“Uşaq Tanrısı”: Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə nazirini bir də belə tanıyaq

1930-cu illərin Bakı qəzetlərindən biri yazırdı:
“Tramvay dayanacaqlarının birində yaşlı, alçaqboylu, mehriban sifətli və ağıllı baxışlara malik, dairəvi eynəkli bir kişi vaqona daxil olur. Qucağında arıq bir qızcığaz tutan yaşlı müsəlman fəhlə onu görən kimi gülümsəyir, ehtiramla ayağa qalxır və yanında oturan tanışına heyrətlə deyir:
- Sən tanımadın? Bu, doktor Gindesdir, Uşaq Tanrısı!”
Əslən Kiyevdən olan Y. Gindes bir gün Bakının onun ikinci vətəninə çevirəcəyini yəqin ki, ağlına gətirməzdi.
"Azərbaycanlı olmayan azərbaycanlılar" rubrikasının budəfəki qəhrəmanı bakılı "doktor Aybolit", doğuşdan tanrı vergisi olan görkəmli pediatr ,yəhudi mənşəli azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə naziri vəzifəsini icra etmiş, həmçinin Milli Şuranın və daha sonra Parlamentin üzvü Yevsey Gindesdir.
Uşaqlar ona minnətdardır
Yevsey Gindes 1872-ci il oktyabrın 17-də Ukraynanın Kiyev şəhərində anadan olub. 1897-ci ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirərək, professor Çernovun klinikasında işləyib. 8 il ərzində uşaq infeksiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda, Kiyev Bakteriologiya İnstitutunda elmi araşdırmalar apararaq uşaq xəstəlikləri mövzusunda yeddi elmi məqalə dərc etdirib.
1905-ci ildə Bakı neftçilərinin qurultayında keçirilən ümumrusiya müsabiqəsinin nəticələrinə əsasən, o, Bakıda yerləşən Qafqaz zavod xəstəxanasının rəhbəri vəzifəsinə seçilib. Həmin dövrdə rəhbərlik etdiyi müəssisə Bakının məşhur "Qara şəhər" xəstəxanası idi. 1907-ci ildə Gindes aztəminatlı ailələrin uşaqları üçün Bakıda ilk uşaq bağçasını və 150 çarpayılıq körpələr evini təsis edir. Bununla yanaşı, o, Ümumrusiya Vərəmə qarşı Mübarizə Liqasının Azərbaycan şöbəsini, Uşaq Hüquqlarının Müdafiəsi Liqasını və bir sıra digər ictimai təşkilatları da yaradıb. Həmin ildə Gindesin hazırladığı “Uşaq ölümü və meteoroloji göstəricilər” adlı cədvəllər xüsusi medal və fəxri fərmanla mükafatlandırıldı. Elə həmin vaxtlardan etibarən Bakının müxtəlif yerlərində və fəhlə qəsəbələrində “Süd damcısı” adlanan pulsuz tibbi məsləhət məntəqələri təşkil etməyə başladı.
Bu məntəqələrin məqsədi aztəminatlı ailələrin uşaqlarına tibbi yardım göstərmək, onlara düzgün qidalanma və sağlam böyümə üçün dəstək vermək idi. Sonralar bütün bu məntəqələr və müalicəxanalar Gindesin təşəbbüsü ilə Bakıda yaradılan Uşaq Ölümünə qarşı Mübarizə Cəmiyyətində birləşdirildi. Cəmiyyətin əsas mərkəzlərindən biri olan “Süd damcısı” müalicəxanası Bakının ovaxtkı Kamenistaya, indiki Bülbül (B. Səfəroğlu) küçəsində yerləşirdi. Hər səhər buraya gələn valideynlərə həkim resepti ilə süd, qatıq, kefir və digər faydalı məhsullar paylanırdı. Bu müalicəxanada süd terapiyası əsas müalicə üsulu kimi tətbiq olunurdu. Bu mətbəxin Bayıl və Sabunçu qəsəbələrində də filialları fəaliyyət göstərirdi. Mətbəxdə hazırlanmış pəhriz qidaları şəhərdəki bütün pulsuz uşaq poliklinikalarına göndərilirdi. Süd məhsullarının qiyməti bazarla müqayisədə 2-3 dəfə ucuz idi, ehtiyacı olanlara isə tamamilə pulsuz verilirdi.
