“Oyunpozanlar”a Kərimli dəstəyi 

“Oyunpozanlar”a Kərimli dəstəyi 

AXCP sədri Əli Kərimli ucuz və populist çıxışları ilə gündəmə gəlməkdən usanmır. 

Əli Kərimli “Toplum” TV-yə müsahibəsində Azərbaycanın antiterror əməliyyatının nəticələrini, Qarabağda dövlət suverenliyinin tam təminini və Ermənistanla sülh danışıqlarında tutduğu mövqeni tənqid etməklə siyasi xal qazanmağa çalışır. Onun niyyəti aydındır. 

Azərbaycan dövlətinin qeyd edilən uğurlarından sonra Əli Kərimli müxalifət xatirinə müxalifətçilik etməklə qaldığı siyasi kölgədən çıxacağına ümid edir. Aydın olmayan Əli Kərimlinin niyə Fransa Prezidenti Makronun, yoxsa ABŞ-dakı ermənipərəst konqresmənlərin ruporu kimi çıxış etməsidir. Əslində bu da aydındır. Onun siyasi fəaliyyəti kimdənsə tapşırıq almaq və onu icra etməklə bitib. 

Bu dəfə də sifarişləri Qərbdən gəlir. AXCP sədri bu dəfə də ritorikasını Qərb dövlətlərinin Ermənistana dəstək siyasətinin müdafiəsi üzərində qurub. Halbuki, Əli Kərimli yaxşı bilir ki, Azərbaycanın danışıqlarda ortaya qoyduğu mövqe ümummilli maraqları əks etdirir. Ancaq Əli Kərimli Ermənistanın havadarlarına bəraət qazandırmaqla xalq və dövlət mənafeyinə müxalifətçilik edir. AXCP sədri Azərbaycan dövlətini Qaranadada, Vaşinqtonda keçirilən sülh danışıqlarından imtinaya görə tənqid edir.

Əli Kərimlinin məntiqinə görə, Azərbaycan Qranadada, yaxud Vaşinqtonda keçirilən görüşlərdə iştirak etsəymiş, Fransa, Avropa İttifaqı, ABŞ Ermənistanın yanında deyil, neytral mövqe tuta bilərmiş. Hər iki görüşün şərtlərinin milli maraqlara cavab verməməsi səbəbindən Azərbaycanın bu müzakirələrdən imtina etdiyi məlumdur. Belə də Əli Kərimlinin bir daha kimin yanında olduğu görünür.

Çünki Kərimli üçün milli və dövlət maraqları öz mənfəətlərinin yanında çox kiçikdir. Elə olmasaydı Kərimli adi Azərbaycan vətəndaşı qədər anlaya bilərdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqı Siyasi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın 5-də Qranada şəhərində təşkil olunmuş görüş Azərbaycana təzyiq üçün qurulmuş bir masa idi. Türkiyənin də bu toplantıya qatılması təklifinin qəbul edilməməsi aydın idi ki, balansı Ermənistanın xeyrinə dəyişməyə və Nikol Paşinynaın əlini gücləndirməyə hesablanmışdı.

Görüşün sonunda Ermənistanın maraqlarına uyğun qəbul olunmuş bəyanatın mətni də bunu sübut etdi. Ona görə də Azərbaycan dövlət maraqlarını üstün tutaraq belə danışıqlara qatılmadı. Əli Kərimli isə Qərbin təəssübünü çəkir. Bu təəssüblə isə həm də Ermənistanın təəssübünü çəkənlərin cərgəsində dayanır. Kərimli iddia edir ki, Fransanın Ermənistana silah satmasına Azərbaycanın Qranada görüşündə iştirak etməməsi səbəb olub. Bununla da Əli Kərimli Fransanın Ermənistanı silahlandırmaq siyasətinə, Azərbaycana qarşı düşmənçiliyinə bəraət verir.

