Bayram bitdi, şikayətlər yeni başlayır...

Bayram bitdi, şikayətlər yeni başlayır...

Novruz bayramı geridə qalıb. Artıq yazın gəlişi hiss olunur. Bir həftəyə qədər davam edən bayram tətili ovqatımızı xoş etsə də, büdcəmizə xeyli təsir edir. Bu da təbii ki, bayramdan sonra bazarda alıcılıq qabiliyyətini azaldır.   

Adətən bayram ərəfələrində ərzaq məhsullarının qiymətlərində artım olur. Alıcılar qiymətdən, satıcılar isə alıcı azlığından şikayətlənirlər. Onlar məhsulun topdan əvvəlkindən daha baha aldıqlarını bildirirlər. Yaxud da bəzən məhsulların qıtlığını əsas gətirir və bunun qiymətə təsirini vurğulayırlar. Lakin iqtisadçılar bildirirlər ki, ölkədən ərzaq məhsullarının ixracı üçün müəyyən kvota qoyulur. Yəni qıtlıq söhbəti yoxdur, sadəcə işbazlar fürsətdən istifadə edərək bayramda qiymətləri süni şəkildə artırırlar. 

Bayramdan sonra alış-verişdəki durumu öyrənmək üçün “Cebhe.info” şəhərin bir sıra ərazilərində- “28 May” və “20 Yanvar” metro stansiyaları yaxınlığında satıcılarla həmsöhbət olub. 

“Küçədə əsl rəqabət mühiti yaratmışam”

Satıcı Əbdülqəni Vahabov bildirib ki, onun satdığı meyvələrin qiyməti iri ticarət mərkəzləri müqayisədə daha ucuzdur:

“Mən küçədə vitaminlərlə bol meyvələr satıram. Ucuz verdiyimdən dolayı alıcılarım sayı çox şükür, pis deyil. “Çeri” pomidorunun kilosunu 4 manata satıram. Əsl rəqabət mühiti yaratmışam. Düzdür, böyük marketlərlə rəqabət apara bilməsəm də, amma nəticədə hər şeyin qiymətini münasib edirəm”. O qeyd edib ki, bayramdan öncə və indi satdığı məhsulların qiyməti dəyişməyib: “Mən bəzi işbazlar kimi xalqıma zülm edə bilmərəm, az qazanaram, amma həmişə qazanaram.

Kişi kimi ticarətlə məşğul olaram. Süni şəkildə qiymətləri artıranlar mənfur düşmənlərdən heç də fərqlənmir”. 

Başqa bir satıcı Məhhəməd Şənlikoğlu satdığı məhsulların qiymətləri haqqında məlumat verib: 

“Mən kartofu 80 qəpiyə, pomidoru 3-4 manata satıram. Amma əziz atamın canına and olsun, gübrədən çox az istifadə edilib. Bayramda 5 manata satırdıq. Çünki məhsul çox az idi. Amma indi məcbur maya dəyərinə satmalı oluruq. Çox soyuq və qeyri- stabil hava şəraiti məhsuldarlığa çox ciddi təsir etmişdi”. 

“Düşünməyin ki, bir piştaxtanı saxlamaq asandır”

Satıcı Leysan Zeynalov satdığı sitrus meyvələr haqqında məlumat verib:

“Naringinin kilosunu 1.50-2 manat arası təklif edirəm. Bəzən elə olur ki, 1.80- yə də verirəm. Portağalı 2 manata təklif edirəm. Banan 3 manat, çiyələk 5 manat, alma 1-2 manat arası dəyişir. Alıcılar özləri baxıb qiymət versinlər. Ehtiyacı olan nə qədər adam varsa, cüzi də olsa vermişəm, təbii ki, imkan daxilində”. 

Həmsöhbətimiz hesab edir ki, bayramdan öncə də bazarda qiymət artımı olmayıb:

“Daxili bazarda artım varsa, çox cüzidir. Biz imkan daxilində hər kəsə bayram qabağı  dəstək olmuşuq, olacağıq da. 

