Mühərrəm İncənin namizəd olmaq istəyi: Sirr və reallıq 

Mühərrəm İncənin namizəd olmaq istəyi: Sirr və reallıq 

Türkiyədə siyasi proseslər artan xətt üzrə davam edir.

“Cümhur İttifaqı” və “Millət İttifaqı”nın ardından yeni bir ittifaqın formalaşması ilə bağlı xəbərlər yayılır. Həmin xəbərlərə görə, Məmləkət Partiyası, Zəfər Partiyası, Doğru Partiyası və Ədalət Partiyası arasında yeni bir ittifaqın qurulması ilə bağlı razılıq əldə olunub. Hələlik ittifaqın adı bəlli deyil. Lakin Ədalət Partiyasının sədri Vecdet Öz ittifaqla bağlı açıqlamanı birgə olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarı başında – “Anıtkabir”də edəcəklərini bildirib. Onun sözlərinə görə, yeni koalisiya Atatürkçü, cümhuriyyətçi və milli olacaq. Yeni ittifaqın prezident seçkilərinə öz namizədi ilə qatılacağı da iddia olunur.

İlkin ehtimallara görə, sözügedən koalisiyanın namizədi Məmləkət Partiyasının sədri Mühərrəm İncə olacaq. 2018-ci il seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olaraq ikinci yeri tutan İncənin yenidən özünü sınamaq istədiyi söylənilir. Mühərrəm İncə 2018-ci ildə keçirilən prezident seçkisində 15 milyondan çox seçicinin səsini alaraq 30,64% səs toplayıb.

Namizəd olarkən Mühərrəm İncənin keçirdiyi mitinqlərdə də böyük izdiham yaşanırdı. Onun İzmirdəki mitinqinə təxminən 2,5 milyon insanın qatılması böyük səs-küyə səbəb olmuşdu. Lakin burada diqqət olunmalı xüsusi bir məqam var. Əslində həmin mitinqlərdəki izdiham Mühərrəm İncənin şəxsinə olan sevgisindən yox, CHP-yə olan münasibətin göstəricisi idi. Ən izdihamlı mitinqlərin CHP-nin qazandığı şəhərlərdə keçirilməsi də bunu deməyə əsas verir.

Görünür, Mühərrəm İncə həmin o böyük dəstəyin özü ilə bağlı olduğunu və 15,3 milyon insanın səsini onun liderliyini dəstəklədikləri üçün qazandığını düşünür. O, bəlkə də Türkiyə xalqının tam dəstəyini alacağına inanırdı. Əslində bu çox yanlış bir düşüncə idi. Məgər həmin dönəm Mühərrəm İncə CHP sədri Kamal Kılıçdaroğlu və Prezident Rəcəb Tayyib Ərdoğandan daha yüksək reytinqə sahib idi?

Təbii ki, xeyr. Amma onu demək olar ki, bir anda milyonlarla insanın dəstəyini görən Mühərrəm İncə sözün bütün mənasında eyforiyaya qapıldı. Bu səbəbdəndir ki, Prezidentliyə namizəd olub uduzsa da, CHP sədrliyinə iddiadan geri çəkilmədi.

Necə deyərlər, “çox istəyən azdan da olar” misalında bir siyasi kriz yaşadı. CHP sədrliyinə də iddiasını ortaya qoysa da, məğlub oldu. CHP qurultayında Kemal Kılıçdaroğlu 63,9% səslə yenidən partiyanın sədri seçildi. Mühərrəm İncə isə 36,1% səs yığdı. Buna rəğmən, geri addım atmaq istəməyən İncə yenidən namizəd olmaqda israrlı idi. Kılıçdaroğlu isə potensial rəqibini “oyundan kənar vəziyyət”ə saldı. Çünki 2018-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Mühərrəm İncənin nüfuzu xeyli artmışdı və bu, partiya daxilində də ciddi şəkildə hiss olunurdu.

