Maaş və pensiya arta bilər: Zaman verildi

Maaş və pensiya arta bilər: Zaman verildi

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu kimi qaldı. 

İstər minimum əməkhaqqı, istərsə də xəstəliklə əlaqədar müavinət alanlar artım olacağını gözləyirlər. Cari ilin ortaları müavinətlərin artırılması mümkündür.

May-iyun aylarında büdcəyə yenidən baxılması gözlənilir. 

Bu zaman minimum əməkhaqqı və müavinətlərin artırılması məsələsinə də təkrar baxıla bilər? 

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev “Cebhe.info”-ya bildirdi ki, büdcəyə baxılarkən əsasən sosial məsələlər də önə çəkilir:

“Bu baxımdan əgər büdcəyə dəyişiklik olacaqsa, mütləq şəkildə sosial məsələlər də nəzərə alınacaq.

Hansı sahələrdə artım olmayıbsa, hansı sahələrdə sosial narazılıq ola bilərsə, insanların sosial həyatı acınacaqlıdırsa, o sahələrdə artım gözlənilə bilər. Bu qərarı mən vermirəm. Düşünürəm ki, belə bir ehtimal ola bilər”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, indeksləşmə qanunvericiliklə tənzimləndiyinə görə, yanvarın əvvəlində təqaüdlərlə bağlı belə bir qərarın verilməsinin şahidi olduq:

“Minimum əməkhaqqı və digər sosial ödənişlər və qərarlar isə qanunvericiliklə yox, qərarlar ilə olur. Adətən Nazirlər Kabinetinin təqdimatı, Prezident fərmanı ilə olur. Bizdə əsasən Prezident fərmanı ilə reallaşır. “Mütləq olmalıdır” belə bir qayda yoxdur deyə, təəssüf ki, bununla bağlı ilin əvvəlində bir qərar görmədik.

Yalnız təqaüdlərlə bağlı qərarın şahidi olduq. Təbii ki, bu da vətəndaşların gözləntilərinə cavab vermədi. Çünki vətəndaşlarda belə bir gözlənti formalaşmışdı ki, ilin əvvəlində maaşların artımında da irəiləyiş əldə olunacaq. Mənə elə gəlir ki, may və iyun aylarında büdcəyə yenidən baxılarsa, bu məsələyə qayıtmaq mümkündür. Düşünürəm ki, böyük ehtimalla olacaq. 

Çünki büdcədə profisit də nəzərdə tutulub. Ancaq burada öncədən bir məsələni də həll etmək lazımdır. Bizdə minimum əməkhaqqı sosial müdafiə ödənişləri ilə bağlıdır. Minimum əməkhaqqı artan kimi avtomatik olaraq ödənişlər də artır.

Fikrimcə, minimum əməkhaqqı ilə bağlı qərar verilməmişdən öncə bu bağlantı qanunvericilikdən çıxarılsa yaxşı olar. Çünki minimum əməkhaqqı artırılarkən müəyyən şəxslətə müsbət təsir etsə də, 700-800 minə yaxın VÖEN-lə işləyənlər var ki, onların avtomatik olaraq vergiləri artır və onlarda ciddi narazılıq yaradır.

Yəni DSMF ödənişlər artır. Parlament öncə bu bağlantını qanunvericilikdən çıxarıb, sonradan minimum əməkhaqqını artırmaqla bağlı hökumətin, yaxud Prezidentin qərarı olsa bu, daha məqəsəduyğun olar və VÖEN-lə çalışanları da razı salar”.

Nigar Abdullayev
"Cebhe.info"