Azərbaycanda pul-kredit əməliyyatları "yaşıllaşdırılacaq"
Azərbaycan Mərkəzi Bankı (AMB) pul-kredit əməliyyatlarının "yaşıllaşdırılması" istiqamətində işlər aparır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum ESG elementlərinin inteqrasiyası daxil olmaqla bir sıra istiqamətlərdə hökumətlə sıx əməkdaşlıq edirik: "Lakin ənənəvi maliyyə risklərindən fərqli olaraq, ESG riskləri transmilli və sistem xarakterlidir, onları milli sərhədlər daxilində məhdudlaşdırmaq daha çətindir. ESG riskləri xarici təsirlər (eksternalilər), yəni üçüncü tərəflərin daşıdığı xərclər və ya təsirlər yaradır. Məsələn, Avropadakı bir şirkət Afrikadakı xammaldan və ya Asiyadakı istehsal zəncirindən asılı ola bilər. Bu zəncirin hər hansı bir mərhələsində baş verən pozuntu bütün sistemə təsir göstərir. Buna görə də dayanıqlı gələcəyin formalaşdırılması üçün daha geniş və koordinasiyalı beynəlxalq səylərə ehtiyac var".
"Bu çərçivədə biz "International Finance Corporation", "Sustainable Banking and Finance Network", "United Nations Development Programme", "UNEP Finance Initiative", "Climate Bonds Initiative" və digər tərəfdaşlarla birlikdə "Dayanıqlı Maliyyə Taksonomiyalarının Qarşılıqlı Əlaqəsinin və Müqayisəliliyinin Təkmilləşdirilməsi üzrə Yol Xəritəsi" adlı layihəyə start vermişik. Bu təşəbbüs "yaşıl maliyyə" sahəsində mövcud olan əsas problemlərdən biri - fraqmentasiya (pərakəndəlik) problemini həll etməyə yönəlmiş, könüllü və çox tərəfdaşlı platformadır. Taksonomiyalar eyni dildə formalaşmadıqda, kapital axınları qeyri-müəyyənlik və əlavə "sürtünmə" səbəbindən ləngiyir. Taksonomiyalar arasında qarşılıqlı uyğunluğun və müqayisəliliyin artırılması isə özəl kapital axınlarını stimullaşdırmağa və daha az karbonlu qlobal iqtisadiyyata ədalətli və inklüziv keçidi dəstəkləməyə xidmət edir. Bu yanaşma həm də yalnız taksonomiyaların deyil, eyni zamanda onların uyğunluğunun yoxlanılması və təminatı üçün güclü mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur", - deyə AMB rəsmisi əlavə edib.
"Cebheinfo.az"

