Dünyaya nümunə olan Azərbaycan gəncliyi

Dünyaya nümunə olan Azərbaycan gəncliyi

İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Hər bir cəmiyyətin uğurlu gələcəyi, uğurlu inkişafı gənc nəsildən asılıdır. O cəmiyyətin ki, əsasını sağlam milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvər, savadlı, bacarıqlı gənclik təşkil edirsə, deməli, həmin cəmiyyət mütləq uğurlara imza atacaq.

Çünki cəmiyyətin aparıcı qüvvəsi gənclikdir. Bu, Azərbaycanda da belədir. Azərbaycan gəncliyi tarixən cəmiyyətin aparıcı və hərəkətverici qüvvəsi olub və bu gün də belədir. Bu gün Azərbaycan gəncliyində milli mənlik şüuru çox yüksək səviyyədədir. Biz bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası məqsədi ilə Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı gördük.

Onu da qeyd etmək lazımdır ki, gənc nəsilin bu ruhda yetişməsi üçün müstəqillik dövründən başlayaraq davamlı olaraq iş aparılır. Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan deputat İlham Məmmədov deyib ki, bu gün Azərbaycanın əldə etdiyi böyük uğurlarda və möhtəşəm tarixi qələbələrdə gəncliyin rolu danılazdır:

“Bünövrəsi hələ Sovetlər Birliyi dönəmində Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun müəyyənləşdirdiyi düzgün siyasət nəticəsində Azərbaycanda milli-mənəvi, tarixi dəyərlərə malik, milli mənlik şüuru yüksək olan gənc nəsil yetişib. Məhz bunun nəticəsi olaraq Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olması ilə həmişə sayılıb-seçilib. Çox zaman başqalarına nümunə olub".

O əlavə edib ki, gənclər siyasəti hər zaman ölkə Prezidentinin siyasətinin ana xəttini təşkil edib:

"Məhz düzgün yürdülən siyasətin nəticəsidir ki, maddiyyatın mənəvi dəyərləri ötüb keçdiyi bir dövrdə yaşasaq da, Azərbaycan gəncliyi maddi dəyərlərə deyil, milli-mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməkdədir. Bu gün Azərbaycanda çox güclü, sağlam ruhlu gənc nəsil formalaşıb. Azərbaycan gəncliyi dünyaya nümunədir və bunu bütün sahələrdə sübut edib. Bu, istər ölkəmizə qarşı çirkin informasiya müharibəsində düşmənlərimizin məkrli niyyətlərini alt-üst edib Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, istər dövlətin idarə olunub ən qısa zamanda sürətli inkişaf yolu keçməsində, istərsə də Ermənistanın işğalına son verib ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması üçün son illərdə döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsində özün göstərir".

Deputat onu da bildirib ki, cənab Prezident İlham Əliyev yürütdüyü siyasətdə və dövlətin idarəolunmasında hər zaman gəncliyə üstünlük verib:

“Təsadüfi deyil ki, cənab Prezidenti Azərbaycan gəncliyinin hamisi adlandırmırlar. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi istiqamətində yürütdüyü siyasət davamlı xarakter daşıyır. Cənab Prezident 14 fevralda andiçmə mərasimində çıxışı zamanı gələcək fəaliyyətdə gənclik siyasətini əsas, aparıcı istiqamətlərdən biri olduğunu bəyan etdi: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır. Bu, sarsılmaz varlıqdır və bunu sarsılmaz etmək bizim əlimizdədir.

Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”. Ölkə başçısı eyni zamanda, Azərbaycanın gələcək uğurlarında, hədəflərə nail olunmasında yüksək bilik və bacarığa, peşəkarlığa malik gənclərə istinad etdiyini bir daha qeyd etdi. Dövlətimizin başçısı bəyan etdi ki, gələcək texnologiya əsridir və biz də bu dövrə hazır olmalıyıq. Bunun üçün gənc bacarıqlı, milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərə ehtiyac var:

"Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. Ancaq kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiqi bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir”.

Prezidentin bu çıxışı gənclərə bir çağırış idi. Çünki 7 fevral seçkilərindən sonra Azərbaycan tamamilə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan gəncliyi ötən mərhələlərdə olduğu kimi, növbəti mərhələlərdə də dövlətimizin əldə edəcəyi uğur və qələbələrdə öz müstəsna rolunu oynamalıdır. Ona görə də biz cəmiyyətin bütün üzvləri milli adət-ənənələrə, dəyərlərə, yüksək milli şüura sahib vətənpərvər gənc nəslin yetişməsinə öz töhfəmisi verməliyik. Biz sağlam, vətənpərvər gənc nəslin yetişməsinə nail olmalıyıq ki, Azərbayca dövləti daha da inkişaf edib qüdrətlənsin".

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebhe.info”