“Human Rights Watch”: Ermənidən artıq erməni olmaq

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Human Rights Watch” təşkilatı ermənilərin mövqeyindən çıxış edən növbəti bəyanat yayıb.
Cebhe.info-nun məlumatına görə, sənəd Qarabağın erməni sakinlərinin Azərbaycanı tərk edərək Ermənistana köçməsinə həsr olunub.
"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı bir qayda olaraq, dünya ölkələrində insan haqlarının vəziyyətinə dair müşahidələrin aparılması və hesabatların hazırlanması ilə məşğul olduğuna görə sözügedən bəyanatın yayılmasında məqsəd Azərbaycanda guya ermənilərin hüquqlarının pozulduğuna barədə rəy yaratmaqdır.
Həqiqətən də insan haqları təşkilatı son 35 ildə, yəni Azərbaycana qarşı separatçılıq hərəkatı və işğalçılıq müharibəsinin başlanmasından bəri daima ermənilərin hüquqlarının müdafiəçisi kimi çıxış edib. Bu müddətdə nə Ermənistandan zorla qovulan 300 min azərbaycanlını, nə də ermənilərin apardığı etnik təmizləmə nəticəsində məcburi köçkün düşən 800 min insanın haqlarının pozulduğunu bəyan etməyib.
Ermənilərin Qarabağdan öz istəyi ilə başqa ölkəyə köçməsini isə “Human Rights Watch” “kütləvi və ağrılı miqrasiya” adlandırıb.
Adıçəkilən təşkilat bildirir ki, diqqəti “məcburi köçkünlər”in hüquqları ilə bağlı Azərbaycanla danışıqlara yönəltməyə ehtiyac var.
Qeyd edilir ki, bu danışıqlarda iştirak edən hökumətlər Azərbaycandan etnik ermənilərin geri qayıtmaq hüququna hörmət, onların müdafiə və Qarabağa göndərilməsini həyata keçirmək üçün konkret öhdəliklər almalıdır.
Ancaq sözügedən təşkilat Ermənistandan deportasiya edilmiş 300 min azərbaycanlının öz vətəninə qayıtması və müdafiəsi ilə bağlı Nikol Paşinyan hakimiyyətini hər hansı bir öhdəlik götürməyə çağırmır və bu məsələdə susmağa üstünlük verir. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycan dinc erməni əhalisini öz evlərindən çıxararaq qovmayıb. Hətta onlara müraciət edərək evlərini yandırmamağı, öz evlərində qalmağı və azərbaycanlılarla dinc, yanaşı yaşamağı təklif edib.
Lakin erməni sakinlər bir çoxu özləri “Laçın” sərhəd-buraxılış məntəqəsində telekanallara verdikləri müsahibələrdə Ermənistana köçmək qərarını özləri könüllü verdikləri və Qarabağda qalmaq istəmədiklərini bildiriblər. Ermənilər hər hansı bir təzyiqə məruz qalmadıqlarını, heç kimin onları qovmadıqlarını deyiblər. Hətta Ermənistan ərazisinə keçdikdən sonra onlar həm yerli, həm də xarici ölkələrin telekanallarına açıqlama verərəkən eyni fikirləri təkrar ediblər. Bütün bunlar həm də hüquqi faktdır.
Amma özünü insan hüquqlarının müdafiəçisi adlandıran təşkilat heç bir əsas olmadan bu faktı danır və onları “məcburi köçkün” kimi qələmə verir. Görünür, “Human Rights Watch” üçün insan haqları deyil, erməni diasporunun və ABŞ elitasındakı erməni lobbisinin siyasi maraqları daha vacib əhəmiyyət daşıyır. Əks təqdirdə, bəyanat müəllifləri Azərbaycan dövlətinin ermənilərə öz evlərini tərk etməmək və geri dönməsi ilə bağlı müraciətini qeyd edərdi.
Beynəlxalq insan haqları təşkilatı obyektiv mövqedən çıxış etmək və yaxud həqiqətin öz yerini tapmasını istəyirsə, o zaman bəyanatı hazırlayarkən dünyada ən ali qurum olan BMT-nin müşahidə missiyasının rəyini də nəzərə almalı idi. Çünki BMT müşahidəçiləri Qarabağdan yeni qayıdıb. Onların hazırladığı rəydə erməni sakinlərə qarşı zorakılıq baş vermədiyi, antiterror əməliyyatı zamanı mülki obyektlərə ziyan vurulmadığı və insanların öz istəyi ilə köçdüyü açıq mətnlə göstərilib.
Ancaq təşkilat yaydığı bəyanatda BMT-nin deyil, erməni diasporunun rəyini üstün tutub. Belə olmasaydı, azərbaycanlı həkimlıərin Xankəndidə dinc, yaşlı erməni sakinləri necə müayinə etdiyini, erməni sakinlərin reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən hansı güzəştlərin tətbiq edildiyini də yazardı.
“Human Rights Watch”ın bəlkə də, Qarabağı xəritəddə tanımayan əməkdaşları 100 min erməni “məcburi köçkün”ün olmasından danışır. Bəyanatın qeyri-obyektiv, əsassız və savadsız hazırlanması elə buradan aydın olur. Çünki məcburi köçkünlük bir dövlətin vətəndaşlarının məcburi şəkildə həmin ölkənin daxilindəki başqa əraziyə yerdəyişməsinə deyilir.
Qaçqınlar isə insanların bir dövlətdən başqa dövlətə məcburi şəkildə köçməsi və ya qaçmasıdır. Bunların isə heç biri baş verməyib. Əvvəla ermənilər başqa dövlətin ərazisinə keçdiyi üçün “məcburi köçkün” sayıla bilməz. İkincisi, onlar könüllü şəkiləd köçdüklərinə görə qaçqın statusu da daşımır. üçüncüsü, köçən ermənilərin böyük əksəriyyəti Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmış Ermənistan, Rusiya, Livan vətəndaşlarıdır. Onları qaçqın demək yenə də böyük səhvdir.
Köçən ermənilərin sayına gəlincə, bununla bağlı “Human Rights Watch” onların sayını qeydə alan nə Azərbaycanın Dövlət Sərhəd Xidmətinə, Rusiya sülhməramlı kontingentinə, nə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət etməyib.
Ona görə də ermənilərin yalan məlumatları əsasında yazılmış bəyanatın heç bir hüquqi fakta söykənmir. Halbuki, dəqiq statistika tələb edən belə bəyanatların və hesabatların hazılanması zamanı bitərəflik prinsipi qorunmalıdır. “Human Rights Watch” isə bitərəfliyi deyil, ermənilərin tərəfini tutub.
Müşfiq Abdulla
Cebhe.info