“Borussiya Dortmund” Çempionlar Liqasında

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2024/2025-ci il mövsümünə yekun vurulub.
"Cebheinfo.az" xəbər verir ki, sonuncu tur çempionluğu əvvəlki turlarda təmin edən “Bavariya” və ikinci olan “Bayer Leverkuzen” üçün formal xarakter daşıyıb. Buna baxmayaraq, münxenlilər “Hoffenhaym”ı darmadağın ediblər – 4:0. “Bayer Leverkuzen” isə səfərdə “Maynts” ilə heç-heçə edib – 2:2.
Bu tur “Borussiya Dortmund” üçün xüsusilə vacib olub. Belə ki, dortmundlular UEFA Çempionlar Liqasına vəsiqəni təmin etmək üçün “Holstayn Kiel”ə qalib gəlməli, “Frayburq” isə üçüncü pillədə qərarlaşan “Ayntraxt Frankfurt” ilə görüşdə xal itirməli idi. “Frayburq”un öz meydanında 1:3 hesabı ilə uduzması “Holstayn Kiel” üzərində 3:0 hesablı qələbə qazanan dortmundluların sevincini ikiqat artırıb.
Sonuncu turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Leyptsiq” – “Ştutqart” – 2:3;
“Haydenhaym” – “Verder Bremen” – 1:4;
“Auqsburq” – “Union Berlin” – 1:2;
“Borussiya Mönxenqladbax” – “Volfsburq” – 0:1;
“St. Pauli” – “Boxum” – 0:2.
Beləliklə, “Bavariya” 82 xalla 34-cü dəfə Almaniya çempionu adını qazanıb. Komandanın təcrübəli futbolçusu Tomas Müller bu çempionluqla yeni rekorda imza atıb. O, Almaniya tarixində hamıdan çox – 13-cü dəfə Bundesliqanın qalibi adını qazanıb. Klubun ingiltərəli legioneri Harri Keyn 25 qolla çempionatın bombardiri olub.
Ötənilki çempion “Bayer Leverkuzen” 68 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 60 xalla “Ayntraxt Frankfurt” tamamlayıb.
Çempionatın ilk yarısında zəif çıxış edən, lakin bu ilin yanvarında yeni baş məşqçi Niko Kovaçın rəhbərliyi altında parlaq nəticələr göstərən “Borussiya Dortmund” sonuncu turda qələbə sayəsində dördüncü pilləyə yüksəlib. Komandanın aktivində 57 xal var. Ondan iki xal az toplayan “Frayburq” beşinci sırada yer alıb.
“Maynts” 52 xalla 6-cı, eyni – 51 xal toplayan “Leyptsiq” 7-ci, “Verder Bremen” 8-ci pillələrdə qərarlaşıb. Doqquzuncu sırada yer alan “Ştutqart”ın aktivində 50 xal var. Son yeddi oyunda aktivinə cəmi 2 xal yazdıran “Borussiya Mönxenqladbax” çempionatı 45 xalla 10-cu sırada tamamlayıb.
“Volfsburq” (43), “Auqsburq” (43), “Union Berlin” (40), “St. Pauli” (32) və “Hoffenhaym” (32) müvafiq olaraq 11-15-ci pillələrdə yer alıb.
Çempionatda 16-cı pillədə qərarlaşan “Haydenhaym” (29) Bundesliqada qalmaq üçün mübarizəni davam etdirəcək. “Holstayn Kiel” (25) və “Boxum” (25) isə Bundesliqa ilə vidalaşıb.
Yeni mövsüm üçün Bundesliqaya vəsiqəni “Hamburq”və “Köln” komandaları artıq təmin ediblər. Üçüncü vəsiqə uğrunda isə “Haydenhaym” öz rəqibini gözləyir.
"Cebheinfo.az"