi başa düşür. Halbuki, bu, əsassız və mənasız bir yanaşmadır. Bəli, ABŞ bir çoxlarına strateji tərəfdaş kimi görsənə bilər, amma reallıq onu göstərir ki, Vaşinqton yalnız öz geosiyasi və geostrateji maraqlarının həyata keçməsinə üstünlük verir.
ABŞ, eləcə də Fransa regionda proseslərə müdaxilə etmək üçün Ermənistanı Azərbaycanla sülh prosesindən uzaqlaşdırırlar. Qərb güc mərkəzləri konkret olaraq Cənubi Qafqazda hərbi-siyasi vəziyyətin gərginləşməsinə cəhd göstərirlər. Sözsüz ki, bunun ilk zərbəsi Ermənistanın özünə dəyəcək. İrəvan Qərbi özünün strateji tərəfdaşı kimi görə bilər, amma nə Fransa, nə ABŞ, nə də Avropa İttifaqı Ermənistanı çətin məqamda müdafiə edəcəklər. Əslinə baxanda ABŞ, Fransa və Avropa İttifaqı, o cümlədən müəyyən Qərb dairələri Ermənistana strateji tərəfdaş yox, strateji müstəmləkə kimi baxırlar. Rəsmi İrəvan Ermənistanın bütün idarəçiliyini Qərbin ixtiyarına verib. Qərb güc mərkəzləri müxtəlif vədlər verə bilər, ancaq çətin vəziyyətdə Ermənistanın yanında olmayacaqlar”.
Politoloq bildirib ki, əgər yenidən hərbi toqquşmalar baş verərsə, Azərbaycan Ermənistana daha ağır zərbələr vuracaq:
“Belə olan halda Qərb bəyanatlar verməkdən başqa ciddi bir reaksiya sərgiləməyəcək. Dünyanın heç bir ölkəsi Ermənistana görə Azərbaycanla müharibə aparmayacaq, Azərbaycanla münasibətləri korlamayacaq”.
Yunis Abdullayev
“Cebheinfo.az”