Eyni zamanda, kasıb ailələrin uşaqları üçün tibbi qəbullar da ödənişsiz idi. 1911-ci ildə Gindes fəhlə ailələrinin uşaqları üçün Zaqulbada sümük-vərəm sanatoriyası açır. Lakin 1913-cü ildə gözlənilməz bir hadisə baş verir: Bakı Neft Sənayeçiləri Şurasının qərarı ilə "Qara şəhər" xəstəxanasındakı vəzifəsindən azad edilir.
“Yoxsullar üçün” möhürü erməniləri niyə qəzəbləndirirdi?
Neft maqnatlarının Şurasında xüsusən də Qukasov, Taqiyanosov kimi erməni əsilli nümayəndələr uşaqlara pulsuz yardım göstərən, şöhrəti gündən-günə artan, həkimliyə bir missiya kimi yanaşan Gindesin fəaliyyətini birmənalı qarşılamırlar. O, bəzən nəinki uşaqlardan müayinə üçün pul almır, hətta ehtiyaclı ailələrin övladlarına öz cibindən qida və dərman xərci ödəyirdi. Aptek işçiləri onun kasıb uşaqlar üçün imzaladığı “Yoxsullar üçün” möhürünü tanıyırdılar.
Gindes hətta Sovet dövründə belə, bu xeyirxahlığından vaz keçmir. 1913-cü ildə qəfil qərarla Gindes "Qara şəhər" xəstəxanasındakı vəzifəsindən azad edilir. Bu xəbər Bakı ictimaiyyətində sanki bomba kimi partlayır. Qəzəblə dolu qəzet məqalələri, etiraz məktubları yazılır, narazı həmkarlar və çarəsiz valideynlər bir ağızdan etiraz edirlər. İnsanlar deyirdilər:
“Gindes nəfəsi ilə şəfa verir! Onun müalicə etdiyi uşaqlar nadir hallarda həyatını itirir. Uşaqlar ona qarşı səmimi sevgi bəsləyirdi, çünki o, hər bir körpə ilə dil tapmağı bacarırdı”.
O dövrün qəzeti “Saday Haqq” yazırdı: “Belə bir müdrik və xeyirxah insanı vəzifədən uzaqlaşdırmaqla Şura göstərir ki, Gindesin açdığı xəstəxanalar, məktəblər və digər xeyriyyə müəssisələri xalq üçün deyil, yalnız bəzi nüfuzlu şəxslərin ambisiyası üçün lazım imiş”. Cəmiyyətin bu reaksiyasından cəmi bir neçə gün sonra Bakı ziyalıları və şəhərin aparıcı həkimləri bir araya gələrək “Uşaq Xəstəxanası Cəmiyyəti”ni yaratdılar. Bu cəmiyyətin rəhbəri yenidən Gindes olur. Onun ətrafında toplanan insanlar- fəhlələr, məmurlar, şəhər sakinləri könüllü ianələr verdi.
Hətta bu məqsədlə xüsusi marka buraxılır və toplanan vəsaitlə "Şamaxinka"da uşaq xəstəxanasının təməli qoyulur. Bu xəstəxana daha sonra Pedatriya İnstitutuna, ardından isə Ana və Uşaq Sağlamlığı İnstitutuna çevrilir. Həmin dövrdə Gindes həm də Bakıda "Uşaq Həkimləri Cəmiyyəti"ni yaradır və bu quruma rəhbərlik edir. Cəmiyyət sonradan BDU-nun tabeliyinə verilsə də, onun təməlində Gindesin əməyi və fədakarlığı dururdu.
Xalq Cümhuriyyətinin xalqı sevən daha bir naziri
Doktor Yevsey Gindes Bakının iqlimi və sosial şəraiti ilə yaxından tanış idi. O, uşaqlar arasında rast gəlinən xəstəliklərin formasını və xüsusiyyətlərini dərindən öyrənmişdi. 1906-cı ildə şəhərdə ilk dəfə məktəblilər üçün yay düşərgələri təşkil edir və işləyənlərin uşaqlar üçün körpələr evi açır. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Gindes ölkədə səhiyyə sisteminin qurulmasında fəal iştirak edir. 26 dekabr 1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi üçüncü hökumət kabinetində Gindes səhiyyə və sosial təminat naziri təyin olunur. Bu səhifə sonralar represiya dövründə onun üçün təhlükə yaradacağından, Sovet dövründə Xalq Cümhuriyyəti ilə bağlı keçmişini gizlətməyə məcbur qalır.
