Zəlzələdə ölənlərin sayı ARTDI
Filippinin cənubundakı Mindanao bölgəsində iyunun 8-də baş verən 7,8 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 68-ə, yaralananların sayı isə 1339-a yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, Filippinin yerli yayım şəbəkəsi GMA News-un məlumatına görə, rəsmilər ötən həftə Mindanaoda baş verən zəlzələnin nəticələri ilə bağlı açıqlama veriblər. Məlumata əsasən, təbii fəlakət nəticəsində 68 nəfər ölüb, 1339 nəfər yaralanıb.
Bundan əlavə, 33 nəfərin taleyi ilə bağlı hələ də məlumat yoxdur. Rəsmilər bildiriblər ki, zəlzələdən ümumilikdə 1,3 milyon insan zərər çəkib. Bölgədə 12 mindən çox ev tamamilə dağılıb, 55 mindən çox yaşayış məntəqəsinə isə ziyan dəyib. ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) iyunun 8-də Mindanaoda 7,8 bal gücündə zəlzələ qeydə alındığını və yeraltı təkanların 55,2 kilometr dərinlikdə baş verdiyini açıqlamışdı.
Qeyd edək ki, Filippin “Sakit okean odlu qövsü” adlandırılan seysmik və vulkanik zonada yerləşdiyi üçün ölkədə tez-tez güclü zəlzələlər baş verir.
Nigar Hacılı
"Cebheinfo.az"

