Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi bağlanıb?

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi bağlanıb?

Son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında bir sıra qurumlarda əməliyyat tədbirləri həyata keçirilib.

Həmin tədbirlərin nəticəsi kimi Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bu, ölkə başçısının “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklikdə öz əksini tapıb. Beləliklə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib. ümumiyyətlə, Naxçıvanda baş verən proseslərlə bağlı son günlər müxtəlif fikirlər səslənir ki, onlardan biri də statusla bağlıdır.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi 1992-ci il 24 fevral tarixli Naxçvan Ali Məclisinin qərarı ilə təsis edilib. Son prosesləri nəzərə alsaq, hazırda Bakı nümayəndəliyi fəaliyyəti maraq doğurur.

Daimi nümayəndəlik hazırda da adi qaydada fəaliyyət göstərirmi?

Cebhe.info bu sualla Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinə müraciət edib.

Telefona cavab verən şəxs “Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi, buyurun…”,- desə də də sualı eşitdikdən sonra dəstəyi asdı.

Gün ərzində bu hal bir neçə dəfə təkrarlandı. Son proseslərə qədər mətbuata açıq olan nümayəndəliyin bu davranışı təəccüb doğurur.

Nigar Abdullayeva
Cebhe.info