“İki stul”da oturan İrəvan: Moskva ağır basacaq, yoxsa Vaşinqton?

“İki stul”da oturan İrəvan: Moskva ağır basacaq, yoxsa Vaşinqton?

“Ermənistan təhlükəsizlik sahəsində bir mərkəzdən asılılığı azaltmalıdır”.

Cebhe.info-nun məlumatına görə, Ermənistan Prezidenti Vahan Xaçaturyan Birləşmiş Ərəb Əmirliklərindəki erməni icması ilə görüşündə belə deyib. Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməli və bir mərkəzdən asılılığı azaltmalıdır. Onun sözlərinə görə, Ermənistanın uzun illər ərzində olduğu təhlükəsizlik sistemi işləməyib və nəticədə ölkə bu gün problemlərlə üzləşib.

Qeyd edək ki, Ermənistan son zamanlar təhlükəsizlik sisteminin diversifikasiyası adı altında Rusiyadan hərbi və siyasi asılılığını aradan qaldırmağa çalışır. Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqı və ABŞ-la yaxınlaşmasının əsas prioritetlərindən biri də təhlükəsizlik sahəsində Qərbin himayəsinə keçməkdir. Bu məqsədlə Ermənistan son vaxtlar Avropa İttifaqı, Fransa, İtaliya, Böyük Britaniya, ABŞ-la hərbi əməkdaşlıq sahəsində razılaşmalar imzalayıb. 

Dekabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfərə gedəcək. Təhlükəsizlik Şurasının ofisindən verilən məlumata görə, səfər zamanı Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı gündəliyinin müzakirəsi planlaşdırılır. Armen Qriqoryanın səfəri zamanı ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağı ehtimal olunur.

Bu arada, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının noyabrın 30-da keçirilmiş toplantısına qatılmaqdan imtina edib. Bu xəbərlər Ermənistanın KTMT-dən çıxacağına dair rəyləri möhkəmlədir.

İkitərəfli hərbi əməkdaşlığa dair müqavilələr və bu yöndə edilən qarşılıqlı səfərlər fonunda Paşinyan hökuməti Qərbdən Ermənistanın təhlükəsizliyinə təminat  istəyir. Lakin Qərb Ermənistana ilk növbədə KTMT-nin sıralarını tərk etməyi, sonra isə Rusiya hərbi bazalarını öz ərazisindən çıxartmağı təklif edir. Lakin 102 saylı hərbi bazanın yerləşdirilməsinə dair Rusiya ilə ikitərəfli hərbi müqavilənin müddəti 2044-cü ildə başa çatdığından, Ermənistan Qərbin tələblərini sona qədər yerinə yetirə bilmir.

Ermənistanın KTMT-dən çıxması daha asan görünür və hətta yaxın aylarda reallaşa bilər. Bu baxımdan, Baş nazir Nikol Paşinyanın dekabrın 26-da MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi toplantısında Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüşü sonuncu şans hesab edilir. Əgər Paşinyan Sankt-Peterburqa səfər etsə və Putinlə görüşü mülayim ab-havada keçsə, Ermənistanla KTMT arasındakı böhranlı münasibət səngiyə bilər. Əgər səfər baş tutmasa, o halda İrəvanın Moskva ilə münasibətlərindəki gərginlik artacaq, Ermənistanın isə KTMT-dən çıxması prosesi sürətlənəcək.

Qərb isə Ermənistanın Rusiya ilə hərbi müttəfiqlik əlaqələrinin davam etməsini Paşinyan hökumətinin “iki stul”da əyləşməsi kimi qəbul edir. Həm Paşinyanın, həm də Prezident Xaçaturyanın işlətdiyi “təhlükəsizliyin diversifikasiyası” termini əslində, Rusiya ilə paralel Qərblə də hərbi müttəfiqliyin qurulmasını nəzərdə tutur. Bu cür yanaşmanı isə həm Qərb, həm də Rusiya öz maraqlarına zidd hesab edir. Ona görə də hər iki siyasi qütbdən Paşinyanın qarşısında seçim etmək tələbi qoyulur. 

Ermənistan hakimiyyəti isə üzvü olduğu təhlükəsizlik sistemini balanslaşdırmaqla gərginliyi azaltmağa çalışır. Buna nə qədər nail olacağını isə gələcək göstərəcək.

Müşfiq Abdulla 
Cebhe.info