İnternetdə satılan qida: Həyatımızla belə oynayırlar
Son dövrlər sosial şəbəkələrdə “hazır dietik qidalar” adı altında müxtəlif məhsulların satışı sürətlə genişlənir.
Xüsusilə havaların isinməsi ilə insanlar daha yüngül və sağlam qidalanmaya üstünlük verdiyi üçün bu tip məhsullara maraq da artıb. Bu məhsulların sosial şəbəkələrdə geniş reklam olunması isə istehlakçıların seçim imkanlarını artırsa da, eyni zamanda onların etibarlılığı ilə bağlı şübhələr də yaradır.
Rəsmi nəzarətdən kənar şəkildə hazırlanan və sosial şəbəkələr vasitəsilə satılan qidaların tərkibi, saxlanma şəraiti və gigiyenik standartlara uyğunluğu barədə çox zaman dəqiq və şəffaf məlumat olmur. Bu isə istehlakçıların aldadılma və ya sağlamlıq riski ilə üzləşmə ehtimalını artırır.
“Sağlam qida” adı ilə təqdim edilən bəzi məhsulların həqiqətən dietik və təhlükəsiz olub-olmaması isə müzakirə mövzusuna çevrilib.
Bəs sosial şəbəkələrdə geniş yayılan“hazır dietik qidalar” nə dərəcədə təhlükəsizdir?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, sosial şəbəkələr vasitəsilə satılan hazır dietik qidaların hamısını təhlükəli hesab etmək düzgün deyil:

"Bu məhsullar arasında keyfiyyətli və məsuliyyətli şəkildə hazırlananlar olduğu kimi, qida təhlükəsizliyi qaydalarına əməl edilmədən istehsal olunarlar da var. Problem ondadır ki, istehlakçı çox vaxt məhsulun hansı şəraitdə hazırlandığını, istifadə olunan xammalın keyfiyyətini və saxlanma şərtlərini yoxlaya bilmir. Xüsusilə yay aylarında risk daha da artır.
Tərkibində ət, toyuq, balıq, yumurta, süd məhsulları, souslar və ya təzə doğranmış tərəvəzlər olan hazır qidalar uyğun temperaturda saxlanmadıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Nəticədə qida zəhərlənmələri baş verə bilər".
Onun sözlərinə görə, digər vacib məqam isə “dietik”, “fitnes” və ya “sağlam qida” adı altında təqdim olunan məhsulların həqiqətən sağlam olması ilə bağlıdır:
"Bəzi hallarda bu məhsullarda yüksək miqdarda şəkər, duz, yağ və ya müxtəlif əlavələr ola bilər. Buna görə də məhsulun adından daha çox onun tərkibinə diqqət yetirmək vacibdir.
İstehlakçılar məhsulu sifariş etməzdən əvvəl istehsalçı haqqında məlumat toplamalı, hazırlıq və çatdırılma şəraiti ilə maraqlanmalı, tərkib və son istifadə tarixi barədə məlumat tələb etməlidirlər. Şəffaf məlumat təqdim etməyən və gigiyenik şəraitlə bağlı suallar doğuran satıcılardan isə uzaq durmaq tövsiyə olunur".
Ekspert qeyd edib ki, sosial şəbəkələrdə satılan hazır qidaların təhlükəsizliyi onların “dietik” və ya “sağlam” kimi təqdim olunmasında deyil:
"Bu, əsasən istehsal, saxlanma və daşınma proseslərində qida təhlükəsizliyi qaydalarına nə dərəcədə əməl edilməsindən asılıdır. İstehlakçılar bu məhsulları seçərkən diqqətli olmalı və yalnız etibarlı mənbələrə üstünlük verməlidirlər".
Gülər Həsənli
"Cebheinfo.az"

