Moskva-İrəvan gərginliyi pik həddə: “Putinin Paşinyana olan qəzəbi və nifrəti…”

Moskva-İrəvan gərginliyi pik həddə: “Putinin Paşinyana olan qəzəbi və nifrəti…”

Ermənistanda Rusiya əleyhinə siyasi etirazlar güclənir.

Bir müddət öncə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını tələb edən ermənilər indi Rusiya hərbi bazasının bu ölkədən çıxarılması şüarı ilə ayağa qalxıb. Belə ki, Nikol Paşinyan hakimiyyətinin Kremllə münasibətlərində olan gərginlik son vaxtlar daha çətin müstəviyə daxil olub. Rusiya hərbi bazasının çıxarılması tələbi ilə yanvarın 8-də keçirilmiş etiraz aksiyası müxalifət tərəfindən təşkil olunsa da, əslində bu şüar rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür.

Qeyd edək ki, Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında keçirilən Rusiya əleyhinə aksiyada 65 nəfər saxlanılıb. Bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Zarzand Qabrielyan bildirib. Qeyd edək ki, etiraz aksiyasını “Milli-Demokratik Qütb” təşkilatı düzənləyib. Onlar Rusiyanın 102-ci hərbi bazasına girişi bağlamağa cəhd ediblər. Aksiyaçılar Ermənistandan Rusiya hərbi bazasının çıxarılmasını tələb edib. Etirazçılar Rusiyanı Azərbaycanın və Türkiyənin dostu adlandırıb. Ancaq Rusiyaya qarşı ittihamlar yalnız müxalifət tərəfindən deyil, eyni zamanda hakimiyyət tərəfindən səsləndirilir. Bu baxımdan, etirazçıların görüntü xatirinə saxlanıldığı istisna olunmur.

Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsinin gündəmə gətirilməsində Paşinyan hökuməti də maraqlıdır. Xatırladaq ki, Ermənistanın Baş naziri KTMT-nin noyabrın 23-də İrəvanda keçirilən sammitinin yekun protokolunu imzalamaqdan imtina etmişdi. Paşinyanın bu addımı Rusiya ilə münasibətlərindəki gərginliyi artırmaqla yanaşı, Ermənistanın KTMT-dən çıxacağına dair məlumatları yenidən gündəmə gətirdi. Bunun ardınca N.Paşinyan hökumətin iclasında Rusiyanı və sülhməramlı qüvvələri öz vəzifəsini yerinə yetirməməkdə ittiham etdi. MDB ölkələrinin dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə görüşündə Ermənistan və Rusiya liderlərinin görüşü belə bu narazılığı aradan qaldıra bilmədi.

Ermənistan hakimiyyəti Moskvanı öz müttəfiqlik öhdəliyinə əməl etməməkdə suçlamaqla Rusiya ilə vaxtilə yaradılmış təhlükəsizlik sisteminin artıq öz əhəmiyyətini itirdiyini nümayiş etdirməyə çalışır. Əslində, Rusiya tərəfi də Ermənistanla hərbi müttəfiqlik şərtlərini yerinə yetirməkdə o qədər maraqlı görünmür. Ona görə də perspektivdə iki ölkə arasında hərbi-təhlükəsizlik müttəfiqliyinin pozulacağı proqnozlaşdırılır. Bu, Ermənistanın KTMT üzvlüyünü tərk etməsinə və Rusiya hərbi bazasının bu ölkədən çıxarılmasına səbəb ola bilər.

Politoloq Xaqani Cəfərli Cebhe.info-ya açılamasında bildirib ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi Prezident Vladimir Putinlə Baş nazir Paşinyan arasındakı ziddiyyətlə bağlıdır. Bu da öz növbəsində, iki ölkə arasında hərbi müttəfiqliyə xitam verilməsinə gətirib çıxaracaq:

“2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan-Rusiya münasibətlərində yeni dövr başlayıb. Əvvəllər Moskvanın İrəvana etimadı birmənalı şəkildə mövcud idi. Lakin Paşinyanın hakimiyyətə gəlişindən sonra bu etimad sarsıldı və tədricən dağılmağa başladı. İrəvan və Moskva artıq bir-birinə inanmır. Bunun bir sıra səbəbləri var. Məsələn, Ermənistan Rusiyanın təşkilatçılığı ilə baş tutan üçtərəfli danışıqlardan son anda imtina etməklə Moskvaya olan etimadsızlığını bütün dünyaya göstərdi. Bunun ardınca, Rusiyanın Ermənistanda dislokasiya olunmuş hərbi bazası önündə etiraz aksiyası keçirməklə daha bir təzyiqə əl atılır. Bunlar bir zəncirin ayrı-ayrı həlqələridir. Bütövlükdə, Rusiyanın Ermənistana verə biləcəyi bir şey qalmadığına görə Ermənistanın da Rusiyadan gözləntiləri tükənib”.

