Yüzminlərlə insan təhlükədə: “Ermənistan təhdid edir”

Yüzminlərlə insan təhlükədə: “Ermənistan təhdid edir”

İşğal bitsə də, Ermənitsanın Azərbaycana qarşı səssiz terroru davam edir.

Təqribi hesablamalara görə, Ermənistan 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda 1.5 milyondan çox ağır texnika və piyadalar əleyhinə mina basdırıb. Torpaqlarımızın minalarla çirkləndirilməsi “Böyük qayıdış” layihəsinə əngəl olan başlıca amillərdən biridir. Ermənistanın davam edən ekoloji cinayətlərindən biri də bu ölkənin dağ mədən sənayesinin transsərhəd çaylarımıza, bütövlükdə Azərbaycanın ekosisteminə vurduğu ziyandır. Ərazilər işğaldan azad edildikdən sonra Azərbaycanın müvafiq qurumları tərəfindən transsərhəd çaylarında monitorinqlər başlandı. Nəticələrin acınacaqlı olduğu ortaya çıxdı.

2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su nümunəsi, 180 dib çöküntüsü nümunəsi götürülüb.

ETSN-in Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin məlumatında deyilir ki, işğaldan azad olunmuş ərazilərdəki bütün çaylardan analizlər götürülüb. Analizlər həm ölkə daxilində, həm də xaricində yoxlanılıb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir. Ekspertlərin fikrincə, Oxçuçayda vəziyyət daha mürəkkəbdir.  Çaydan 158 su nümunəsi, 180 dib çöküntüsü nümunəsi götürülüb. Çay ağır metallarla çirkləndirir.  Ən narahatedicisi budur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir. 

Son araşdırmalar göstərir ki, transərhəd çaylarımız normadan 5-7 dəfə çirklənməyə məruz qalır. Çayın şiddətli çirkləndirilməsi yerli əhaliyə, Araz, Kür çaylarının və Xəzər dənizinin bioresursları və ekosisteminə ciddi təhdid yaradır.

İşğaldan azad olunmuş Şərqi Zəngəzurda ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda monitorinq həıyata keçirilib.  Nəticələr acınacaqlıdır. Beləki ki, keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların məhv olduğu məlum olub.

Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib. 

Monitorinqin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması belə deməyə əsas verir ki, çay hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. 

Kimya elmləri üzrə fəlsəfə doktoru Aynur Zülfüqarova hesab edir ki, Ermənistanın transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən intensivləşib: 

“Həmin ildən etibarən dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbat artıb. Bu da Ermənistanda mədən sənayesinin inkişafına yatırım qoyulmasına stimul verib”.

Alim bildirib ki, yalnız öz iqtisadi maraqlarını güdən, regionun ekosistemini təhlükə atan Ermənistan beynəlxalq konvensiyaları kobud şəkildə pozur.

“BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Həmçinin BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Bütün normaları ayaqlar altına atan Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin ziddinə hərəkət edir. Transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına görə, Ermənistan sərhəddə hər hansı dağ-mədən sənayesi müəsissəsi inşa edərsə, mütləq qonşu dövlətlərin rəsmi qurumların xəbərdar etməli, regionda yaşayan icmaların, vətəndaş cəmiyyətinin rəyini nəzərə almalıdır. Əraziyə yerli, qonşu dövlətləri təmsil edən və bitərəf ekoloqların baxışı keçirilməlidir. Lakin Ermənitsan bunun heç birisini etməyib”-deyə, A.Zülfüqarova bildirib.

“Espo konvensiyasını həm Azərbaycan, həm də Ermənistan imzalayıb” deyən, A.Zülfüqarovanın sözlərinə görə, bu sənədə uyğun olaraq Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. 

Alim bildirib ki, Ermənistanın mədən sənayesinə yatırılan investisiyanın miqdarı artıqca bölgənin ekosisteminə vurulan ziyanın həcmi də artır:

“Ötən il Azərbaycan vətəndaş cəmiyyətinin fəalları Arazdəyəndəki metallurgiya zavodu ilə bağlı məsələ qaldıranda, həyəcan təbili çalanda Ermənistandan cavab olaraq bildirirdilər ki, bu, iqtisadi maraqdır, hər bir ölkə əhalisinin məşğulluğunu təmin etmək üçün istehsal müəssisələri yarada bilər. Burada məsələ təkcə əhalinin məşğulluğu deyil. Ermənistan həmin müəssisələri yarada bilər. Lakin beynəlxalq konvensiyalara əməl etməklə. Ermənistanın dağ-mədən sənayesinin inkişafı regionda ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Filizayırma mədənlərinin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi təhlükəli kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Bizim sərhədə yaxın Ermənistanın ən böyük mədən sənayesi müəssisəsi Sünikdə yerləşir. 2018-ci ildə ölkə üzrə dağ-mədən sənaye məmulatlarının 87%-i adı bu bölgədə istehsal edilib. Bölgənin ekoloji cəhətdən ən çox çirklənmiş şəhərləri Mehri, Əkərək, Qaçaran, Qafan bu vilayətdə yerləşir. 

Su və torpaqdan alınmış nümunələrdən məluma olub ki, tərkibində mis, molibden, vanadium, selenium və s. ağır metalların həcmi normadan on dəfələrlə çox olub”. 