Halbuki, Fransa Ermənistanla silah satışına dair müqaviləni də, silahların tədarükünü də Qranada görüşündən əvvəl başlayıb. Bu, faktdır. Əli Kərimli bu manipulyativ fikirləri ilə sadə izləyicini aldatmağa çalışır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi danışıqlarda vasitəçi olduğu müddətdə Fransa heç vaxt bitərəflik prinsinə əməl etməyib. Əli Kərimli isə iddia edir ki, Fransa Ermənistana əməldə deyil, sözdə dəstək verib.

Məgər Fransa Senatının Qarabağdakı keçmiş qondarma rejimin müstəqilliyini tanıması, Fransa rəsmilərinin işğal dövründə Xankəndinə qanunsuz səfərləri əməldə dəstək deyildi? Kərimli əməldə dəstək nəyə deyir? Fransa silahla üstümüzə gəlsə əməl sayılacaqdı?

Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra vaxtilə Ermənistan ordusunun istifadə etdiyi yeraltı tunellər aşkar olundu. Yəqin ki, Əli Kərimli bunun əməldə dəstək olduğunu bilməmiş deyil. Bunu bildiyi halda danmaq isə xalqı aldatmaqdan başqa bir şey deyil. Azərbaycan müstəqil siyasət yürüdür və heç vaxt milli maraqlarını xarici dövlətlərin “oyun” masasına çıxarmayıb. Əli Kərimli çarəsiz qaldığından sadəcə bir şeyi etiraf edir ki, ABŞ Konqresində güclü erməni lobbisi və ermənipərəst konqresmenlər var.

Bu etiraf özü sübut edir ki, həm erməni lobbisinin, həm də ermənipərəst konqresmenlərin Bayden administrasiyasına təsiri böyükdür. Təbii ki, Azərbaycan belə olan halda bizə qarşı sanksiyalaşdırıcı qərarlar qəbul edən ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlarda iştirak etməkdən imtina etməkdə tam haqlıdır. Əks təqdirdə bu, yalnız Ermənistanın xeyrinə ola bilərdi.

Belə danışıqlardan imtina etmək Azərbaycanın siyasi immunitet hüququdur. Son proseslər ABŞ, Fransa, Avropa İttifaqı, Rusiya kimi Cənubi Qafqazda marağı olan güclərin siyasi diqtəsi ilə keçirilən sülh danışıqlarının nəticə vermədyini göstərdi. Ona görə də Azərbaycan ikitərəfli formatda, yəni görüşlərin vasitəçisiz, sərhəddə keçirilməsini təklif edir. Əli Kərimli isə bunun əleyhinə çıxır və hesab edir ki, müzakirələr yalnız və yalnız Qərbin siyasi inhisarında olmalıdır. Bununla da Əli Kərimli köhnə ritorikasına uyğun olaraq, Qərbdən kömək umur.

Yəni Əli Kərimli özünün korporativ maraqlarını üstün tutaraq nə Fransanın, nə də ABŞ-ın ermənipərəst siyasətinə etiraz edir. AXCP sədri Ermənistanı və tərəfdarlarını sülhsevər, Azərbaycanı isə sülh sazişindən yayınan tərəf kimi təqdim edir. Halbuki, 44 günlük müharibədən sonra Azərbaycan dərhal Ermənistana sülh müqaviləsi imzalamağı və əməkdaşlıq qurmağı təklif edib.

Son 3 ilə yaxın aparılan danışıqlar prosesində Ermənistanın sərgilədiyi mövqe rəsmi İrəvanın sülhdə maraqlı olmadığını ortaya qoydu. Təbii ki, Əli Kərimli nəinki bunları, bəraət qazandırdığı Fransanın “oyunpozanlıq” əməli ilə məşğul olduğunu yaxşı bilir. Amma Əli Kərimli bütün bu reallıqlara göz yummaqla siyasi manipulyasiya edir.

İlkin Məmmədov
Cebhe.info