ABŞ-də qeyri-adi layihə: Miqrantlar vətəndaşlıq üçün yarışacaqlar

ABŞ-də qeyri-adi layihə: Miqrantlar vətəndaşlıq üçün yarışacaqlar

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi miqrantların Amerika vətəndaşlığı uğrunda yarışacağı bir realiti-şou layihəsi üzərində işləyir.

"Cebheinfo.az" xəbər verir ki, bu ideya tanınmış prodüser Rob Vorsoffdan gəlib və layihəyə görə iştirakçılar ABŞ-nin müxtəlif ştatlarında təşkil olunacaq maraqlı və bir qədər də çətin tapşırıqları yerinə yetirərək vətəndaşlıq qazanmağa çalışacaqlar.

Vorsoffun ideyasına əsasən, miqrantlar Amerika mədəniyyəti və adət-ənənələrini əks etdirən yarışlarda güclərini sınayacaqlar. Məsələn, Texasda NASA raketi yığmaq kimi maraqlı və fərqli tapşırıqlar olacaq. Layihənin sonunda isə qalib gələn iştirakçı ABŞ vətəndaşı olaraq and içəcək.

“Biz amerikalı olmağın nə qədər qürurverici bir şey olduğunu göstərmək istəyirik. Həm də miqrantların gerçək hekayələrini dünyaya çatdırmaq niyyətindəyik”, - deyə Vorsoff bildirib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trişia MakLaflin isə layihəyə ehtiyatla, amma maraqla yanaşdıqlarını deyib:

“Amerikalı olmağın böyük bir ayrıcalıq olduğunu göstərən yenilikçi fikirlərə açığıq”.

Nazirlik bildirir ki, hər il yüzlərlə film və televiziya təklifi alırlar və bu realiti-şou layihəsi hələlik sadəcə ilkin müzakirə mərhələsindədir. Daxili Təhlükəsizlik naziri Kristi Noemə isə ideya hələ təqdim olunmayıb.

Səbinə Uğur
"Cebheinfo.az"