Ekspert bildirib ki, uzun illər Ermənistanın varlığı və fəaliyyəti Rusiyanın Cənubi Qafqaz siyasətinin bir hissəsi olub:

“Ermənistan Azərbaycanla müharibəni Rusiyanın hərbi resursları hesabına aparıb. Sadəcə olaraq, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Rusiya bu ölkəyə əvvəlki dəstəyini vermədi. Bu münasibət Ermənistanı indiki vəziyyətə gətirib çıxarıb. Nəticədə, tərəflər yollarını ayrımağa başlayıb. Əvvəllər Ermənistanın siyasəti və işğalçılıq fəaliyyəti Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərinin güclənməsinə xidmət edirdi. Ancaq indi Rusiyanın bölgədə gücünün qalmaması və Ermənistanın işğalçılıq siyasətinin iflasa uğraması İrəvanı Moskva ilə münasibətlərinə yenidən baxmağa vadar edir. Bu isə o deməkdir ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına Ermənistanın ehtiyacı qalmayıb. Yəni Azərbaycanla sülh müqaviləsi imzalanacağı və Türkiyə ilə münasibətlərin normallaşacağı təqdirdə Ermənistanın kənar təhlükədən müdafiə üçün Rusiyanın dəstəyinə ehtiyacı qalmayacaq. Çünki bu hərbi baza Azərbaycana və Türkiyəyə qarşı yönəlmişdi. Ona görə də Ermənistan Azərbaycan və Türkiyə ilə sülhə, əlaqələrin bərpasına nail olsa, Rusiyaya ehtiyacı olmayacaq. Ermənistanın öz işğalçılıq siyasətini həyata keçirmək üçün Rusiyaya ehtiyacı var idi. İşğalçılıq siyasəti iflasa uğrayandan sonra Rusiya ilə birgə layihələri qalmır. 102 saylı hərbi baza da həmin birgə layihələrin elementlərindən biri idi”.

Ekspert hesab edir ki, Rusiyanın başqa dövlətlərlə birgə qurduğu təhlükəsizlik sistemləri müəyyən siyasi dəyərlər üzərində formalaşır. Vaxtilə Varşava Müqaviləsi Təşkilatı kommunist ideologiyasına əsaslanan, sosialist ölkələrinin sistemi idi. NATO isə demokratik dövlətlərin hərbi birliyidir. Rusiyanın yaratdığı KTMT avtoritar rejimlərin alyansıdır. Ermənistan isə bu prosesi pozub: “Ermənistanda hakimiyyətin “məxməri inqilab” yolu ilə devrilməsi və fərqli mexanizmlər əsasında formalaşması Rusiyanın qurduğu sistemin siyasi çat verməsinə gətirib çıxarıb. Bu, Rusiya üçün gözlənilməz oldu və ziddiyyətlərə gətirib çıxartdı. Ona görə də Ermənistana fərqli münasibətin yaranması normal haldır. Çünki Ermənistan əvvəlki konfiqurasiyanın pozulmasına səbəb olmuşdu. Putin isə 2007-ci ildə Qərblə başlatdığı qarşıdurmanı avtoritar ölkələrin birliyi kimi nəzərdə tuturdu. O, Qərbin liberal demokratiyasına qarşı fərqli ideologiya qoya bilmədiyi üçün alternativ kimi avtoritar liderlərin birliyini yaratmağa çalışırdı. Ermənistanın da daxil olduğu KTMT bu birliyin ilk rüşeymi idi. Rusiya digər ölkələri də cəlb etməklə Qərbin liberal-demokratik ideologiyasına qarşı geniş siyasi-hərbi ittifaq yaratmaq istəyirdi. Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Putinin bütün bu planlarını puça çıxardı və onun bu istiqamətdə gördüyü işlərə ciddi zərbə vurdu. Rusiya Prezidentinin Paşinyana olan qəzəbi və nifrəti buradan qaynaqlanır. Paşinyan özü də bilmədən Putinin imicinə böyük zərbə vurdu və sonra bu istiqamətdə başqa addımlar da atdı. Nəticədə, Moskva və İrəvan arasındakı münasibətlər ciddi şəkildə zədələndi və qarşıdurma həddinə çatdı. Uzun illər Ermənistan Rusiyanın forpostu hesab edilsə də, hakimiyyət dəyişikliyi bütün bunların üzərindən xətt çəkdi və münasibətləri yeni müstəviyə keçirdi. Əgər İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda Robert Köçəryanın başçılıq etdiyi qüvvələr hakimiyyətə gəlsəydi, münasibətlər yumşalardı. Ancaq Paşinyanın hakimiyyətini qoruyub saxlaya bilməsi fakitiki olaraq bu münasibətlərin gərginləşməsinə şərait yaratdı. Bundan sonra Ermənistanla Rusiya arasında yaxınlaşma mümkün deyil”.

Xaqani Cəfərlinin sözlərinə görə, həm Moskva və İrəvan arsında qarşıdurmanın artması, həm də Rusiyanın Ukraynadakı müharibədə məğlubiyyətə uğraması Ermənistanın hərbi müttəfiqlikdən imtina etməsi ilə nəticələnəcək: “Bu baxımdan, 2023-cü il çox önəmli il olacaq. Yəni bu il Rusiyanın bütün postsovet məkanında təsirlərini itirdiyi bir dövr olacaq. Xüsusilə, Ermənistan və Qazaxıstan KTMT ilə münasibətlərinə yenidən baxacaq. KTMT-nin gələn il mövcud olacağına böyük şübhəm var. Fikrimcə, bu il yay aylarının sonu və payızın əvvəlində KTMT-nin tarixə qovuşmasının şahidi olacağıq. Bu təşkilatı ilk tərk edən ölkələrdən biri yəqin ki, Ermənistan olacaq”.

Müşfiq Abdulla

Cebhe.info