Qızı 16-17 yaşda ərə vermək: “Nə qədər tez ailə qursa...”

Son illər Azərbaycanda 16-17 yaşlı qızların ailə qurması halları artmaqdadır.
Erkən nikah halları xüsusilə regionlarda daha geniş yayılıb və cəmiyyətin müxtəlif təbəqələrində bu məsələyə yanaşmalar fərqlidir. Bir çox hallarda fiziki və davranış baxımından yetkin görünən yeniyetmə qızların ailə həyatı qurmağa hazır olduqları düşünülür. Bu yanaşmanın psixoloji cəhətdən nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq məqsədilə mövzu üzrə psixoloqun rəyinə müraciət etdik.
Münasibətlər üzrə mütəxəssis Elnarə Kərimova “Yeni Sabah”a açıqlamasında bu barədə danışıb.
Vurğulayıb ki, evlilik üçün ideal yaş həmişə mübahisəli mövzu olub:
“Müzakirələrin aparıldığı yerdən və müzakirəni aparan kontingentdən asılı olaraq, rəylər də dəyişir. Məsələn, əgər dini kəsim evlilik üçün ideal yaşın 18 olduğunu iddia edə bilirsə, tibbi kəsim bu yaşın oğlan və qızlar üçün fərqli olduğu, müvafiq olaraq 24-27 olduğu fikrində daha çox həmrəydir. Ona görə də bu istiqamətdə elmi-tibbi araşdırmalar çoxşaxəlidir və ölkələr üzrə də dəyişir.
Məsələn, Avropada 18 yaşlı qızların evliliyi az qala sensasiya kimi görünürsə, Azərbaycan cəmiyyəti üçün o qədər də qorxulu görünmür. Amma onu da qeyd etmək lazımdır ki, bəzi ailələrdə hələ də qızların 17-18 yaşda ailə həyatı qurmasına normal baxış var və bunun səbəbləri də müxtəlifdir. Əgər əvvəllər bu səbəblər arasında sosial-iqtisadi problemlər ön plana çıxırdısa, son illər fərqli səbəblərin şahidi oluruq.
İndi bu düşüncəni bölüşən ailələr daha çox gənclərə nəzarətin çətin olduğunu, sosial şəbəkələrin həyata nüfuz etməsi səbəbindən davranışların, düşüncələrin dəyişdiyini, bir sözlə, “nə qədər tez ailə qursa, söz-söhbət də az olar, qoy gedib evini-ailəsini bilsin” fikrini bölüşürlər. Yəni maddi durum arxa plana düşüb. Bunun bir səbəbi də təbii ki, ailədə uşaq sayının az olmasıdır. Altı uşağın böyüdüyü ailə ilə iki uşağın böyüdüyü ailənin üzləşdiyi çətinliklər eyni deyil”.
E.Kərimova qızların yetkinlik yaşının 22-23 yaş olduğunu bildirib:
“Qızların fiziki-psixoloi yetkinliyinə gəlincə, bu, istisna kimi fərqi olaraq dəyişə bilir, amma ümumi nəticələrə görə, qızların yetkinliyə çatması üçün azı 22-23 yaşının olmasının mütləq olduğunu qeyd edən mütəxəssislər var. Oğlanlarda isə bu yaş daha artıqdır. Ona görə də bəzən deyirik ki, qadınların 25 yaşda düşündüyünü kişilər 30 yaşda düşünmürlər.
Mən deməzdim ki, qızlar daha erkən yaşlarda yetkinləşirlər, mən deyərdim ki, qızlar daha erkən yaşlarda özlərini yetkin kimi aparmağa çalışırlar. Cəmiyyətdə gördükləri, sosial şəbəkələrdə izlədikləri onlara birbaşa təsir göstərir. Əgər bir mühitdə 5 nəfər kitab oxuyursa və yaxud hansısa romanı müzakirə edirsə, 6-cı adam ya müzakirəyə qatılacaq, ya da susacaq.
Amma əgər bir yerdə 5 nəfər hansısa müğənninin yarım saatlıq toydan neçə qazanmasından, kimin neçə dəfə ailə qurmasından, kimin övladının atasının kim olmasından danışırsa, o ortamdakı altıncı kitab oxuyan adam özünü ya tam yad hiss edəcək, ya da onlara uyğunlaşmağa çalışacaq. İndi ortaya çıxan problemlərin əksəriyyətinin də həlli həmin 6-cı adamların hansı qərarı verməsindən asılıdır.
Təəssüf ki, xüsusilə televiziya məkanında cəmiyyətə təqdim edilənlər heç də nümunəvi davranışlar üçün əsas yaradacaq potensialda deyil. Ona görə də biz bu gün gənclərimzin elmdə, texnikada, ədəbiyyatda hansısa yenilikər etməsindən yox, erkən nikahın fəsadlarından danışırıq”.
"Cebheinfo.az"