Lakin Bakıda qazandığı nüfuz, uşaqlara verdiyi şəfa və cəmiyyətin ona duyduğu böyük hörmət sayəsində Gindes repressiyalardan qorunur. 26 dekabr 1918-ci ildən 14 mart 1919-cu ilədək Yevsey Gindes Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri vəzifəsini şərəflə icra edir. Bu vəzifəyə üzv olduğu “Slavyan-Rus Cəmiyyəti” tərəfindən irəli sürülür. Nazir kimi fəaliyyəti zamanı doktor Gindes ölkədə bir neçə pulsuz xəstəxana açmağa nail olur. Bu xəstəxanalarda əsas diqqət uşaqların müayinəsi və müalicəsinə yönəldilir. Yardıma ehtiyacı olan uşaqlar bu tibb müəssisələrində müayinədən keçirilir, ağır vəziyyətdə olanlar müalicə üçün yerləşdirilir, sağalanlar isə ailələrinə qaytarılır və onlara dəstək göstərilməyə davam olunurdu.
Beləliklə, uşaqlar həm tibbi yardım alır, həm də ailə mühitindən ayrılmadan həyatlarına davam edirdilər. 1918-ci ilin sentyabrında Bakı uğrunda gedən döyüşlər zamanı daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi qanlı qırğınlar bir çox uşağı valideynsiz qoyur. Bu uşaqların taleyi Gindesi dərindən sarsıdır. Onlara yardım göstərmək məqsədilə yaradılan xüsusi büroya Gindes rəhbər təyin olunur. Büronun sədr müavini isə Liza Muxtarova idi. Bu qurum Səhiyyə və Sosial Rifah Nazirliyinin təşəbbüsü ilə 1918-ci ilin sentyabrında yaradılmışdı. Bakıda demək olar ki, o dövrdə hər uşaq bir şəkildə bu faciədən zərər görmüşdü. Gindes bu ağır məsuliyyəti tam mənası ilə üzərinə götürür. Onun təşəbbüsü ilə beş uşaq evi fəaliyyətə başlayır və minə yaxın uşaq yerləşdirilir. Bu sığınacaqlarda uşaqlara sevgi, diqqət və yeni gələcəyə ümid aşılanırdı.
Gindesin Bakıdakı izləri
1918-ci ilin əvvəlində Yevsey Gindes Bayıl qəsəbəsində Uşaq Xəstəxanası təsis edir və 1922-ci ilə qədər həmin xəstəxananın rəhbəri olur. Bu xəstəxana ağır sosial şəraitdə yaşayan uşaqlar üçün böyük bir ümid yeri idi. Yayda isə Gindesin təşəbbüsü ilə yaradılmış "Uşaqlara Yardım Bürosu" çox maraqlı və faydalı bir layihəyə imza atır: “Nina” adlı barja icarəyə götürülür və o, dənizdə səyyar yay koloniyasına çevrilir. Həmçinin, vərəm xəstəliyindən əziyyət çəkən 130 uşağın yay mövsümündə sağlamlıqlarını bərpa etmələri üçün xüsusi şərait yaradılır. Doktor Gindes "Uşaqları Müdafiə Liqası"nın da rəhbəri idi. Onun müavini vəzifəsinə Eynulhayat Yusifbəyli təyin olunmuşdu. Bu Liqa yetim və 17 yaşına qədər olan yeniyetmələrin cinayət mühitindən uzaqlaşdırılması, tərbiyə edilməsi və cəmiyyət üçün faydalı fərdlərə çevrilməsi istiqamətində mühüm işlər görürdü.
Gindesin uşaqlarla bağlı fəaliyyəti yalnız praktiki işlərlə məhdudlaşmırdı. O, Bakıda yoluxucu xəstəliklərə qarşı mübarizə və uşaqlara yardım mövzusunda tez-tez mətbuata yazılar göndərir, cəmiyyətdə maarifçilik işi aparırdı. XX əsrin əvvəllərində sənaye şəhəri olan Bakıda sosial-məişət vəziyyəti çox ağır idi. Kasıb ailələrin yaşadığı evlər nə sanitar, nə də gigiyenik baxımdan normal tələblərə cavab verirdi. Zirzəmiləri xatırladan, havasız və rütubətli bu yerlərdə yaşayan uşaqlar çətin iqlim, su qıtlığı və gigiyena çatışmazlığı səbəbindən yoluxucu və bağırsaq xəstəliklərinə tez-tez yoluxurdular. Bu vəziyyət Gindesi ciddi şəkildə narahat edirdi. Bu barədə o, "Kaspi" qəzetində geniş bir məqalə dərc etdirir. Həmin yazı bir növ ictimai çağırış da sayılırdı. Məqalədə yazırdı:
“Şəhərin uşaq xəstəxanasına mütləq ehtiyacı var və bu istiqamətdə artıq müəyyən tədbirlər görülüb. Təəssüf ki, son ayların qarışıq hadisələri bu işə mane oldu... Mən bu xəstəxananın təşkilini və real tibbi yardım göstərə biləcək səviyyəyə çatmasını dəstəkləyirəm. Məsələ ondadır ki, Bakıda mövcud olan uşaq evləri köhnə tipdədir, burada nə ilkin tibbi yardım, nə də normal şərait var. Uşaqlar burada böyümək üçün deyil, sanki ölmək üçün yaşayırlar. Uşaqlıq yaşında qəbul olunanların cəmi biri həyatda qala bilir... Uşaq ölümü burada dəhşətli həddə çatıb...”