Düzdür, onun Kamal Kılıçdaroğlu səddini keçib CHP sədri olacağını əminliklə söyləmək nə qədər çətin olsa da, belə bir ehtimal mövcud idi. Yəni Mühərrəm İncənin Kamal Kılıçdaroğlunun yerinə potensial namizəd olması ilə bağlı fikirlər böyük sürətlə tirajlanırdı. İlk seçimdə məğlub olsa da, artan nüfuzu onu daha da iddialı bir vəziyyətə gətirirdi.

Bu isə təbii ki, CHP sədri üçün “həyəcan siqnalı” idi. Görünən o idi ki, Kılıçdaroğlu 2018-ci il seçkilərində prezidentlik mübarizəsindən daha çox CHP-dəki kreslosunu möhkəmləndirmək istəyirdi. Çünki özü prezidentliyə namizəd olacağı təqdirdə, məğlub olmaq şansları çox yüksək idi. üstəlik prezidentlik mübarizəsində məğlub olduqdan sonra CHP sədrliyinə yenidən seçilmək ehtimalı da sual altına düşürdü. Kılıçdaroğlu həmlə etmək lazım olduğunu başa düşdüyündən Mühərrəm İncəyə prezidentliyə namizəd olmağı təklif etdi və müsbət cavab aldı.

O, İncənin təklifi qəbul edəcəyini təxmin edərək, siyasi manevr etdi. Bununla da CHP sədrliyi üçün qarşısındakı ən böyük rəqibini mübarizə başlamadan oyundan kənarlaşdırdı. Bu isə ona 2020-ci ildə yenidən CHP sədrliyinə seçilmək üçün böyük üstünlük verdi.

Düşündüyü kimi də oldu və tək namizəd olaraq girdiyi seçimdə 94,9% səslə yenidən seçildi. Mühərrəm İncə isə böyük ümidlərlə girdiyi prezidentlik mübarizəsində Rəcəb Tayyib Ərdoğandan təxminən 23% az səs toplayaraq ikinci olsa da, səs nisbətində xeyli geridə qaldı. Arada 11 milyonluq böyük bir fərq olduğunu da qeyd etmək yerinə düşər. Seçkidən sonra isə İncə həm prezidentlik, həm də CHP sədrliyi şansının bitdiyini görəndə artıq gec idi. Onunla Kamal Kılıçdaroğlu arasında yaşanan gərginlik nəticəsində isə CHP-dən ayrıldı. Mühərrəm İncə daha sonra sərt təqid etdiyi CHP və Kılıçdaroğlu barəsində danışarkən “xəyanətə uğradığını” dedi.

Uzun müddət davam edən gərginlikdən sonra isə yeni bir səhifə açmağa qərar verən Mühərrəm İncə Məmləkət Partiyasını qurdu. Lakin gözlədiyi olmadı. Yəni Mühərrəm İncə güclü bir partiya sədri olacağını düşünsə də, CHP-dəki günlərinin çox gerisində qaldı. Belə ki, 2018-ci ildə əldə etdiyi böyük səslərlə indi aldığı səslər müqayisə belə olunmayacaq dərəcədədir. Məmləkət Partiyası və Mühərrəm İncə müxtəlif şirkətlər tərəfindən keçirilən rəy sorğularında 1% ətrafında səs toplaya bilir.

Əlbəttə ki, belə bir nəticə ilə nəinki iqtidar, heç parlamnet partiyası olmanı hədəfləmək də mümkün deyil. Ona görə də Məmləkət Partiyasının “Cümhur İttifaqı”na qatılacağı ehtimalları elə ehtimal olaraq da qaldı. Təbii ki, bu da əbəs deyil. Hazırkı vəziyyətdə Məmləkət Partiyasının iqtidara hər hansısa bir xeyri yoxdur. Mühərrəm İncə “Cümhur İttifaqı”na qatılacağı iddialarını qəti şəkildə rədd etsə də, bunun onun seçimi olmadığını da görə bilərik. Türkiyədə müxalifət ilə iqtidar arasında zaman-zaman yaxınlaşma olduğunu və keçmişin üstündən xətt çəkildiyinə də şahid olmuşuq. “Cümhur İttifaqı”nı formalaşdıran Ədalət və İnkişaf Partiyası ilə Milləyətçi Hərəkət Partiyasının (MHP) timsalında bu, açıq-aşkar görünür.

Xatırlamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalı bir dönəmin əsas rəqibləri idi, indi isə çox yaxın müttəfiqdirlər. Kim bilir, bəlkə Mühərrəm İncənin də ağlından belə vir variant keçib. Amma nə o, Baxçalıdır, nə də Məmləkət Partiyası ilə MHP-nin nüfuzu eynidir. Bir sözlə, iqtidarla müttəfiq olmaq şansını itirən Mühərrəm İncə əsas müxalifət partiyalarının da dəstəyini ala bilmir. Ona görə də öz partiyasının səs faizlərinə uyğun daha 3 partiya taparaq onlarla müttəfiq olmağa qərar verib.

Sorğulara görə, yeni yaranan ittifaqda yer alacaq partiyalarının ayrı-ayrılıqda səslərini topladıqda təxminən 4 faiz edir. Lakin yekunda bir ittifaq olaraq nə qədər seçici səsi qazanacağı isə strategiyaları və namizədlərindən asılı olacaq. Mövcud vəziyyətdə Mühərrəm İncənin namizədliyi ilə seçkiyə girəcək ittifaqın maksimum 4 faiz civarında səs yığacağı ehtimal olunur.

Belə olan halda, sual yaranır: Mühərrəm İncə nə etməyə çalışır? Sorğulara inansaq, onun bu reytinqlə prezident olmaq və hətta ilk üçlükdə yer almaq şansının olmadığı aydındır.

Bəzi ekspertlərə görə, İncənin məqsədi iqtidara gəlmək deyil, Kılıçdaroğlu və CHP-yə zərbə vurmaqdır. Bu, nə qədər doğrudur, təbii ki, zaman göstərəcək. Amma bir həqiqət də var ki, Mühərrəm İncə prezident olmaq istəyir və nə 2018-ci ildəki seçkilərdə, nə də ondan sonra bu fikrini gizlədib. O, 11 sentyabr 2019-cu ildə növbəti prezident seçkilərində namizəd olacağını, 18 sentyabr 2021-ci ildə isə prezident olmaq istədiyini bir daha bəyan edib. Sadəcə olaraq, hazırkı vəziyyət və reytinqinin aşağı olması buna imkan vermir. Bu məqamda onu da əlavə edək ki, Mühərrəm İncə ötən günlərdə bir daha prezidentliyə namizəd olmaq istədiyini açıqlayıb. O, bunun üçün 100 min imza toplaya biləcəyini deyib. Lakin onun bu fikirləri də olduqca təəccüblə qarşılanıb.

Çünki dünənə qədər yeni ittifaqın yarandığından bəhs edilərkən, indi təkbaşına namizəd olmaq fikri gündəmə gəlib. Türkiyə mediasında yer alan fikirlərə görə, bununla bağlı da 2 versiya mövcuddur. Birincisi, ittifaq daxilində fikir ayrılığı var, ikincisi isə ittifaqın namizədinin onsuz da 100 min imza toplayaraq seçkiyə qatılması prosedur məsələsi olduğundan bunu start saymaq olar.

Türkiyədəki seçkilərdə 1 faiz səsin belə kritik önəm daşıdığını söyləyən ekspertlərə görə, Mühərrəm İncə 50 faiz səsi keçmək üçün bir araya gələn “Millət İttifaqı”nın işinə “balta vurmağa” qərar verib. Məmləkət Partiyası iqtidarla müttəfiq olmasa da bu strategiyası “Cümhur İttifaq”ının da işinə yarayacaq.

Elmir Mustafa
Cebhe.info