Baxmayaraq ki, kifayət qədər çox xərclərimiz var. Düşünməyin ki, bir piştaxtanı saxlamaq asandır. Amma yenə də ehtiyacı olan hər kəs satdığım məhsuldan az da olsa götürə bilər”. 

“Satıcı yoldaşımın hamilə olduğunu biləndən sona…”

Alıcı Rasim adlı şəxs səyyar ticarətçilərin satdığı məhsulların çox baha qiymətə təklif etdiklərini və fürsətbaz olduqları bildirib: “Mən nadir hallarda küçədən nə isə alıram. Birincisi, onlar məhsulları baha qiymətə satırlar. Marketlərdə endirim olur. Qanunsuz şəkildə səkiləri zəbt edib ticarətlə məşğul olurlar. İstədikləri qiymətə məhsul satırlar. Həyat yoldaşım hamilə idi, satıcı yoldaşımın hamilə olduğunu biləndən sonra satdığı meyvələri dəyərindən o qədər baha qiymətə təklif elədi ki, mən dəhşətə gəldim. Təsəvvür edin, şaftalını elə baha qiymətə mənə satdı ki, məcburiyyətdən almalı olsam da, amma bunlara qarşı antipatiyam yarandı. Yəni lori dildə desək zəhləm getməyə başladı”. 

O, həmçinin bildirib ki, bir dəfə səyyar satıcılar qayınanasını aldadaraq daha çox pul alıblar: 

“Bir dəfə qayınanam küçə satıcısından məhsul alanda pensiyasını yeni aldığını deyib və iri pulla ödəniş edib. Satıcı 27 manatlıq alış-verişə 100 manatdan 53 manat qalıq qaytarıb. Qayınanam mənə yox, o satıcıya inanmışdı. Evdə nəhayət, həyat yoldaşım güclə ona başa salmışdı ki, səni aldadıblar”. 

“Sadəcə kənardan baxıram…”

Başqa bir alıcı Rəşad Şükürzadə hesab edir ki, bazarda qiymətlər “od tutub yanır”:

“Ölkəmizdə nədənsə qalxan qiymət düşmək istəmir. Bayramdan öncə qiymətlər ucuz yox, çox baha olur. Bayramdan sonra da dəyişən heç nə olmadı, qiymətlər yenə də “od tutub yanır”. Mən qapıçı işləyirəm, aldığım maaşla ancaq cüzi miqdarda nə isə ala bilərəm. Bu, külfətimə, ailəmə yetəcək qədər deyil. Sadəcə kənardan baxıram, ya da kimsə qonaq gələndə uşaqlarım sevinir, çünki meyvələrdən dadırlar”.

Ümid Ramazan bayramına qalıb… 

Müşahidələrimiz göstərdi ki, hazırda armud 2, portağal 3, heyva 2, naringi 2, banan 3 manat, çiyələk 5 manata satılır. Bayramda çox tələbat olan çərəzlərin qiyməti nisbətən enib. Ləpə 12-16, qabıqlı qoz 4-6, fındıq 6-7, fındıq ləpəsi 14, badam ləpəsi 22, iydə 6, xurma 10-15, innab 8, qaysı 13 manatadır. Qarışıq meyvə qurusunun kilosu 10-22, tumsuz xurma 12-14, alma və armud qurusu 3-10 manatdır. Şabalıd istehsal yerindən asılı olaraq kilosu 8-14 manat, sarı kişmiş 6-20, alça qurusu 4-10, gavalı qurusu 3-15 manat aralığında satılır. 

Ancaq bu məhsullara tələbat kəskin azalsa da, satıcılar qiyməti ucuzlaşdırmaq niyyətində deyillər.

Səbəbini isə bayramdan qabaq artan qiymətə aldıqları, ucuz satarlarsa, ziyana düşəcəkləri ilə izah edirlər. Satılmasa isə ziyanın daha böyük olacağının fərqindədirlər, ancaq nədənsə hələlik gözləyirlər. Bu dəfə ümidləri apreldə qeyd ediləcək Ramazan bayramına qalıb… 

Həsən Məmmədov 
“Cebhe.info”