106 il əvvəl: Azərbaycan türklərinin soyqırımı

106 il əvvəl: Azərbaycan türklərinin soyqırımı

Qafar Çaxmaqlı: “Onların Azərbaycanla sərhəddə təxribata əl atmamaları üçün...”

Ermənistanda radikal və revanşist ünsürlər tərəfindən hələ də “Böyük Ermənistan” mifologiyası təbliğ olunmaqdadır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində özlərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə həm Şərqi Anadoluda, həm Cənubi Qafqazda, həm də indiki İranın şimal ərazilərində türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə, soyqırım və deportasiya həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi şəkildə qətliamlar törədiblər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. 1918-ci il hadisələrinə təkan verən amilləri “Cümhuriyət” qəzetinə şərh edən ermənişünas alim Qafar Çaxmaqlı qeyd edib ki, Ermənistan, Qarabağ və bir sıra xarici ölkələrdə erməni millətçiləri öz xəstə təfəkkürlərlərini həyata keçirmək üçün terrora çox üstünlük veriblər. Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin sədri Qafar Çaxmaqlı vurğulayıb ki, erməni millətçiliyini təbliğ edən cərəyanlar heç bir zaman “Böyük Ermənistan” xülyasından əl çəkməyəcək:

“İstər Ermənistanda, istərsə də dünyanın müxtəlif yerlərində mövcud olan erməni cəmiyyətində milli görüşlər heç vaxt sağlam olmayıb. Erməni millətçiləri xəyali olaraq “Böyük Ermənistan” məfkurəsini uydurublar. Onlar hesab edirlər ki, guya ermənilər Şərqi Anadolu və Cənubi Qafqazda qədimdən yaşayırlar, bu iki region ermənilərin tarixi torpaqlarıdır və bu xalqın bu ərazilərdə öz dövlətini qurmaq haqqı var. Bir əsrdən çoxdur ki, erməni millətçiləri öz xəyallarına nail olmaq üçün siyasi və hərbi mübarizəyə cəlb olunublar, hətta ən amansız mübarizə taktikalarına əl atıblar. 19-cu əsrin sonlarında erməni millətçilərinin “Xınçak”, “Daşnaksütyun” və digər siyasi təşkilatlar yaratması təsadüfü qərardan irəli gələ bilməz. Bu kimi təşkilatların əsasının qoyulmasında əsas hədəf “Böyük Ermənistan” xülyasını reallaşdırmaq olub. Həm “Xınçak”, həm də “Daşnaksütyun” Partiyasının proqramında silahlı üsyan və terror mühüm prinsiplər kimi qeyd olunub. Erməni millətçiləri mifik “Böyük Ermənistan” deyəndə, çox böyük coğrafiyanı əhatə edən dövləti nəzərdə tuturlar. Yəni onların dövləti üç dəniz - Qara, Aralıq və Xəzər dənizi arasındakı ərazilərdə qurulmalıdır. Bunun üçün özlərindən xəritələr uydurublar. Reallaşması heç vaxt mümkün görünməyən ideyalarını həyata keçirmək üçün bu coğrafiyada yaşayan türk-müsəlman əhaliyə qarşı qırğınlar törətmək qərarına gəldilər.

“Xınçak” və “Daşnaksütyun”, hətta erməni millətçiləri tərəfindən yaradılan digər təşilatların siyasi baxışlarında türklər hər zaman düşmən obrazı kimi görülüb. Həmin təşkilatların ünsürləri türkləri öldürmək, məhv etmək və bu ərazilərdən qovulub çıxarılmasını qarşılarına məqsəd kimi qoymuşdular. Bunun üçün də çox ciddi təbliğat aparırdılar. Nəticə etibarı ilə elə bir şərait yetişdi ki, onlar irqçi ideyalarını həyata keçirməyə başladılar”. 

Ermənişünas alimin sözlərinə görə, Birinci Dünya müharibəsi zamanı Şərqi Anadolu və Cənubi Qafqazda “Daşnaksütyun” və digər erməni silahlı birləşmələri yerli türk-müsəlman əhalisinə çox amansız divan tutublar:

“1918-ci ilin mart və aprel aylarında daşnaklar Bakı, Şamaxı, Quba və ölkəmizin bir sıra ərazilərində türk-müsəlman əhalisinə qarşı qətliamlar və qırğınlar törətməyə başladılar. Sözsüz ki, burada siyasi məqsədlər var idi. Şimali Azərbaycanın ərazilərini türklərdən tamamilə təmizləmək və bu bölgənin Rusiyanın vilayətinə çevirmək qarşıya əsas məqsəd kimi qoyulmuşdu. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin sədri olan Stepan Şaumyan öz öhdəliyini canla-başla yerinə yetirirdi.

Məhz onun başçılığı altında daşnaklar Bakı, Şamaxı və Qubada çox böyük qətliamlar törətdilər. 1918-ci il hadisələri Azərbaycan xalqına qarşı soyqırımı idi. 31 mart hər zaman tarixdə Azərbaycan türklərinin soyqırımı günü kimi qalacaq. Xalqımız bu soyqırımı heç vaxt unutmayacaq”. Q. Çaxmaqlı erməni millətçilərinin irqçi ideyalarını bu gün də davam etdirdiyini bildirib: “Zamanında türklərin qanına susayan Andranik Ozanyan və Qaregin Nijdenin ideyaları bu gündə Ermənistanda təbliğ olunur.

Ermənilər Andraniki və Nijdeni özlərinin milli qəhrəmani seçiblər. Nijdenin irqçi məfkurəsi milli məfkurə kimi qəbul olunub. İrəvanda ona heykəl ucaldıblar”. 

Sonda Q. Çaxmaqlı vurğulayıb ki, Ermənistan və erməni millətçi cərəyanlar ilə mübarizə davam etdirilməlidir:

“1988-1994-ci illərdə Ermənistan və Qarabağda xalqımızın başına gətirilən müsibətlər 1918-ci il hadisələrin davamıdır. Şübhəsiz ki, erməni millətçiləri öz çirkin və məkrli planlarından əl çəkməyəcəklər. Bu gün Ermənistanda erməni terror təşkilatlarının davamçısı olan hərbi-silahlı birləşmələr - “Voma”, “Yerkrapah” “Sasna Tsrer” və “Döyüş Qardaşlığı” kimi təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatların istənilən zaman Azərbaycanla sərhəd ərazilərdə təxribata əl atmaları istisna deyil. Buna görə də hər vasitədən istifadə edərək həmin təşkilatların ləğvinə çalışmalıyıq. Hesab edirəm ki, ermənilərin növbəti təhlükələrinin qarşısının alınması istiqamətində daha da ciddi və zəruri addımlar atılmaldır”. 

Yunis Abdullayev
"Cebhe.info"