Gindesin bu sözləri sadəcə narahatlıq deyil, həm də cəmiyyətə və hakimiyyətə ünvanlanan səmimi bir xəbərdarlıq idi. Sovet dövründə də Yevsey Gindes peşəsini eyni sədaqətlə davam etdirir. İşinə hər zaman dürüstlük və yüksək məsuliyyət hissi ilə yanaşan Gindes, 1922-ci ildən etibarən Şamaxinka adlanan ərazidə yerləşən uşaq xəstəxanasının baş həkimi olur. Bu xəstəxananın təşkilində onun böyük rolu vardı.
Dissertasiya müdafiə etmədən tibb elmləri doktoru və professor...
Gindesin elmi fəaliyyəti də çoxşaxəli idi. 150-dən artıq elmi əsərin müəllifi olan Gindes 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru və professor elmi adını alır. O, uzun illər Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq Xəstəlikləri kafedrasına rəhbərlik edir və pedaqoq kimi də yüzlərlə gənc həkimin yetişməsində rol oynamışdı. Əvəzsiz xidmətlərinə görə o, “Azərbaycan SSR-in Əməkdar həkimi” fəxri adına layiq görülür. Professor Gindes həyatının bütün dövrlərində – çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet rejimi illərində dəyişməyən bir amalın daşıyıcısı olur: uşaqlara xidmət, insan həyatına sayğı və Hippokrat andına sədaqət. Onun əməyi, sadəcə bir həkimin işgüzarlığı deyil, həm də böyük bir humanistin həyat fəlsəfəsi idi. Gindes respublikanın “Əməkdar həkimi”, “Əməkdar elm xadimi” kimi yüksək fəxri adlara layiq görülüb, bir çox medallarla təltif edilib. Hələ həyatda olarkən Zuğulbada sümük vərəmi xəstəliyinin müalicəsi üçün yaradılmış sanatoriya onun adı ilə adlandırılır. Bu gün də Yevsey Gindesin ömür yolu unudulmur. Azərbaycan Tibb Muzeyində onun həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar üç zalda nümayiş etdirilir. Hər vitrin, hər stend bu dəyərli insanın uşaqlar uğrunda keçdiyi yolu səssiz, amma təsirli şəkildə danışır.
Hələ 1932-ci ilin 4 noyabrında Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə professor Gindesə “Azərbaycan SSR-in Əmək Qəhrəmanı” fəxri adı verilib. Bu, sadəcə bir ad deyildi. Bu, ömrünü mərhəmətə, sevgiyə, dostluğa və humanizmə həsr etmiş bir insanın həyatının qiymətləndirilməsi idi. Həmin il o, Bakının şimal hissəsində yerləşən “Şamaxinka” xəstəxanasına direktor təyin olunmuş, burada ciddi inzibati islahatlar apararaq bu müəssisəni Pediatriya İnstitutuna çevirmişdi. Daha sonra bu institut Ana və Uşaq Sağlamlığının Mühafizəsi İnstitutu adını alır. Yevsey Gindes 1954-cü il sentyabrın 5-də Bakıda vəfat edir. Amma onun izləri bu gün də yaşayır. 1917-ci ildə Bakının Sabunçu rayonunda tikdirdiyi uşaq xəstəxanası bu gün onun adını daşıyır.
Yevsey Gindes yalnız öz dövrünün deyil, Azərbaycan səhiyyəsinin tarixində də unudulmaz iz qoymuş görkəmli bir şəxsiyyətdir. O, çar, Cümhuriyyət və Sovet dönəmlərində xalqına, xüsusilə uşaqlara sədaqətlə xidmət etmiş, Hippokrat andını ürəkdən yaşatmış nadir həkimlərdəndir. Gindesin insanlara sevgi, mərhəmət və fədakarlıq toxumları səpməsi əbədidir. Belə insanlar heç vaxt unudulmur.
Səbinə Uğur
"Cebheinfo.az"