Tehran Moskvanı “quyu”dan çıxarır 

Tehran Moskvanı “quyu”dan çıxarır 

Rusiya Ukraynadakı müharibəsində İranın yaxınmənzilli qabaqcıl ballistik raketlərindən istifadə edə bilər. 

Rusiyanın müdafiə naziri Serqey Şoyqu hələ sentyabr ayında Tehrana səfəri zamanı İranın raket istehsalı müəssisəsində “Əbabil” və “Fateh-110” ballistik raketlərinə baxış keçirib. Qərb mətbuatında yayılan məlumatlara görə, İran hakimiyyəti Rusiyaya “Əbabil” və “Fateh-110” ballistik raketlərini, eləcə də yeni müxtəlif növ silahlar tədarük edə bilər. Artıq Bayden administrasiyası bundan ehtiyatlanmağa başlayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi son bəyanatında bildirib ki, rəsmi Vaşinqton Rusiya ilə İran arasında yeni silah tədarükü ilə bağlı anlaşmasından ehtiyatlanır. Kirbi xatırladıb ki, İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib. 

Bildiyimiz kimi, bir müddət əvvəl Tehran Rusiyaya "Şahed-129" və "Şahed-191" PUA-lar tədarük edib. Rus ordusu bir ildən çox davam edən müharibədə həmin PUA-lar vasitəsilə Ukrayna ordusunun obyektlərinə zərbələr endirib. Amma Moskvanın bu dəfə İranın “Əbabil” və “Fateh-110” ballistik raketlərinə maraq göstərməsi və bu raketləri öz silah arsenalına daxil edib-etməyəcəyi ilə hələ dəqiq məlumat yoxdur. 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Tehran Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətindən ciddi narahatdır: 

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra məlum oldu ki, rus ordusunun bir sıra müasir silah-sursatlara ehtiyacı yaranıb. Bunların sırasında ilk növbədə PUA-lar və sonra isə artilleriya mərmiləri dururdu. Rusiya həmin silahları başqa ölkədən idxal etmək məcburiyyətində idi. Düzdür, ABŞ, Avropa İttifaqı və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən bir sıra ölkələr Moskvaya silah satmaqdan çəkinirdilər.

Amma İran bu məsələdə Rusiyanın ehtiyacını qarşılamağa başladı. Artıq xeyli müddətdir ki, həm Moskva, həm də Tehran iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı istiqamətində daha da intensiv addımlar atıb, hər iki ölkə bir-birinə daha da yaxınlaşıb, hətta bəzi beyin mərkəzlərində İranın Rusiyanın müttəfiqi olduğunu hesab edirlər. Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə ən maraqlı ölkə faktiki olaraq İrandır. Əlbəttə ki, bu, regionda geosiyasi proseslərin diqtəsindən irəli gəlir. İran Rusiyaya özünün varlığının əsas təminatçısı kimi baxır.

Tehran Rusiyanın Ukraynada hərbi uğursuzluqlara düçar olmasını o qədər də həzm edə bilmir. Çünki Tehranda hesab edirlər ki, Rusiyanın Ukraynada məğlubiyyəti İrana da mənfi təsir göstərəcək. Ona görə də İran öz imkanları daxilində rus ordusunu silahlandırır və hər vəchlə Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsinə çalışır”. 

Politoloq vurğulayıb ki, ABŞ, İsrail və müttəfiqlərinin İranın Rusiyaya hərbi yardımının qarşısını almaq üçün kifayət qədər imkanları var:

“ABŞ başda olmaq NATO, eləcə də İsrail İranın ölkə daxilində və kənar hüdudlarda silah-sursat anbarlarını müxtəlif vasitələrlə sıradan çıxara bilər. İrana qarşı ciddi və sərt tədbirlər görülərsə, Tehran Rusiyanı silahla təzcih edə bilməyəcək”. 

Yunis Abdullayev 
Cebhe.info