İrəvan sülh üçün dəyişiklik şərtinə razılaşır

Azərbaycanla Ermənistan arasında sülh prosesinin nizamlanması üzrə qarşılıqlı təmaslar və danışıqlar davam edir.
Demək olar ki, iki ölkə arasında sülh sazişinin imzalanmasına əngəl yaradan problemlər həll olunub. Yəni Azərbaycan ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini tam şəkildə bərqərar etməklə yanaşı regionda sülh, sabitlik və təhlükəsizliyi təmin edib. Digər ən önəmli məsələ isə Ermənistanda ictimaiyyətin qonşuları ilə sülhə hazırlanmasıdır.
Artıq üç ildən çoxdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, o cümlədən ölkənin bir sıra dövlət rəsmiləri erməni cəmiyyətində regiondakı hazırkı reallıqlar, düşmənçiliyin aradan qalxması və sülhün zərurilini əks etdirən təbliğat işləri aparırlar. Paşinyan hər vəchlə erməni cəmiyyətinə Qarabağ münaqişəsinin Ermənistana və erməni xalqına yalnız fəlakət gətirdiyini, Ermənistanın qonşuları ilə düşmənçilikdən heç nə əldə etmədiyini və münaqişə nəticəsində bataqlığa sürükləndiyini anlatmağa çalışır. Paşinyanın fevralın 7-də ölkənin Milli Assambleyasında son bəyanatı bunu bir daha sübut edir. O, bəyan edib ki, Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəkməli və öz gələcəyini düşünməlidir.
“Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı sülhdən danışırıq? Bu, o deməkdir ki, sülh mümkün deyil. Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, - deyə Paşinyan vurğulayıb. Paşinyan bununla öz xalqına izah etməyə çalışır ki, nə qədər Qarabağ təfəkkürdən çıxmayıb, erməni xalqı çox ölüm-itimlə üzləşəcək, ermənilərin yeganə nicat yolu qonşuları ilə dinc yaşamaqdan keçir.
Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Ermənistan ictimaiyyətinin sülhə hazırlanması üçün ilkin olaraq bu ölkənin konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəalar aradan qalxmalıdır:
“Artıq Ermənistanda bu istiqamətdə tədbirlərin görülməsinə başlanılıb. Nikol Paşinyan bu məsələni ölkənin gündəminə çıxarıb. Ermənistanın siyasi ictimaiyyətində bu məsələ aktiv şəkildə müzakirə olunur. Burada əsas hədəf yalnız konstitusiyanın bəzi müddəaları deyil, həmçinin konstitusiyanın və Müstəqillik Bəyannaməsinin bütövlükdə dəyişdirilməsinə yönəlib.
Qeyd edim ki, 1991-ci ildə Ermənistanda Müstəqillik Bəyannaməsi qəbul olunarkən, ovaxtkı Azərbaycanın SSR-nin bir parçası olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı müddəa daxil edilib. Bu, 11-ci müddəada göstərilib. Həmin müddəa ləğv olunmalıdır.
Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəalar var. Ölkənin konstitusiyasında müsbətə doğru dəyişikliklər aparılmadan nə Azərbaycanla sülhün təmin olunması, nə Türkiyə ilə münasibətlərin normallaşması mümkün olacaq. Bu istiqamətdə ciddi işlər görülmədən Azərbaycanla sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistanın Konstitusiya Məhkəməsi həmin sənədi təsdiqləməyəcək”.
Ekspert buna bir nümunə kimi 2009 - ci ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı protokolun imzalanmasına baxmayaraq, ölkənin konstitusiya məhkəməsi həmin sənədin ratifikasiya edilmədiyini göstərib:
“Məhkəmədə bu protokolu konstitusiyaya zidd hesab etdilər. Ermənistan Azərbaycanla sülh sazişini imzalamaq üçün mütləq şəkildə öz konstitusiyasını dəyişməlidir. Hesab edirəm ki, Ermənistanda konstitusiyanın və Müstəqillik Bəyannaməsinin dəyişdirilməsi üçün ümumxalq referendumu keçiriləcək. Bu referendumdan sonra Qarabağdan gedən ermənilərin iddiaları tamamilə aradan qalxacaq”.
Q. Çaxmaqlının sözlərinə görə, Ermənistanda sülhə meyilli olan insanların sayı artır:
“Ermənistanda sadə insanların əksəriyyəti qonşuları ilə sülhün və barışığın təmininin tərəfdarıdır. Ermənistanda rasional düşüncəyə malik olan insanlar başa düşürlər ki, düşmənçiliyin davam etməsi Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Təbii ki, revanşist qüvvələr bunu anlamaq istəmirlər”.
Azərbaycan-Ermənistan sülh prosesinə Eçmiədzin kilsənin təsirinə gəlincə, Q. Çaxmaqlı vurğulayıb ki, istər Ermənistanda, istərsə də müxtəlif ölkələrdə erməni dini dairələrinin Paşinyan hakimiyyətinə o qədər güclü təsir imkanları yoxdur:
“Ermənistanda kilsə dövlətdən ayrı bir qurumdur. Kilsənin hər hansı addımı və bəyanatı hökumət tərəfindən ciddi qəbul olunmur. Düzdür, Eçmiəzdin kilsəsinin rəhbəri və digər erməni keşişləri Paşinyan hakimiyyətinə qarşı savaş açıblar. Amma onların revanşist addımlarının heç bir nəticəsi yoxdur, bundan sonra da olmayacaq. Ermənistan ictimaiyyətində kilsə ciddi təsir gücünə və xalqa təsir etmək imkanlarına malik deyil”.
Ermənişünas alim bu il Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini də qeyd edib:
“Hesab edirəm ki, bu il Ermənistanda növbədənkənar parlament seçkiləri də keçiriləcək. Aparılan sorğulara görə, Nikol Paşinyanın xalq arasında reytinqi hələ yüksək olaraq qalır. Paşinyanın hakimiyyətdə qalmaq ehtimalı var. Onu da vurğulayım ki, Nikol Paşinyan növbədənkənar seçkilər keçirməklə indiki parlamentdə mandat sahibi olan revanşist müxalif qüvvələrin gücünü azaltmağa çalışacaq. Eyni zamanda, Eçmiəzdin kilsəsinin də təsirini məhdudlaşdıracaq”.
Q. Çaxmaqlı erməni din xadimləri arasında sülhə meyilli olan ruhanilərin də olduğunu bildirib:
“Bəli, erməni din xadimləri arasında radikal millətçilər var, amma mülayim münasibət sərgiləyənlər, qonşuları ilə sülhə və barışığa səsləyənlər də var. Birmənalı şəkildə demək olmaz ki, erməni kilsəsi Paşinyana qarşıdır, Azərbaycanla aparılan sülh danışıqlarının əlehinədir. Ancaq Paşinyan hakimiyyəti kilsənin cəmiyyətində rolunu azaltmaq üçün tədbirlər görəcək”.
Yunis Abdullayev
"Cebhe.info"