Araşdırmalar nəticəsində məlum olub ki, bölgədə yerləşən “Zangezur Copper-Molybdenum Combine (ZCMC)” adlı qərb mənşəli şirkət tərəfindən istismar edilən mədən bölgənin ekosisteminə ciddi təhlükə yaradır. 

Bu mədəndən ağrı metallarla zəngin sənaye tullantıları Oxçuçaya axıdılır.

Bir neçə il öncə Ermənistanın Ətraf Mühitin Monitorinqi və İnformasiya Mərkəzi də yaydığı hesabatda Oxçuçayı ən çox zəzərli mədən təsirlərinə məruz qalan çay hesab edilib.

Məlumata görə, Sünik bölgəsində fəaliyyət göstərən Əkərək mis-molibden yatağının istismarı nəticəsində də çaylara  bərk və maye tullantılar axıdılır.

“Agarak Copper Molybdenum Combine” şirkətinin istismar etdiyi qızıl mədəninin fəaliyyəti, bu müəsissəsinin Xarçevan çayını çirkləndirməsinə dair məlumatlar erməni cəmiyyətində belə narazılıq yaratmışdı.

Qacaran şəhərində istismar edilən mis-molibden yatağının tullantıları Oxçuçayı, Aqarak şəhərindəki mis-molibden və qızıl yatağı isə Xarçevan çayını çirkləndirməyə davam edir. Nəticədə hər iki çayın Araz çayının qolu olması, regiondakı torpaq sahələrinin və su resurslarının təhlükəli həddə çirkləndirib. 

A.Zülfüqarovanın sözlərinə görə, ermənilərin 30 il sürmüş və bu gün də davam edən su terror uzun müddət öz mənfi təsiri göstərəcək:

“Ağır metallarla çirkləndirilən çaylarımızın flora və faunası ciddi təhdid altındadır. Artıq istər bizim, istərsə də İran tərəfdən aparılan monitorinqlərin nəticələri göstərir ki, Araz çayında bir sıra balıq növləri məhv olub. Nəzər alaq ki, bizim aran bölgələrinin əksəriyyəti əkin sahələri üçün suvarma suyunu Arazdan götürür. Suyu çirkləndirilən çayların əkin sahələri, heyvanlar və insanlar üçün təhlküə mənbəyidir. Çaylarımıza axıdılan maddələrə insan sağlamlığı üçün ciddi təhdid yaradır”.

A. Zülfüqarova onu da bildirib ki, işğaldan azad olunmuş bölgələrdə yerləşən və uzun illər baxımsız qalan su anbarları da təmir edilməli, yenidən qurulmalıdır: 

“49 ildir istismara verilmiş və son 15 ildə texniki xidmət göstərilməmiş Sərsəng su anbarı ətraf ərazilərdə yaşayan 400 min nəfər əhali üçün potensial təhlükə mənbəyidir. Bu anbarda bəndlər bərkidilməli, hidrotexniki qurğular yenilənməlidir. Bu su anbarı güclü yağıntı, sel və daşqın zamanı ciddi təhlükəyə çevrilə bilər”.

Bəs erməniləri hələ də davam edən ekoloji terrorunun qarşısını necə almaq olar?

Ekspert deyib ki, öncə çirkləndirilən çaylarda aparılan monitorinqlərin nəticələri analiz olunmalı, nümunələr beynəlxalq təşkilatlara təqdim edilməlidir.

“Ermənistan beynəlxalq konvensiyalara əməl etmıyə məcbur etmək lazımdır. Ötən il Arazdəyəndə metallurgiya zavodu inşa edirdilər. Azərbaycan tərəfinin etirazlarından sonra zavodun inşası dayandırıldı. Hesab edirəm ki, Ermənistanın dağ-mədən sənayesinə investisiya qoyan xarici şirkətlər də məsulliyyətə dəvət edilməlidir. Onlar anlamalıdır ki, öz iqtisadi maraqlarını bölgənin yüzminlərlə əhalisinin mənafeyindən üstün tuta bilməzlər. Müntəzəm olaraq araşdırma aparmaq, prosesləri izləmək, Ermənistanın dağ-mədən sənayesinə sərmayə qoyan xarici şirkətlərlə təmaslar qurmaq lazımdır”-deyə, ekspert bildirib.

Təşkilat sədri bir məsələni də vurğulayıb ki, qonşu dövlətlərin, o cümlədən, Ermənistanla Gürcüstanın Azərbaycanın imzaladığı Helsinki konvensiyasına qoşulmasına çalışmalıyıq:

“Helsinki konvensiyası 1992-ci ildə qəbul olunub. Razılaşmaya görə,  transərhəd ölkələrdə çay və sərhəddə yerləşən göllərin suyundan səmərəli məqsədlərlə istifadə etmək üçün o konvensiyanın bəndlərinə əməl olunmalıdır. Azərbaycanın içməli su ehtiyatları onsuz da azdır. Bizim əsas çaylarımız kənarda formalaşır. Kür, Araz, Qanıx və Samur çaylarının suyundan hamıya çayacaq qədər, ədalətli istifadə olunmalıdır”.

Cavid Şahverdiyev

“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın ekoloji terroru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər”.

"Cebhe.info"