Elman Nəsirov: “Avropa parlamentariləri təpədən dırnağa rüşvətə bulaşıb”

Elman Nəsirov: “Avropa parlamentariləri təpədən dırnağa rüşvətə bulaşıb”

“Avropa parlamentinin bir çox deputatları rüşvət və korrupsiyaya bulaşıblar”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebhe.info”-ya açıqlamasında aprelin 24-də Avropa Parlamentində Azərbaycanın əlehinə qəbul olunan qətnamənin mahiyyətini şərh edərkən bildirib. O qeyd edib ki, Avropa parlamentariləri Azərbaycanın nailiyyətlərini və uğurlarını həzm edə bilmirlər:

“Avropa Parlamentində Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul olunub. Bu sənədin mahiyyəti ilə tanış olduqda məlum olur ki, Avropa Parlamenti Avropa Komissiyasından Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb. Bu sənəddə belə bir çağırış var ki, Azərbaycanla enerji əməkdaşlığı dayandırılmalıdır. 

Həmçinin qətnamədə iddia olunur ki, guya Azərbaycanda insan hüquqları pozulur, siyasi aktivistlər təqib olunur, siyasi məhbuslar var, özlərindən uydurmalar ortalığa atıblar. Bu cür yollarla Azərbaycana təzyiq etmək istəyirlər, xüsusilə də Bakıda bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq konfransına kölgə salmaq niyyətindədirlər. Avropa parlamentarilərin bu kimi riyakar addımları onu göstərir ki, onlar Azərbaycanın böyük nailiyyətlərini və uğurlarını həzm edə bilmirlər. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqları azad etməsi, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunması avropalı parlamentarilərin yuxusuna haram qatıb”. 

Deputat deyib ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir:

“Azərbaycan dövlətinin Müzəffər rəhbəri İlham Əliyev müstəqil və milli maraqlara söykənən xarici siyasət yürüdür. Bunu görə də Avropa parlamentariləri məqsədyönlü şəkildə Azərbaycana qarşı təsir mexanizmlərindan istifadə edirlər. Görün, Avropa Komissiyasından nə tələb edirlər? 

Tələb edirlər ki, Azərbaycanla enerji əməkdaşlığı dayandırılsın. Bu, o anlama gəlir ki, avropalı parlamentariləri oturduğu ağacın budağını kəsirlər. Sözsüz ki, Avropa Komissiyası Avropa Parlamentinin qətnaməsini icra etməyəcək. Çünki Aİ-nın rəhbərləri çox yaxşı bilirlər ki, Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Onu da qeyd edim ki, 2027-ci ilə qədər Azərbaycandan Avropaya nəql olunacaq təbii qazın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Erməni diasporunun təsiri altında olan Avropa Parlamentinin deputatlarının Azərbaycana qarşı cəbhə açması ağılsız, mənasız və məntiqsiz bir addımdır. Bu, Avropa İttifaqının Cənubi Qafqazdakı strateji maraqlarına ziddir. Avropalı parlamentarilər Azərbaycana qarşı nə qədər sənəd qəbul etsələr də, Bakıda COP29 mövzusunda beynəlxalq tədbir keçiriləcək. Azərbaycan bu tədbirə ev sahibliyi etmək üçün dünya ölkələrinin səsini qazanıb və tədbirə ciddi hazırlıq işləri görür. Çox təəssüflər olsun ki, Avropa parlamentariləri təpədən dırnağa qədər rüşvətə və korrupsiyaya bulaşıb”. 

Yunis Abdullayev 
“Cebhe.info”