Trampın komandası Baydenin gizli səs yazısını yaymağa hazırlaşır

ABŞ Prezidenti Donald Trampın Administrasiyası sabiq dövlət başçısı Co Baydenin xüsusi prokuror Robert Her ilə apardığı söhbətlərin audioyazılarını ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" məlumat yayıb.
Audiofaylların artıq gələn həftə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiya bu materialların dərcini gələcək istintaqlara mənfi təsir göstərə biləcəyi ehtimalı ilə bloklamışdı.
Xatırladaq ki, 2023-cü ilin yanvarında Vaşinqtondakı Co Baydenlə əlaqəli analitik mərkəzdə məxfi sənədlər aşkarlanmış, daha sonra isə oxşar sənədlər onun Delaver ştatındakı Uilminqton şəhərində yerləşən şəxsi evində də tapılmışdı.
2024-cü ilin fevralında xüsusi prokuror Robert Her aparılan istintaqın nəticələrinə əsasən, məxfi sənədlərin qəsdən saxlanılmasına dair sübutlar olsa da, Baydenə qarşı ittiham irəli sürməmək qərarına gəlmişdi. O, hesabatında bildirmişdi ki, Bayden ifadə verərkən yaddaş problemləri nümayiş etdirib və öz bioqrafiyası ilə bağlı mühüm tarixləri xatırlaya bilməyib.
Digər tərəfdən, Tramp administrasiyası Baydenin 2025-ci ilin yanvarında avtopen vasitəsilə imzaladığı əfvlərin legitimliyini də mübahisələndirir. Tramp hesab edir ki, bu metodun tətbiqi sənədlərin hüquqi qüvvəsinə təsir göstərə və prezident səlahiyyətlərinin təyinatına dair hüquqi interpretasiyanı dəyişə bilər.
"Cebheinfo.az"